“Meyiti çevirəndə qumbara açıldı...” – Bozqurdların döyüş xatirələrini Murad Köhnəqala yazır

“Meyiti çevirəndə qumbara açıldı...” – Bozqurdların döyüş xatirələrini Murad Köhnəqala yazır
10:54 13 Oktyabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

 

Ötən yazıların birində Tovuzun “Bozqurd”larından biri - “Nemes” Ələddin haqda yazmışdım. “Nemes” bizi döyüşçü yoldaşları ilə tanış etməyə söz vermişdi. Bu dəfə o, öz evində bizi Bozqurd Xaliq və Bozqurd Çingizlə görüşdürdü. Uzun, od-alovlu söhbətin bəzi məqamlarını oxucularımıza çatdırmaq istəyirəm.
 

Nemes:
 

- Bax, Murad, bu qardaşlarla birlikdə 1988-dən 1995-ci ilədək bütün müharibə boyu ölümlə gizlənqaç oynamışıq. Evimizdə yatmadıq, qucağımızda silah qarlı dağlarda süründük, düşmənlə əlbəyaxa olduq, döyüşçü dostlarımızı itirdik, qan tökdük, torpaq qoruduq. Özü də təkcə Tovuzda yox, lazım olan kimi Qazax, Ağstafa, Goranboy, Kəlbəcər, Ağdam, Ağdərədə də peyda olurduq. Mən ağır silahlarla və tankla arxadan qorumuşam, qarşındakı bu bozqurdlar isə qorxmadan erməninin içinə girən partizanlardandır.


Çingiz:
 

- Qardaş, 1988-ci ildən ta 1995-ci ilə qədər gecəmiz-gündüzümüz olmayıb, ailə üzü görməmişik. Mənim boynuma elə erməni tutub gətirmək düşmüşdü. Üstümüzə hər yerdən yüyürüb gəlirdilər ki, dəyişməyə erməni lazımdı. Bir gün Ağstafanın Kotanlı dağından altı nəfər azərbaycanlını erməni aparmışdı. Mənə dedilər, bunları dəyişmək üçün ya ölü, ya diri erməni lazımdı. Yanıma bir-iki uşaq alıb, girdim Berd rayonunun Musas kəndinə. On-on beş ermənini qabağımıza qatıb gətirdik və qazaxlı Muradov Alikə təhvil verdik.


Nemes:
 

- Mənim işim əməliyyata gedənləri arxa cinahdan qorumaq idi. Bunlar geri qayıdana qədər həyəcandan ürəyimi yeyirdim.


Çingiz:
 

- Salatın Əsgərova qətlə yetiriləndə onun videolentinə baxdıq. Beynimiz qızdı, biz də Ermənistanın Şəmsəddin (Berd) rayonunun Musas kəndində erməni ordusuna qarşı əməliyyat keçirib, öcümüzü aldıq və geri qayıtdıq.

Vay-şüvən kəndi başına götürmüşdü. Sağ-salamat qayıtdığımıza görə kənddə biri-birimizi qucaqlayırdıq.
 

Xaliq:
 

- Yadımdadı, onda sən, mən, Etibar, Elçin  çaydan girdik. O vaxtlar istənilən erməni bizim torpağımızı əlimizdən almağa hazır idi.
 

Nemes:
 

- Yadındadımı, Hacıalılı kəndindən bir uşağı erməni aparmışdı...


Xaliq:
 

- Hə, onda Cəfərlidən İcevan dərəsinə girdik. Bax o əməliyyatda həmin bu Çingiz Bəşiroğlu, Paşaoğlu Kamal, Heydəroğlu Elçin, Qazaxlı Aliklə bir yerdə idik. Axşamçağı camaatın işdən qayıdan vaxtı idi. Mən, Etibar və Kamal erməni postunun arxasından keçib yola çıxdıq. Biz mənim idarə etdiyim Gürcüstan nişanlı “Jiquli”də idik, Çingiz isə bizdən 30-40 metr irəlidə piyada gedirdi. Yolda məqam gözləmək üçün maşını saxlayıb “kapot”u qaldırdım, guya  nasazlıq var. Bir də gördük, bu Çingiz qarşıdan gələn fəhlə avtobusunu dayandırıb. Bizə girov götürülmüş həmyerlimizlə dəyişmək üçün bir neçə erməni lazım idi. Bir avtobus adam isə bu iş üçün həddən çox idi. Bu zaman arxadan bir bənövşəyi rəngli “Jiquli”nin gəldiyini gördük. Avtobusu sərbəst buraxdıq və gələn “Jiquli”ni dayandırdıq. “Jiquli”nin içərisindəki iki erməni kişisini maşınımıza basıb kəndə gətirdik.


