Azərbaycanlı general: "Ermənilər bir az da dərinə getsələr..."

Azərbaycanlı general: "Ermənilər bir az da dərinə getsələr..."
07:17 13 Oktyabr 2016
800 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, son günlər cəbhə xəttində atəşkəs hallarının pozulması halları mütəmadi olaraq artıb. Ermənistanın hərbi-siyasi rejimi cəbhədə gərginliyi artırmaqla öz xalqına nəyisə göstərmək, bununla əlavə xal qazanmaq istəyir. Amma onlar dərk eləmirlər ki, əgər bir az da dərinə getsələr, Azərbaycan Ordusu ali baş komandanın əmri ilə düşməni tam məhv edəcək və apreldə olduğundan da fəlakətli məğlubiyyətlərə düçar olacaqlar.

Bunu Milli.Az-a hərbi ekspert, keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Generalın fikrincə, Ermənistanda Prezident Aparatının rəhbəri Viqen Sarkisyanın Seyran Ohanyanın yerinə müdafiə naziri təyin olunması hərbidən çox, siyasi məqsəd daşıyır:

"Ermənistanda və erməni ordusunda anarxiya başlanıb. Bilirsiz ki, aprel əməliyyatlarından sonra ordunun maddi-texniki, tibb, kəşfiyyat və digər məsələlərə məsul şəxsləri vəzifələrindən azad edildilər. İndi onlar istəyirlər ki, öz ordularına nəzarəti gücləndirsinlər, oğurluqların qarşısını alsınlar. Viqen Sarkisyanın müdafiə naziri təyin olunması da bir siyasi addımdır və erməni xalqını sakitləşdirmək məqsədilə atılıb".

Y.Aydəmirov qeyd edib ki, erməni tərəfi özündən çox, himayədarlarına arxayındır. Amma yaxşı düşünsələr, bilərlər ki, bu arxayınlıq onlara baha başa gələ bilər. Çünki axırda özləri qabağa verilmiş "qurbanlıq qoyun" olacaqlar.

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, cəbhədə tam üstünlük Azərbaycanın tərəfindədir: "Bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik".

Dövlət başçısı həmçinin Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəblərini də açıqlayıb: "Aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa, öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/477350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR