FİFA rəhbərliyi öz adını dəyişdirmə və mənzil-qərargahını İsveçrədən köçürmə variantını müzakirə edib.
Bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino CNN-ə
müsahibəsində bildirib.
Lakin o, yekunda bu variantın istisna edildiyini vurğulayıb.
"Elə qüvvələr var ki, görünür, dəyişikliklərin baş verməsini
istəmirlər. Mənim üçün onların kimliyinin fərqi yoxdur. Biz
islahatlar aparmışıq, işimizi daha şəffaf edirik. Yaxşı idarəetmə
sistemi ilə irəliyə hərəkət edirik", - deyə isveçrəli funksioner
bildirib.
C.İnfantino FİFA-nın belə hallardan uzaqlaşmağa çalışdığını
vurğulayıb: "Keçmişdə olanlar keçmişdə qalmalıdır. Biz həmin
səhifəni çevirmişik. Hazırda tam fərqli şəraitdə şəffaf, açıq-aşkar
qaydada müxtəlif funksiyaları yerinə yetirən digər insanlarla
çalışırıq. Biz buna gələcəkdə də sadiq qalacağıq".
Qeyd edək ki, Canni İnfantino FİFA-ya bu il fevralın 26-dan
rəhbərlik edir. (Report.az)