Çingiz:
 

- Erməniləri hələlik bizim evdə saxlamağı planlaşdırdıq. Mənim evimə yaxınlaşanda nisbətən yaşlı erməni öz dilində (mən ermənicə yaxşı bilirəm) soruşdu:
 

- Ara, bu ki Bəşir kişinin evidi!


Mən ermənicə ondan soruşdum ki, atamı haradan tanıyırsan? Cavab verdi ki, bəs mən sənin atanla yaxın dostam. Doğrudan da həyətə girəndə kişi yüyürüb atamla qucaqlaşıb öpüşdü. Bütün bunlara baxmayaraq müharibə - müharibə idi. Sonradan biz bu adamları sağ-salamat halda öz girovlarımızla dəyişdik.

(Onları dinlədikcə düşünürdüm, gör, bu igidlər nə qədər əsirlərimizin həyatını  ermənilərdən xilas ediblər.)
 

Xaliq:
 

- Bizim öz döyüşçü ədəbimiz var, heç vaxt silahsız girova əl qaldırmamışıq. Başımıza nələr gəlməyib, haralarda olmamışıq ki?! Bir-iki kəlmə Surətin qiyamından danışım. Dedilər, Surətin dəstəsi Tovuzun üstündən Qazaxa keçmək istəyir. Mən dərhal bütün Tovuz döyüşçüləri adından Gəncəyə, Surətlə görüşməyə getdim. Gəncə İcra Hakimiyyəti bundan ötrü mənə xüsusi maşın ayırdı. Dedilər, Surət parkın yanındakı “Ağ ev”də oturur. Getdim, onunla görüşdüm.
Qısası, dedim ki, birincisi, silahımız öz insanlarımıza tuşlanmamalıdır. İkincisi də, sənin adamların Tovuz ərazisindən keçib Qazaxa gedə bilməz. Çox vacibdirsə, Kürqırağı, Ceyrançölü ilə gedin. Onlar da mənə şərt qoydular ki, onda gərək Tovuz icra hakimiyyətindəki məsul işçiləri gətirib bizə təhvil verəsiniz. Dedim, elə şey ola bilməz! Birincisi, icra başçısı bizə həmişə dayaq olub, döyüşçülərimizi silah-sursatla təmin edib, ikincisi də dövlət adamını qiyamçıya təhvil vermək nümunəsi bizdə yoxdu. Sonrasını da bilirsiniz, iş elə gətirdi ki, Surət ümumiyyətlə Tovuza girə bilmədi, dəstəsi rayonun girəcəyindəki Aşağı Eyyublu kəndindən geri qayıtdı.
 

Çingiz:
 

- Həyatımız ölümlə oynamaq idi. Elə günlərimiz olub, atmağa güllə tapmamışıq, girib ermənilərin fermasından mal-qara oğurlamışıq. Sonra da satıb pulunu silaha çevirərək erməninin özünə atmışıq.
 

Nemes:
 

- Milli Ordu olmayan dövrlərdə başımız nələr çəkmədi?! Gecə ilə hərbi hissələrə silah üçün hücum edirdik. Sovet hərbi hissələrinə girib anbardan silah götürürdük, ancaq əsgərlərə dəymirdik.
 

Xaliq:
 

- Hə, qardaş, məndən olsaydı, bu dağlarda son damla qanına qədər vuruşmuş Fariz Ələkbərova, Hamlet Həsənova, Ceyhun Əliyevə, Həsən Həsənova milli qəhrəman adını on dəfə verərdim. Tovuz dağlarının ilk döyüşçü şəhidi isə Fariz Ələkbərovdu. Farizin şəhid olduğu əməliyyatımızdan danışıb, itirdiyimiz dostların ruhunu şad etmək istəyirəm.
1990-cı ilin 8 mart günü ermənilər qəfildən kəndimizi fasiləsiz atəşə tutdu. Demək olar, kəndi tamamilə dağıtdılar. Atamın bibisi Leyla xanımı həyətə düşən qəlpə parçalayıb öldürdü. Baxdıq ki, bunların cavabı verilməsə, getdikcə quduracaqlar. Elçin, Fariz, Dılım, Otar, Əli və mən bu gülləbaranın qisasını almaq üçün səhəri gün martın 9-da Ermənistan tərəfə hücuma keçdik. Onu da deyim ki, Azərbaycanda ilk dəfə Ermənistan ərazisinə silahlı hücumu biz etmişik.
 

