Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qəmli-qəmli yazıram: biz belə bəndələrik, neyləməli...

Qəmli-qəmli yazıram: biz belə bəndələrik, neyləməli...

Date: 13 October 2016 21:05

Hərdən yazılarıma yazılan şərhlər, aldığım oxucu məktubları, qarşıma çıxan oxucu fikirləri məni dərin və intəhasız kədərə qərq edir. Dilimdə "niyə?" sualı, damağımda ağır qətranlı, bol nikotinli siqaret vurnuxa-vurnuxa qalıram. Çünki hər oxucunun gələcəkdə yazıçıya, jurnalistə çevrilib səninlə eyni mətbu orqanda köşə yazmaq ehtimalı var. Necə deyərlər, ölkəmin hər bir oxucusu potensial yazardır. Çün yazmağı, oxumaqdan üstün tutan bəndələrik, neyləməli?

Sözsüz ki, oxucuya etiraz etmək mənim kimi gənc və perispektivli yazara yaraşmaz. Ona görə də verilən bütün məsləhətlərə qəmli-qəmli əməl edirəm. Bu prosesə oxucu danlağından ilhamlanmış yazıçının inkişaf prosesi deyilir.

Oxucular haqqında artıq-əksik yazmaq böyük cəsarət və ürək tələb edir. Bu günə qədər oxucular tərəfindən müxtəlif münasibətlər gördüyüm üçün o əzizi-möhtərəmlərdən yazmağı bir balaca təhlükəli iş hesab edirəm. Mənim bir yazar olaraq bəxtimə müxtəlif sosial təbəqələrdən, müxtəlif düşüncəli oxucular düşüb. Görüşə çağırıb qonaqlıq verən də olub, qonaqlığa çağırıb döyən də. Məni sevib-sayan, qonaqlıq verib tərifləyən oxucularımı necə anonim saxlamışamsa, çay içmək adıyla çağırıb "dəli inək balasını ayaqlayan" sayağı məni şil-küt edən, ağız-burnumu qana bələyib sonra evə qədər ötürən yüksək nəzakətli və yüngülvari şiddətə meyilli oxucularımı da xəlayiqdən gizlətmişəm.

Oxucu tərifi necə şirin, qonaqlığı nə qədər dadlı olursa olsun, mən oxucunun yazıçını döyməyinin, təhqir etməyinin tərəfdarı deyiləm. Yazıçını döymək etik hərəkət deyil. Yaxşı oxucu nə qədər əsəbiləşsə də, yazıçını döyməz! Hələ yazı-pozu adamlarının içində bir az ətli-qanlısı mənəm, canım şillə-təpiyə dözmür, bəs bu səhərlər acqarına işə tələsən, külək əsəndə yarpaq kimi titrəyən, boğazı cücə boğazından nazik, üstəlik incə qəlbli binəvalar necə olsun?

Çox şükür, Azərbaycanda oxucuların yazıçılarla münasibətdə etik münasibətləri kobud şəkildə pozması halları son zamanlar az müşahidə olunur. Ədəbi münasibətlərin bu səviyyədə inkişaf etməsinə görə Azərbaycan Yazıçılar Birliyinə və onun çoxminli üzvlərinə öz dərin təşəkkürümü bildirirəm! Eyni zamanda fürsətdən istifadə edib hacı Şəmayildən 5 manatlıq kontur, kərbəlayi Mürtəzadan "Bol Kart"a olan borcumun heç olmasa 10 manatını ödəməsini, adını çəkmək istəmədiyim biznesmen dostumdan "obed"ə dönər-ayran alıb göndərməsini gözləyirəm!

...Hərdən Facebook-da mesaj yazıb sevgilisinin adının baş həriflərinə uyğun şeir, qayınatası haqqında hekayə, qonşusu haqqında elegiya, arvadı üçün rekviyem sifariş verənlər olur. Hətta nəvəsinin ad günündən reportaj yazmağımı, məşuqəsindən müsahibə almağımı rica edənlər də olub. Şəxsən mən yekəxanalıq etmirəm. Bütün sifarişləri canla-başla, həvəslə yerinə yetirirəm. Belə götürəndə işimin adı nədir? Yazıçıyamsa, bütün bunları etmək mənim peşə borcumdur.

Bir də görürsən oxucudan şanlı məktub gəlir. Oxuyub qəhərlənirsən, kövrəlirsən və ən azı bir ay əlin cibində o məktubun havasında fırlanırsan. Beləcə, xoşbəxt günlər bir-birini əvəz edir və səni dünyanın nəhəng yazıçıları ilə müqayisə edib dağ başına qaldıran oxucu qəfildən saytların birinə müsahibə verib, səni və digər yazıçıları ağ-yuyub qara sərir. Məlum olur ki, başqa bir həmkarın, qələm dostun yediyi çörəyin, içdiyi suyun haqqını vermək üçün həmin nadandan müsahibə alıb. Ay dadi bidad! Sadiq oxucun çevrilir sabiq oxucuya. Bu sabiq oxucu o qədər coşur ki, özünü vacib adam hesab edir və sənin kitablarınla, yaradıcılığınla məzələnir, ələ salır, yüngül desək, yazdıqlarının cındırını çıxarır.

Bu prosesə oxucunun Buddaya çevrilməsi prosesi deyilir. Bütün günü cibində (avtomobilində) içki şüşəsi içməyə yazıçı, şair, jurnalist axtaran cənab oxucu artıq başqa adamdır. Onu keçmişi ilə heç nə bağlamır. Tərbiyəsinə qısılıb ona cavab verməyən qələm adamlarına qarşı aqressivləşir, verdiyi qonaqlıqların, dediyi sağlıqların, yağdırdığı təriflərin yerini bir şey alır: Qəzəb! Ara-sıra didaktik köşələr, elmi-bədii-fəlsəfi-konspiroloji esselər yazır, vaxtaşırı sosial şəbəkələrdə yazarları danlayır və qəfildən çevrilir yazara...

Xülasə, mən oxucularımdan yerdən göyə qədər razıyam. Sağ olsunlar, bu qədər tənqidi fikirlərin müqabilində hələ də məni xəstəxanalıq etməyiblərsə, bu, oxucunun böyüklüyü, mərhəmətidir.

Rəhməti ilə aləmləri nura qərq edən izzət və cəlal sahibi də onlardan razı olsun! Amin!

Cəlil Cavanşir
Milli.Az


Tags:  Qəmli-qəmli yazıram biz belə bəndələrik neyləməli

RƏYLƏR


Top news