"Azərbaycan Respublikasının tarixi" ikicildliyi təqdim edildi - FOTO

"Azərbaycan Respublikasının tarixi" ikicildliyi təqdim edildi - FOTO
12:42 13 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nəşri olan "Azərbaycan Respublikasının tarixi" ikicildliyinin təqdimat mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş,  dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümünə həsr olunan "Azərbaycan Respublikasının tarixi" ikicildliyinin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov qeyd edib ki, "Azərbaycan Respublikasının tarixi" fundamental elmi araşdırma olmaqla müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisədir.

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, "Azərbaycan Respublikasının tarixi" ikicildliyi Azərbaycan dövlət müstəqilliyinin 25 illiyinə qiymətli hədiyyədir.

"Azərbaycan Respublikasının tarixi" ikicildliyinin əhəmiyyətini qeyd edən Ə.Mehdiyev bir neçə gündən sonra müstəqil Azərbaycan dövlətinin müstəqilliyinin bərpasının 25 illiyinin tamam olacağını xatırladıb.

Onun sözlərinə görə, bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla dövlət müstəqilliyi ilə bağlı Tədbirlər Planı təsdiq olunub. Tədbirlər planına uyğun olaraq, Azərbaycan müstəqilliyinin 25 illiyi ilə bağlı böyük və silsilə tədbirlər keçiriləcək: "25 il əvvəl qazanılmış müstəqilliyin yolu rəvan olmayıb. Azərbaycan xalqı çox çətin yol keçib. 1991-ci ildə müstəqillik əldə edilən ərəfədə Azərbaycan xalqı ağır günlər yaşayıb, erməni təcavüzünə məruz qalıb, böyük qaçqın problemi ilə qarşılaşıb, Xocalı soyqırımını yaşayıb. Bütün bunlara baxmayaraq, Azərbaycan müstəqillik əzmini nümayiş etdirib. O dövrdə Azərbaycan dövlətinin qarşısında yeni vəzifələr dururdu. Bunların ən mühümü avtoritar kommunist rejimindən demokratik dünyəvi dövlətə keçid idi. Müstəqilliyin ilk illərində böyük çətinliklərlə üzləşdik. Siyasi ziddiyyətlər meydana çıxmışdı. Emosionallıq üstünlük təşkil edirdi. İdeoloji boşluq yaranmışdı. Lakin Azərbaycan xalqı Heydər Əliyevin göstərdiyi yolla gedərək səfərbər oldu. 1993-cü ildən sonra müstəqil Azərbaycan dövlətinin formalaşmasında dönüş nöqtəsi oldu. Azərbaycan beynəlxalq aləmdə öz yerini tapdı. Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasi kurs dövlətin inkişafı üçün təməl oldu. Bu gün Azərbaycan dövləti prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sabitliyə nail olub. Azərbaycan mühüm beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycan müstəqil dövlət kimi çox mühüm potensiala malikdir. Sözsüz ki, gələcəkdə tarixçilərimiz müstəqillik tarixini tədqiq edəcəklər. Lakin müstəqillik tarixi isti izlərlə də öyrənilməlidir. "Azərbaycan Respublikasının tarixi" ikicildliyi bu baxımdan çox dəyərlidir. Bu nəşrə görə Tarix İnstitutunun əməkdaşlarına təşəkkürümü bildirirəm".

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış bu əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür. Əsərin 1-ci cildi 1991-2003-cü illəri, daha doğrusu, tariximizin Heydər Əliyev dövrünü, 2-ci cildi isə 2003-2016-cı illəri - prezident İlham Əliyevin başçılığı ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq illərini əhatə edir.

Y.Mahmudov əlavə edib ki, 1-ci cilddə 1991-ci ildə Azərbaycan dövlətçiliyinin bərpası, bütövlükdə, xalqımızın qədim dövlətçilik ənənələrinin dirçəlişi kimi qiymətləndirilir:

"Bu məsələnin araşdırılmasına ayrıca fəsil həsr olunub. Cilddə itirilmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan dövlətçiliyini xilas etmək üçün Heydər Əliyevin başçılıq etdiyi Qurtuluş Hərəkatına geniş yer verilib. 2-ci cilddə isə 2003-2016-cı illərdə ölkədə aparılmış geniş islahatlar proqramının icrasına, böyük quruculuq və abadlıq işlərinə, xarici siyasət sahəsində əldə olunmuş uğurlara, Heydər Əliyev Fondunun fəaliyyətinə ayrı-ayrılıqda fəsillər həsr olunub. "Azərbaycan Respublikasının tarixi" ikicildliyinin materialları müasir tarix üzrə mütəxəssis olan tanınmış tarixçi-alimlər tərəfindən yazılmış, hər iki cilddə Müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi isə bu sahənin görkəmli mütəxəssisi professor Əli Həsənovdur".

Daha sonra tədbirdə tarixçi-alimlər Cəbi Bəhramov, Ədalət Qasımov, Leyla Hüseynova, Elçin Əhmədov, İlqar Niftəliyev və başqaları çıxış ediblər.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR