Bu il Kliniki Tibbi Mərkəzdə ölənlərin sayı açıqlanıb

Bu il Kliniki Tibbi Mərkəzdə ölənlərin sayı açıqlanıb
13:32 13 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Bu ilin doqquz ayı ərzində Kliniki Tibbi Mərkəzə cərrahi şöbələr üzrə cəmi 5 650 xəstə daxil olub. Onlardan 2 062 xəstə böyüklər, 1 130 xəstə isə uşaq cərrahiyyəsi şöbəsinə qəbul edilib".
"Report" xəbər verir ki, bu fikirləri Mərkəzin direktor müavini Adil Salahov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hesabat dövründə 3 580 xəstə cərrahi müdaxiləyə məruz qalıb: "1 719 əməliyyat böyüklərdə, 918 əməliyyat uşaqlar üzərində aparılıb. Bundan başqa, 9 ay ərzində 9 829 xəstə terapevtik şöbələrdə stasionar müalicədə olublar. Eyni zamanda, 3 710 xəstə müxtəlif yoluxucu xəstəliklərlə bağlı müraciət edib".
A.Salahov deyib ki, ilbəil xəstəxanada ölənlərin sayı azalır: "Əgər keçən il mərkəzdə 250 xəstə dünyasını dəyişirdisə, bu il göstərici 156 nəfər olub. Xəstələrin dünyasını dəyişmə səbəbləri də müxtəlifdir. Onlar arasında avtoqəza, müxtəlif travmalar, təbii fövqəladə hadisələr zamanı xəsarət alanlar üstünlük təşkil edir".
KTM-in Reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev isə vurğulayıb ki, ötən ilin 9 ayı ərzində reanimasiyaya 1278 nəfər xəstə daxil olmuşdusa, bu il xəstələrin sayı 1 482 nəfər olub: "Ötən illə müqayisədə 162 xəstə artıb. Ölüm faizi ötən il 21 faizə yaxınlaşmışdı, bu il isə 15,8 faiz olub. Ölümlər arasında ürək-qan damar xəstəlikləri üstünlük təşkil edir. Sonrakı yerləri beyin qan dövranı və infeksion xəstəliklər tutur. İnfeksion xəstəliklərdə əsas yeri Hepatit və baş beyinin iltihabı xəstəlikləri tutur".
O, həmçinin əlavə edib ki, bu müddətdə qida zəhərlənməsinin ən ağır forması sayılan botulizmlə zəhərlənənlərdən 17 xəstə reanimasiyaya yerləşdirilib: "Onlar arasında ölüm faktı qeydə alınmayıb. Ötən il isə bu faktdan 2 ölüm halı qeydə alınmışdı. Hamilə qadınlardan 38-i müxtəlif patologiyalardan reanimasiyaya yerləşdirilib. Onlar da müalicə olunub və heç birində ölüm faktı olmayıb". 

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/bu-il-kliniki-tibbi-merkezde-olenlerin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR