Tibb Universitetinin 6 saylı yataqxanasında nə baş verir? - FOTO

Tibb Universitetinin 6 saylı yataqxanasında nə baş verir? - FOTO
22:27 13 Oktyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Tarakanlar bizim əzəli qonşularımızdır, Tibb Universitetinin 6 saylı yataqxanasında yaşayan tələbələrdən biri BBC Azərbaycancaya müsahibəsində deyir.
Oğlanlar üçün olan 6 saylı yataqxanada yaşayan tələbələr deyirlər ki, yataq dəsti olaraq onlara verilən yeganə döşək yenə də "çirkli", pilləkanların dəmir tutacaqları "qırıqdır" və bu ilin yayından etibarən yataqxanaya isti suyun verilişi dayandırılıb.

Yataqxana 4 il əvvəl təmirdən çıxsa da adlarının açıqlanmasını istəməyən tələbələrin təqdim etdiyi şəkillərdə nəmişlikdən divarların bəzi hissələrinin töküldüyü, qapı çərçivələrinin dağıldığı, pilləkanların dəmir tutacaqlarının söküldüyü əks olunub.
Tibb Universitetinin Tələbə Həmkarlar ittifaqı Komitəsinin sədri Elşad Novruzov tələbələrin şəraitlə bağlı dediklərini "cəfəngiyat" adlandırır və deyir ki, yataqxanda "hər bir şey yaxşıdır".

Tarakan

Tələbələrin dediyinə görə, yataq dəsti olaraq onlara verilən yeganə döşək yenə də Image copyrightCOURTESY
Image caption
Tələbələrin dediyinə görə, yataq dəsti olaraq onlara verilən yeganə döşək yenə də "çirklidir"
Yataqxana qarşısında həmsöhbət olduğumuz xarici tələbələrdən biri deyir ki, 2 nəfərlə birgə qaldığı otaq üçün illik 600 manat pul ödəyir.
3 ildir yataqxanada qalan tələbə "tarakanları dərmanla təmizləmişəm" deyib əlavə edir ki, havalar isti olanda otaqları tarakanlardan təmizləmək üçün həftədə "2-3 dəfə" dərman vurub.

"İrandan uşaqlar toz gətirirdi, onlar güclü idi deyə onları alıb vururdum. Burdan aldığımız dərmanları vururduq, bir də gördün tarakan qabağından keçdi", tələbə "indi havalar soyuq olduğundan həşəratların sayı bir qədər azalıb" deyir.
Digər azərbaycanlı tələbə tarakanları təmizləmək üçün bir həftəyə dərmana 19 manat ödədiyini deyir və qeyd edir ki, otağını nə qədər təmiz saxlasa da tarakanlar "o biri otaqdan gəlir".

Digər bir tələbə isə "o baxır uşağın təmizliyinə" deyə öz otağında tarakanın olmadığını vurğulayır.
"Bizim yataqxanada tarakan yoxdur və onlar hamısı cəfəngiyat sözlərdir. Nə tarakan, nə o biri, nə bu biri doğrudur. Hamısı qaydasındadır", Tibb Universitetinin Tələbə Həmkarlar ittifaqı Komitəsinin sədri Elşad Novruzov BBC Azərbaycancanın mövcud vəziyyətlə bağlı sualını cavablandırarkən deyir.
Komitə sədri əlavə edir ki, Azərbaycan Dövlət Tibb Universitetinin 6 yataqxanası var və sözügedən yataqxana sonuncu dəfə 2012-ci ildə təmirdən çıxıb.
"Onlar mütəmadi təmirdən çıxırsa orda hansı şəraitsizlikdən, səliqəsizlikdən söhbət gedə bilər", cənab Novruzov yataqxanada otaq, dəhliz və sanitar qovşaqların "hər gün" təmizləndiyini vurğulayır.

İsti su

Tələbələrdən biri yeni tədris ili başlayandan yataqxanada isti suyun olmamasından gileylənir
Əcnəbi tələbələrdən birinin dediyinə görə, sentyabrın 5-i yataqxanaya qayıdıb və o vaxtdan "bu günə qədər isti su yoxdur".
"Burda nə isə xarab olub, onu təmir edirlər. Dedilər 15 günə bitər, amma hələ də yoxdur. Mən təəccüblənirəm ki, niyə yayda olmadı, indiyə qalıb", tələbə "bu il sonuncu ilimdir, gedirəm" deyə sevincini əlavə edir.

Digər bir tələbə də yeni tədris ili başlayandan yataqxanada isti suyun olmamasından gileylənir.
"Bunun tərləyəni var, çimməlidir də. Nə vaxta qədər soyuq su ilə yuyunacağıq. Havalar da soyuyub", tələbə yuyunmaq üçün tanışlarının evinə getdiyini vurğulayır.
Onun sözlərinə görə, yataqxanadan yataq dəsti olaraq verilən döşək "köhnə və çirklidir", buna görə də özü ilə yataq dəsti gətirib.
Müsahibə aldğımız 10-dan çox tələbənin hamısı yataq dəstini evdən gətirdiyini və "onsuz mümkün olmadığını" etiraf edib.
Universitetin komitə sədri cənab Novruzov yataqxananın qazanxanasında aparılan təmir işləri səbəbindən isti suyun verilməsinin dayandığını deyir və əmin edir ki, "isti su birinci gündən veriləcək".
"Mən ordakı döşəkləri görməmişəm, amma yataqxanadakı vəziyyətin qənaətbəxş olduğunu deyirəm. Sizə kim nə deyibsə özünüz onu dəqiqləşdirin", universitet nümayəndəsi Elşad Novruzov sadalanan məsələlərlə bağlı BBC Azərbaycancanın sualına cavab olaraq bildirir.

Pul

Digər bir tələbə isə yataqxanada qalmaq üçün ötən ildən başlanan ödənişə diqqət çəkir və deyir ki, pullu və pulsuz fakultələrdə oxumasından asılı olaraq ödənilən məbləğ dəyişir.
"Yataqxanda qalan köhnə tələbələrdən almırlar. Keçən ildən gələnlərdən alırlar. O da pullu fakultədə oxuyanlar 450 manat, pulsuzda oxuyanlar isə 300 manat pul ödəyir", o deyir.

"Tarakan o qədər pisdir ki, didərgin düşmüşəm ordan" deyən digər tələbə sadalanan kommunal və təmizlik problemlərindən danışaraq əlavə edir ki, onların istirahət otağına qoyulan televizora baxmaq imkanından da "məhrumdurlar".
Dediyinə görə, təmirdən sonra otağa qoyulan geniş ekranlı televizorun futbol yarışı izlənən vaxt tələbələrdən birinin ehtiyatsızlığı səbəbindən ekranı zədələnib.
"Komendant həmin tələbədən buna görə 400 manat pul aldı ki, ekranı düzəltdirəcəm. Amma hələ də o televizor işləmir. Televizorun özü var, amma ekranı qırıqdır", tələbə əlavə edir.
Onun sözlərinə görə, yataqxanaya tələbələrin valideynləri, qohum və ya dostları gələndə komendanta ya "5-10 manat pul verməli" ya da "dalaşmalı" olurlar.

Universitet rəsmisi Elşad Novruzov deyir ki, qohumların yataqxandakı yaxınlarına baş çəkməsində heç bir problem yoxdur. O, bunun üçün onların qapıda oturan nəzarətçi tərəfindən qeydiyyata alınmasının kifayət etdiyini vurğulayır.
Həmçinin oxuyun: Azərbaycanda qadınlar niyə tək kirayə ev tutmaqda çətinlik çəkir?
"Biri var deyirlər, bir də var dəqiqdir. Sizə deyilən bütün məlumatlar səhv məlumatlardır", cənab Novruzov televizorla bağlı yaranan problemə aydınlıq gətirməyə çalışır.
"İşləyir televizor, səhv məlumatdır. Mən də belə deyirəm. Universitetin balansında olan bütün yataqxanaların istirahət otağında televizor var", cənab Novruzov deyir və əlavə edir ki, "tələbə saat 21:00-a qədər izləyə bilər".
"Bu, deyirlər məsələsi ilə nə isə həll olunmur" deyərək komitə sədri Elşad Novruzov "belə hal varsa tələblər bizə rəsmi müraciət etsinlər" deyir.
Tələbələrin illik ödənişi ilə bağlı məsələyə cənab Novruzovdan mövqe almaq mümkün olmadı.
Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR