“Əli və Nino” filminin təhlili

“’Əli və Nino” (Ali and Nino) filmi 2016-cı ildə Hindistan əsilli rejissor Asif Kapadiya tərəfindən ərsəyə gətirilib. Qurban Səidin eyniadlı romanı əsasında çəkilən filmin ssenari müəllifi Oskar mükafatı laureatı Kristofer Hempton, icraçı prodüserləri Leyla Əliyeva və Mayri Betdir. “Qoyun oğrusu” (1997) , “Döyüşçü” (2001), “Qayıdış” (2006), “Senna” (2010), “Emi” (2015) kimi filmlərilə öz sözünü deyən Kapadiya əsasən sənədli janrda çəkdiyi ekran işlərilə şöhrət qazanıb. Elə bu səbəbdən də, onun Emu Uaynhauzun həyatından bəhs edən “Emi” sənədli filminin bu il ən yaxşı sənədli film nominasiyasında Oskar mükafatına layiq görülməsi təəccüblü deyil. “Əli və Nino” “Sundance” Beynəlxalq Film Festivalı çərçivəsində təqdim edilib. Filmin Azərbaycandakı premyerası isə oktyabrın 5-də, Heydər Əliyev Mərkəzində baş tutub.

Romantik dram janrında olan 104 dəqiqəlik film XX əsrin əvvəllərinin Bakısını görmək istəyənlər, həmin dövrün ruhunu duymaqdan zövq alanlar üçün bir göz qırpımında keçir. Həmin dövrün siyasi proseslərinin fonunda, ürəklərindəki məsum sevgidən güc taparaq mübarizə aparmağı bacaran Əli və Ninonun əzmi bu müddət ərzində tamaşaçını ovsunlayaraq ekrana kilidləyir. Kinonun IMDB xalı 9.3-dür.

Süjet

Film Birinci Dünya Müharibəsinin başladığı dövrdən start götürür. Məktəb illərindən bəri bir-birinə vurulan Əli ilə Nino çəmənlikdə oturaraq söhbətləşirlər. Onlar sevgilərinin təsadüf etdiyi dövrün gətirəcəyi çətinliklərindən xəbərsiz, qayğısız iki aşiqdirlər.

Əli xan Şirvanşir Ninoya daha yaxın olmaq üçün fürsət tapdıqca, Kipiani ailəsi ilə birlikdə ziyafətlərə qatılır. Həmin ziyafətlərdən birində o, hətta Ninonun atasına qarşı nəzakətsizlik göstərməməkdən ötrü şərab belə içir. Ziyafətin ardınca, iki sevgili yaxınlıqdakı meşəyə üz tuturlar. Ninonun atası knyaz rütbəsinə layiq olduğunu isbat etmiş və Peterburqdakı Çarın bunu qəbul etməsinə nail olmuşdu. Ona görə də Əli bu dəfə Ninoya “şahzadə” deyə müraciət edir. Bundan xoşlanan Nino həmişəki nazlı ədası ilə sevgilisinə “Əli xan, mənə elə gəlir ki, səni sevirəm. Hətta şahzadə olsam da” deyə etiraf edir. Əli Xan ona “deyəsən şahzadəliyin uzun çəkməyəcək” deyə qarşılıq verir. Onun özünəməxsus evlilik təklifini başa düşən Nino bir tərəfdən sevinir, digər tərəfdən də qarşılarına çıxa biləcək əngəlləri düşünərək qorxmağa başlayır.

Əli atası Səfər xana Nino ilə evlənmək istədiyini bildirir. Atası Nino Kipianinin xristian olmasına rəğmən etiraz eləmir. Bundan sonra Əli özünə əmin və sevincək halda özünə söz verir ki, vaxtı yubatmadan yaxın günlərdə Knyaz Kipiani ilə danışacaq və Nino ilə evlənmək niyyətində olduğunu bildirəcək.

Çox keçmir ki, Çarın bir çox Avropa kralına müharibə elan etdiyi xəbəri şəhərdə ildırım sürətilə yayılır. Çarın Alman kayzeri, Avstriya İmperatoru, Bavariya, Prussiya, Saksoniya kralı və başqalarına qarşı qəfildən elan etdiyi bu müharibə hamı kimi Əlini də narahat edir. Əli bunun onun müharibəsi olmadığına inanır. Ona görə də müharibəyə qatılmaqdan imtina edir. Həmçinin, təhsilini Moskvada davam etdirmək planını da bir kənara qoyur. İndi onun üçün önəmli olan yeganə məsələ Nino ilə evlənməkdir.