Ermənistanın Berd rayonuna daxil olduq. Əvvəlcə qarşımıza rus əsgərləri çıxdı, ancaq onlar bizə bata bilmədilər, çoxlu itki verib geri çəkildilər. Çaxır zavodunun yanından kəndin içərisinə yeridik. Qarşımıza çıxanı dağıdırdıq, tütün zavodunu yandırıb yerlə-yeksan etdik. Silahlı ermənilərlə kəndin ortasında üzbəüz atışırdıq. Axşama dönəndə gülləmiz tükənmək üzrə idi, səkkiz nəfərlə mühasirəyə düşmək təhlükəsi yarandı. Gəlib böyük bir evin altında daldalandıq. Bizə iki tərəfdən – şaftalılıqdan və tənəklikdən hücum vardı. Tərs kimi Elçinin də avtomatı kilidləndi. Mən yoldaşlarımı aşağıda lazım olan yerlərdə qoyub, binanın ikinci mərtəbəsinə qalxdım və açıqca atəş açmağa davam etdim. Ermənilər bizi salamat buraxmaq istəmirdilər. Gözləmədiyimiz bu dar macalda bizə kömək gəldi. Bir tərəfdən “Starşina” Sabirlə həmin bu Bəşiroğlu Çingiz, o biri cinahdan isə Akiflə Hidayət köməyimizə çatdı. İlham da tankla gəlmişdi.


Nemes:
 

- Bilirsinizmi, tankla açıq döyüşə çıxmaq çox risklidi, çünki bu texnikanı tank əleyhinə silahla rahat zərərsizləşdirmək olur. O boyda texnika bir anın içində leşə dönür.
 

Xaliq:
 

- Uşaqların köməyə gəlməyinə çox sevindim, düşündüm ki, itkisiz geri dönərik. Bu zaman baxdım ki, kazarma tərəfdən ucaboylu bir rus zabiti çiynində avtomat, əlində tank əleyhinə çəkilmiş qumbara arxadan bizim tanka tərəf gəlir. Onun sifəti indiyədək yadımdadı. Dərhal alnından nişan alıb onu yerə sərdim. Daim silah aclığı yaşadığımızdan Fariz qaçaraq onun avtomatını götürmək istədi. Mən həyəcanımı ona çatdırana qədər o, avtomatı götürmək üçün meyiti çevirdi, bu zaman rusun əlindəki qumbara açıldı. Fariz orada şəhid oldu, Əli isə yaralandı. Əli güclü şok keçirmişdi, yalvarırdı ki, məni burda qoymayın. Mən soyuqqanlı adamam, çətin vəziyyətlərdə kontuziyanı özümdən qova bilirəm. Əlini kürəyimə alıb, sürünərək ordan çıxartdım və Çingizgilə təhvil verdim. Burada bir an belə dayanmaq olmazdı. Ermənilər çox yaxında idi. Vaxt itirməyərək dərhal tankın yanına döndüm, Farizin meyitini “buşlat”a bükərək tanka qaldırdım. Uşaqlara geri çıxmaq komandası verdim və Elxanla səngərdə tankı təhlükəsiz yerə çıxana qədər qoruduq. Uşaqlar uzaqlaşandan sonra birtəhər sürünərək təhlükə zonasından uzaqlaşdıq. 
 

Çingiz:
 

- Bizim Əlibəyli kəndi indi də hər gün müharibədədir. Bir də görürsən, qızım həyətə çıxıb ermənilərin atdığı işıqsaçan güllələri maraqla sayır. Bu kəndə qəhrəman adı verilməlidir. Kənd sakinlərinə heç olmasa, müəyyən sosial güzəştlər edilməlidir. Bu kənd hər gün döyüşür, hər gün postdadı. 

 

Xaliq:

- Əlbəttə, bütün bu tarix bir yazıya, bir müsahibəyə sığan deyil. Hər şeyi də danışmağa ehtiyac yoxdu. Bu, bizim həyatımızdı...

 

... Var olun, dostlar! Vaxt olacaq sizin hər biriniz haqda dastanlar yazılacaq. Ancaq necə edək ki, sizləri işıqpulu-qazpulu adında maddi qayğılar sıxmasın? Siz canlı əfsanə kimi bu gün də var olmalısınız!..




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR