O dünyaya köçməyin xərci - REPORTAJ

O dünyaya köçməyin xərci - REPORTAJ
11:34 13 Oktyabr 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

Ölüm haqdır. Bir gün hər kəs bu dünyadan köçür. Mərhumu layiqincə yola salmaq isə onun yaxınlarının borcudur.
 
"Layiqincə" sözünü təsadüfən qeyd etmədik. Azərbaycanda bu sözü deyərkən ilk ağla gələn mərhumun son mənzilə yola salınması, üstəlik, sonrakı proseslərin xərcini çəkmək olur. Xərclər isə çoxdur. Məsciddə yuyulma, məzarlıqda yer, ehsan süfrəsi və s. Bütün bu proseslər üçün kifayət qədər pul tələb olunur.
 
Başlayaq yuyulmadan. Şəriətə görə, hər insan rəhmətə gedən yaxınını özü yumalıdır. Lakin hər kəsin buna imkanı və şəraiti yoxdur. Odur ki, dünyadan köçən insanların yuyulması üçün məscidlərdə yuyat yerləri mövcuddur. Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin sözlərinə görə, meyitin məscidlərdə yuyulması üçün konkret məbləğ yoxdur: “Çox məscidlərdə meyitxanalar, yuyat yerləri var ki, ora müraciət olunur, dünyadan köçən insan şəriət qaydasına uyğun olaraq yuyulur. Orada halallaşmaq üçün müəyyən qiymətlər qoyulur. Hər hansı məscidə gedərkən ölüsünü yudurdan üçün konkret preyskurant yoxdur. Burada söhbət halallıqdan gedir. Kimsə 50, yaxud 70 manat civarında meyiti yuduzdurubsa, şəriətə görə, onunla halallaşmalıdır. Bununla həm də  kommunal xərclər ödənilir. Bura həm də kəfənin pulu aiddir. Heç kim zor tətbiq edib deyə bilməz ki, mən sənin ölünü yumuşam, qiyməti də budur”.
 
Axund bildirib ki, əgər yaxını dünyadan köçən insan mərhumu özü yumaq istəyirsə, məscidlər bunun üçün şərait yaradırlar. Bunun üçün heç bir pul alınmasından söhbət gedə bilməz. Müəyyən kateqoriyaya aid insanların yuyulması təmənnasız həyata keçirilir: “Şəhid ailəsi, kimsəsizlər, qocalar, əlsiz-ayaqsız, möhtac insanların yaxınları məscidlərə müraciət edə bilərlər. Araşdırma aparıldıqdan sonra onlar üçün yuyulma, kəfən, namaz havayıdır, bunlar Allah rizası üçün edilir. Onların yas mərasimində din xadimləri pulsuz iştirak edirlər”.
 
Mərhumun daşınması üçün ayrılan xüsusi avtomobillər var ki, onlar üçün məsafədən asılı olaraq 50-100 AZN xərcləmək lazımdır. Kimsəsizlərin daşınması üçün pul tələb olunmur.
 
Bəs mərhumun son mənzili neçəyə başa gəlir?
 
Bakı şəhərində 100-ə yaxın qəbiristanlıq var. Onlardan 32-si Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansındadır. Müəssisənin baş mühəndisi Sabir Həsənovun sözlərinə görə, qalan qəbiristanlıqlar qəsəbə icra nümayəndəliklərinin, yaxud bələdiyyələrin nəzdindədir. Məzar yeri ilə bağlı kifayət qədər yüksək qiymətlər səslənsə də, aidiyyəti qurumdan bildirilib ki, konkret preyskurant var: “Bizim bütün qəbiristanlıqlarda preyskurantımız var. İstənilən vətəndaş onunla tanış ola bilər. O preyskuranta görə mərhumun dəfn edilməsi üçün preyskurant 63 AZN-dir. Bu rüsumun içində tikinti materiallarının qiyməti yoxdur. Bu materialları vətəndaş da ala bilər, bizim işçilər də. Bu rüsum azərbaycanlılara aiddir. Qeyri-müsəlman tabutda dəfn olunduğu üçün 79 AZN-dir. Bundan başqa, vətəndaşdan heç bir rüsum tələb olunmur. Bu qiymətə qəbirin qazılması da aiddir. Və yaxud vətəndaş qəbiri özü də qaza bilər. O ki, qaldı mişar daşı, qum, sement, bunlar əlavədir”.
 
Sabir Həsənov həmçinin qeyd edib ki, əvvəllər bir nəfər qəbiristanlıqda bir neçə nəfər üçün yer ayıra bilərdisə, son dövrlər bu qadağan olunub. Hazırda mərhumdan əlavə, yalnız həyat yoldaşı üçün yer ayırmaq mümkündür. Baş mühəndis bildirib ki, şəhərin mərkəzində yerləşən qəbiristanlıqlarda yerlər məhduddur. Yasamal, Qurd qapısı qəbiristanlıqlarında isə yer yoxdur!
 
Son mənzilə yola salınandan sonra mərhum üçün ehsan süfrəsi açılır. Hərfi mənada ehsan “yaxşılıq etmək” deməkdir. Təəssüf ki, uzun illərdir yaxşılığın bu növündə ifrata varılır. Zaman-zaman hər birimizin ayağı düşən yas mərasimlərində süfrədə növbənöv təamların olduğunu görürük. Daim müzakirə və tənqidə səbəb olsa da, hələ də arzu olunan nəticəyə varılmayıb. QMİ-nin sədr müavini Hacı Fuad Nurullah deyir ki, Məhəmməd peyğəmbərin zamanında yaxını rəhmətə gedən insanın evinə gedərmişlər. Hər gələn də evində bişən yeməkdən gətirər, ailəni yedirdərmiş. İndi bu adət başqa formadadır. Qohum-əqrəba yığışıb, müəyyən məbləğ toplayır və süfrə açırlar. Əsas odur ki, israfçılıq olmasın: “Dinimiz buyurur ki, İslamda insan hansı addımı atırsa, israfa getməsin - Allah israf edənləri sevməz. Ehsan süfrəsində israfçılıq etmək olmaz. Ehsan süfrəsi qonaqlıq süfrəsinə oxşamamalıdır. İnsanların qazandığı ən böyük ehsan ruhani tərəfindən məclisdə danışılanlardır”.
 
İmkanlı şəxslər rəhmətə gedən yaxını üçün zəngin süfrə aça bilər. Maddi durumu zəif olanlar isə bunu edə bilmirlər, lakin yaxınının ruhu şad olsun deyə hər vasitə ilə təamlarla bol ehsan vermək istəyir, nəticədə borca əl atmalı olurlar. Şəriətdə bu qəbul olunmur: “Bəzi insanlar borc götürüb yaxını üçün ehsan verir. Şəriətimizdə borcla ehsan verilməz. Əgər borc alan ailəsini çətinliyə salsa, aldığı borcla ehsan adı ilə süfrə açsa, dinimiz bunu qəbul etmir. Bu günahdır. İnsan imkanından artığından ehsan verə bilər. 3, 7, 40 mərasimləri şəriətdə vacib hesab olunmur. Bu, maddi imkana bağlıdır. Təəssüf ki, insanlar bir-biri ilə bəhsə girirlər. 5 AZN-dən daha yuxarı məbləğ sərf oluna bilər. Məbləğ insanların imkanına görə dəyişir. Çay, halva qoyulan süfrəyə nisbətən, plov və s. təamların qoyulduğu süfrənin qiyməti təbii ki, fərqlidir. Qiymətlər buna əsasən hesablanır”.
 
Yaxınını son mənzilə necə yola salmaq hər kəsin öz işidir. Tanrı hamıya xoş günlər nəsib etsin!

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR