Proqnoz: FES-in qərarı maliyyə bazarlarına ciddi təsir etməyəcək

Proqnoz: FES-in qərarı maliyyə bazarlarına ciddi təsir etməyəcək
17:57 13 Oktyabr 2016
141 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini ilin sonuna qədər artırmağı planlaşdırması maliyyə bazarlarına ciddi təsir göstərməyəcək. "Report"un analitik qrupu hesab edir ki, 2015-ci ilin dekabrında FES-in uçot dərəcəsini artırması son rübdə və 2016-cı ilin ilk rübündə maliyyə bazarlarının ciddi dalğalanmasına səbəb olub. Lakin bu il belə bir mənfi tendensiya maliyyə bazarlarını gözləmir. 
Analitiklərin fikrincə, neft qiymətləri hasilatın azaldılması gözləntiləri fonunda 45-55 dollar/barel səviyyəsində sabit qalacaq. Bu, həmçinin FES-in uçot dərəcəsini artırması üçün önəmli amildir. Çünki, neft qiymətlərinin cari səviyyədə - 50 dollar/barel ətrafında olması ABŞ-ın energetika sektorunu inkişaf etdirərək iqtisadi artımı dəstəkləməklə yanaşı bu ölkədə inflyasiyanı da sürətləndirəcək. Bu da FES-in uçot dərəcəsini rahat şəkildə artırmasına zəmin yaradacaq. 
"Bu tendensiya 2017-ci ildə də davam edəcək. FES-in 2017-ci ildə uçot dərəcəsini daha sürətlə artıracağı gözlənilir. Nəticədə, inkişaf etməkdə olan ölkələrin milli valyutaları uzunmüddətli devalvasiyaya məruz qalacaq. 2020-ci ilə doğru isə neft qiymətlərinin yenidən kəskin ucuzlaşacağı və yeni maliyyə böhranının baş verəcəyi ehtimal edilir. Qlobal maliyyə böhranının 2025-ci ilə qədər davam etməsi gözlənilir ki, yalnız bundan sonra dünya iqtisadiyyatının dayanıqlı inkişafı mümkün ola biləcək. Hatta neft qiymətlərinin 50 dollar/barel səviyyəsində qalması neft hasilatçısı olan ölkələrin milli valyutalarını devalvasiyadan xilas edə bilməyəcək. Bu dövlətlər ticarət tərəfdaşı olan ölkələrin valyutalarının zəifləməsi ilə devalvasiya etmək məcburiyyətində qalacaq. Əks halda, bu ölkələrdən kapital axını sürətlənərək əlverişli valyuta məzənnəsi olan ölkələrə istiqamətlənəcək və ya bu ölkələr idxalın artması ilə üzləşəcək", - deyə "Report"un ekspertləri vurğulayıblar.

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/proqnoz-fes-in-qerari-maliyye-bazarlarina-ciddi-tesir-etmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR