Regionda Türkiyə, Azərbaycan və Rusiya formatının
yaradılması ilə bağlı atılan addımların Dağlıq Qarabağ
münaqişəsinin həllinə də təsir edəcəyinə dair gözləntilər var.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun 5 rayonun
qaytarılması ilə bağlı açıqlaması da bunu deməyə əsas verir.
Publika.az xəbər verir ki, Çavuşoğlu Ermənistanın
Azərbaycanın işğal etdiyi torpaqlarının ən azından 5 rayonundan
geri çəkilməsinin gündəmdə olduğunu bildirib.
Qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya ilə razılığa gəlinib.
“Rusiya bu ideyanı bizimlə bölüşdü və biz dəstəklədik.
Qarabağ münaqişəsinin həlli üçün nə lazımdırsa, edirik.
Ermənistanla münasibətlərimizi normallaşdırmaq üçün addımlar atdıq.
İsveçrədə razılaşma imzaladıq, təəssüf ki, nəticəsi olmadı. ATƏT-in
Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiya bir neçə
konstruktiv təklif irəli sürüb. Ermənilərin Azərbaycanın işğal
edilmiş torpaqlarının ən azı 5 rayonundan geri çəkilməsi
gündəmdədir. Bunu dəstəklədiyimizi dedik. Azərbaycan tərəfi ilə
müzakirələr apardıq. Bu cür addımlar atılarsa, Azərbaycanın qəbul
edəcəyi hər cür həll yolunu dəstəkləyirik. Ermənistanla
münasibətləri normallaşdırmaq istəyirik. Münaqişə həll olunarsa,
Azərbaycanın da eyni addımları atacağını düşünürük” – Türkiyənin
baş diplomatı vurğulayıb.
Çavuşoğlunun bu açıqlaması pərdəarxasındakı danışıqları müəyyən
qədər ortaya çıxarır. Hansı ki, ciddi razılığın olduğu haqda
məlumatlar hələ iyunun 20-də Rusiya prezidenti Vladimir Putinin
təşkilatçılığı ilə keçirilən prezidentlərin Sankt-Peterburq
görüşündən sonra yayılmışdı. Azərbaycan tərəfi bunu rəsmi şəkildə
açıqlasa da, Ermənistan tərəfi tələsik təkzib etdi. Erməni
ictimaiyyətinə hesablanmış bu açıqlama o qədər də təəccüblü
deyildi.
Digər tərəfdən, MDB dövlət başçılarının Bişkekdə keçirilən son
toplantısında Sarkisyanın uydurmalarına cavab verən Azərbaycan
Prezidenti İlham Əliyevin “bununla bağlı ciddi işlər aparılır, ona
görə də çox danışmaq istəmirəm” deməsi də pərdəarxasındakı
müzakirələrə işarə idi.
Hesab etmək olar ki, danışıqlar Rusiyanın planları əsasında
aparılır. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, iki rayonun
qaytarılması ilə bağlı müzakirələr başlanır. Qaçqın və məcburi
köçkünlər evlərinə qayıdır. Qarabağın statusunun həllinə qədər
bölgədə təhlükəsizliyi sülhməramlılar təmin edir. Moskva
sülhməramlıların rus hərbiçilərindən ibarət olmasını istəyir. Bu
Azərbaycanın maraqlarına uyğun deyil. Lakin Bakının bu planla
razılaşdığını düşünsək, ehtimal ki, sülhməramlıların tərkibində
türk hərbiçiləri də təmsil olunacaq. Azərbaycan tərəfi məhz bu
şərtlə plana razı ola bilər. Türk hərbiçilərinin də bu missiyada
yer alması gələcək təhlükənin təsirini azaldır. Əvəzində 20 ildən
artıqdır davam edən status-kvo dəyişir. Çünki vaxt faktiki olaraq
Azərbaycanın ziyanına işləyir.
Bu planın nə vaxt tətbiq olunacağı isə sual altındadır. Çünki
nəzəri cəhətdən hər şey mümkün görünür, rəsmilər razılaşmanın
olduğunu bəyan edirlər, ilk dəfədir ki, Rusiya münaqişənin həllində
maraqlı tərəf kimi görünür, lakin Ermənistanın nə edəcəyi bəlli
deyil.
Sarkisyan hakimiyyəti Putinə qarşı çıxa bilmir. Danışıqlarda
şərtlərə razılıq verməsinin səbəbi də bu ola bilər. Lakin
Ermənistan daxilində hakimiyyətin atacağı addımlar müəmmalıdır.
Bununla yanaşı, İrəvanın Rusiya qarşısında “mərkəzdənqaçma”
gedişləri etdiyi də müşahidə olunur. Misal üçün, İstanbulda 23-cü
Dünya Enerji Konqresi çərçivəsində bir araya gələn İlham Əliyev,
Ərdoğan və Putinə cavab olaraq Sarkisyan ABŞ-a səfər etdi. Bu səfər
iqtisadi investisiyalarla bağlı olsa da, erməni prezidentin ABŞ-ın
vitse-prezidenti Co Baydenlə eyni sırada dayanması diqqətdən
yayınmır. Görünür, İrəvan Amerikadan kömək istəyir. Regionda Rusiya
və Türkiyənin yaxınlaşmasını, yeni birlik formatının qurulmasını
istəməyən Vaşinqton ermənilərə dəstəyi artıracaq. Yaranmış
atmosferi pozmaq üçün amerikalıların əlindəki son kozır budur.
Lakin bu nə dərəcədə mümkün olacaq? Sualın cavabı dəqiq olmasa da,
müsbət də deyil.
Sabah Vladimri Putin İrəvana gedir. O, Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak edəcək. Təbii ki,
İrəvanda Qarabağla bağlı da ayrıca müzakirələrin olacağına şübhə
yoxdur. Ehtimallara görə, Putin İstanbulda aparılan müzakirələrdən
sonra verilən qərarla bağlı Sarkisyanı təlimatlandıracaq. Söhbət
məhz Çavuşoğlunun açıqladığı 5 rayonun qaytarılması və digər
məsələləri özündə əks etdirən plandan gedir. Sarkisyan bu planla
Sankt-Peterburqda razılaşmışdı. Lakin regionda baş verən bir sıra
proseslər, xüsusilə Suriya məsələsi Qarabağı ikinci plana keçirdi.
Vəziyyətdən istifadə edən Sarkisyan əvvəlki razılıqdan boyun
qaçırmağa çalışdı. Sabah onun Putinə nə deyəcəyindən çox şey
asılıdır. Sarkisyan “yox” deyə bilər, amma bu az ehtimal olunandır.
Çünki onun və Ermənistanın gələcəyi Putinin əlindədir. ABŞ-a
söykənmək isə xülya kimi görünür.
Birincisi, Amerika Ermənistana birbaşa müdaxilə edə bilmir.
Türkiyənin Rusiya ilə yaxınlaşması Vaşinqtonun bu bölgədə əlini
xeyli zəiflədib.
İkincisi, ABŞ üçün hazırda prirotet məsələ Suriya və daxili
seçkilərdir.
Sarkisyanın ata biləcəyi yeganə addım daxildə süni etirazlar təşkil
etməkdir. Hansı ki, indiyə qədər Rusiyanı şantaj etmək üçün bu
üsula əl atıb. Amma KTMT-yə üzv ölkələrdə kütləvi aksiyaların
yatırılmasında birbaşa qurumun öz qüvvələrinin iştirakı haqda ümumi
razılıq onun bu yolunu da bağlayır. Deməli, Qarabağla bağlı sabah
mühüm proseslərin başlanğıcı qoyula bilər.
Asif Nərimanlı