Milli Televiziya və Radio Şurası (MTRŞ) bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmaması ilə bağlı iddialara münasibət bildirib.
Publika.az-ın məlumatına görə, MTRŞ-nin Texniki
nəzarət şöbəsinin müdiri İsa Məmmədov APA-ya bildirib ki, televiziya yayımçıları
audio və video siqnalı formalaşdıraraq "Teleradio" İstehsalat
Birliyinə ötürür, digər əməliyyatlar isə "Teleradio" İstehsalat
Birliyində həyata keçirilir.
O qeyd edib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində bütün
ümumölkə televiziya yayımçıları 2 paketdə yayımlanır: "İki ildən
artıqdır ki, Azərbaycan əhalisinin 99 faizini əhatə etmək şərti ilə
bütün ölkədə rəqəmli TV yayımı analoq TV yayımı ilə paralel
aparılır. Ona görə burada hər hansı bir televiziya yayımçısının
rəqəmli yayıma keçidə hazır olub-olmamağından söhbət gedə bilməz.
"Teleradio" İstehsalat Birliyində ayrıca televiziya yayımçısı üçün
yox, paketdə olan bütün televiziya yayımçılarından daxil olan
siqnallar üçün MPEG-4 standartı üzrə analoq-rəqəm çevrilməsi yerinə
yetirilir. Ona görə də ayrılıqda hansısa telekanalın rəqəmli yayıma
keçidə hazır olub-olmamasından söhbət gedə bilməz".
Qeyd edək ki, bəzi telekanalların rəqəmli yayıma keçidə hazır
olmadığı haqda məlumat yayımlanıb.
Xatırladaq ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan
ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il
tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV
proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il
tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV
proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T
standartına uyğun olan dekoderlərin ("Set-Top-Box") istifadəsi ilə
bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio
yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan
Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına
uyğun olan dekoderlərin ("Set-Top-Box") satışının təşkilinin təmin
edilməsi tövsiyə edilib.