Əli Knyaz Kipianinin yanına gedərək Ninoya olan hisslərini və onunla evlənmək istədiyini bəyan edir. Knyaz heç bir etirazının olmadığını, lakin indiki müharibə şəraitində bu izdivacın gerçəkləşməsinin mümkün olmadığını bildirir. Əliyə deyir ki, müharibənin bitməsini gözləsin. Ondan sonra toy baş tuta bilər.

Əli pərişan və qəzəbli halda geri qayıdır. O, aşıb daşan hikkəsini və duyğularını Məlik Naçararyana açıb danışır. Ona bildirir ki, Knyaz razı olmasa, Ninonu qaçırıb İrana, əmisinin yanına aparacaq. Zadəgan ermənilərdən olan Məlik onu sakitləşdirir və deyir ki, gərək kimsə bu nigahın siyasi və mədəni əhəmiyyətini Knyaza izah etsin. Belə olan halda, problem həll oluna bilər. Məlik özü bu işi görmək üçün könüllü olur.

O, tezliklə Kipianilərin qonağı olur və Əliyə söz verdiyi kimi, müxtəlif mədəniyyətin daşıyıcısı olan iki şəxsin nigahının nə dərəcədə önəmli olduğu barədə Knyazla söhbət edir. Lakin heç bir ad çəkmir. Çünki onun özünün də Ninoya gözü düşüb.

Tezliklə Məliyin qarşısında Nino ilə birlikdə operaya getmək kimi fürsət yaranır. Məliyi ailəvi dost zənn edən sadəlövh Nino onunla birlikdə maşında evə qayıdarkən qətiyyən narahat deyil. Lakin Məliyin niyyəti başqadır. O, Ninoya ürəyini açır və qarşılıq ala bilməyəndə onu qaçırır. Əli vəziyyətdən xəbər tutan kimi atının tərkinə minərək Məliyin arxasınca çapır. Nəhayət onu haqlayır. Əli ilə Məlik arasında ölüm-dirim mübarizəsi başlayır. Məlik Əlini yaralasa da, sonda Əli xəncəri düz onun ürəyinin üstünə endirərək öldürür.

Əlinin dostları Ninonu evinə aparırlar. Ninonun valideynləri qızlarını da götürüb Səfər xanın yanına gəlirlər. Əli ilə Ninonun dərhal evlənməli olduqlarını, bu hadisədən sonra heç kəsin Ninoya yaxın durmayacağını deyirlər. Səfər xan etiraz edərək, Əlinin İrana getdiyini bildirir.

Yaralanmış Əli xan isə Dağıstanda müalicə alır və təmiz hava onun sağalmasına kömək edir. Günlərin bir günü o, oyanır və qarşısında Ninonu görür. İki sevgili bir-birlərini sevinclə qarşılayırlar. Ninonu Əlinin yanına gətirən Seyid Mustafa onların nigahını bağlayır. Nino “Şirvanşir” soyadına keçsə də, öz dinini saxlayır.

Əli xanı həm Bakıda, həm də İranda polis axtarır. Həmçinin Naçararyanlar ilə qan davası başlamışdır. Ona görə də, Bakıya qayıtmaq mümkün deyil. Beləliklə, Bakının iki zadəgan nəslinin nümayəndəsi kasıb bir komada kənd həyatı yaşamağa başlayırlar və olduqca xoşbəxtdirlər. Ninonun atası tez-tez məktublar yazır və Avropaya getməyi məsləhət görür. Lakin buna necə nail olacaqlarını göstərə bilmir.

Səfər xan oğlu ilə gəlinini ziyarətə gəlir. O, Nino ilə tanış olur və onu bəyənir. Əli xanın rəhmətə getmiş anasından qalan boyunbağısını Ninoya hədiyə edir. O, Bakıda vəziyyətin dəyişdiyini Əli və Ninoya xəbər verir. Artıq Çar yoxdur, Naçararyanlar da şəhərdən qaçıblar. Bakıya qayıtmaq üçün heç bir maneə görünmür.

Əli və Nino sevgilərinin başladığı doğma Bakıya qayıdırlar. Əli dərhal şəhərin müdafiəsinə, ruslara qarşı mübarizəyə hazırlaşmağa başlayır. Tezliklə türklərin Bakını azad etmək məqsədilə gələcəyi gözlənilir. Əlinin zehninin yalnız döyüş və mübarizə ilə məşğul olduğu bir vaxtda, Nino “Oğlumuza Əli adı verəcəyəm” deyərək, övladları olacağını elan edir. Əli çox sevinir.

Tezliklə döyüşlər başlayır. Rusların Bakını yenidən ələ keçirməsindən sonra, Əli Nino ilə birlikdə əmisinin Tehrandakı sarayına yollanır. İrandakı həyat tərzinə, şəriət qaydalarına heç cür uyğunlaşa bilməyən Nino burada özünü bədbəxt hiss edir.

Belə bir vaxtda, Fətəli xan Xoyskinin Azərbaycan Demokratik Cümhuriyyətinin qurulduğunu elan etməsi hər kəs üçün ölmüş ümidlərə yenidən həyat verir. Əli və Nino Bakıya qayıdırlar. Fətəli xan Əlini Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edir. Tezliklə, Əli və Ninonun qızları dünyaya gəlir.

Lakin bu xoşbəxtlik çox davam etmir. Tezliklə, rus əsgərlərinin şəhəri mühasirəyə aldıqları və parlamentin təslim olduğu xəbəri gəlir. Əli Ninonu və qızını Tiflisə, Kipianilərin yanına yola salır. Ninonu tezliklə qayıdacağına inandırır. Lakin qəhrəmancasına döyüşərək həlak olur.

Film və əsər arasındakı fərqlər

Filmdən fərqli olaraq, əsərdə hadisələr Əlinin dilindən nəql olunur.

Əsərdə Nino qan davasından qorxaraq, Əlinin onun qaçırmasını istəmir.

Filmdə Əli və Nino bir-birlərini elə ilk vaxtlardan olduğu kimi qəbul edir. Əsərdə isə müxtəlif vaxtlarda onları bir-birlərinin fərqli mədəniyyətin daşıyıcısı olması tez-tez düşündürür.

Əsərdə atası Əlinin müharibəyə getməməsini pis qarşılayır, qorxaqlıq sayır. Filmdə isə Səfər xan bu məsələyə elə də məhəl qoymur.

Əsərdə gimnaziyanı yenicə bitirən Əlinin dili ilə verilən fikirlər insanda müəyyən məqamlarda ikrah, gülüş doğurur. Filmdə isə bu satirik abu-hava yoxdur.

Əsərdə Knyaz Kipiani Əlini sonradan evinə dəvət edərək, qızı ilə evlənməsinə razılıq verir. Sonra Əli Kipianilərlə birlikdə Tiflisə gedərək, Ninonun qohumları ilə tanış olur. Filmdə bu məqamlara yer verilməyib.

Əsərdə məkanlar və şəhərlər filmdəkindən çoxdur.

Əsərdən fərqli olaraq, filmdə Əli və Ninonun məktəb illərinə, sinif yoldaşlarına yer verilməyib.

Əsərdə Əli Məliyi öldürəndən sonra, Seyid Mustafa ilə Məmməd Heydər ona Ninonu da öldürməsi üçün təkid edirlər. Filmdə isə Nino birbaşa atasının evinə göndərilir.

Filmdə Fətəli xan Əlini Xarici İşlər Nazirinin müavini, əsərdə isə Xarici İşlər Nazirliyində Qərbi Avropa şöbəsinin attaşesi təyin edir.

Əsərdə qadının ruhu və əqli olmadığına inanan, sünnilərə düşmən mövqeyi tutan Seyid Mustafa filmdə müsbət formada verilmişdir.

Obrazların təhlili

Əli xan Şirvanşir – Gimnaziyanı yenicə bitirmiş Əli Şərq və İslam dəyərlərinə, mədəniyyətinə, yaşadığı Bakıya qəlbən bağlı bir dəliqanlıdır. O, təhsili, müasir düşüncə tərzi ilə dövrünün azərbaycanlı zadəganların prototipidir. Əli məktəb illərində, həmçinin atasının, əmisinin, yoldaşlarının və başqalarının ona təlqin etdiyi dəyərləri qoruyub saxlayan, öz əsli ilə fəxr edən bir gəncdir. Əlinin əcdadlarından Şirvanşirlərin dördü Hindistana yürüş vaxtı, döyüş meydanında həlak olub, biri isə Dehlidən qənimətlə qayıdıb. Bakını müdafiə edən babası İbrahim xan Şirvanşir isə Gəncə yaxınlığında döyüşərək həlak olub.

Filmin əvvəllərində, Kipianilərdəki ziyafət zamanı Əli ağacları yox, çölləri sevdiyini deyir. Çünki “çöl bir qılınc zərbəsi kimi sadə, meşələr isə dolaşıqdır.” Onun bu fikri xarakteri barəsində müəyyən məqamları aşkara çıxarır. Əli yaşının gərəkdirdiyi kimi sadə, dikbaşlı, gördüyünə inanan bir insandır. Ona görə də, “meşə” ilə qarşılaşarkən çaşıb qalır. Atasının onu mərd, cəsur ruhda böyütməsinin də burada böyük rolu var. O, düşünür ki, əgər insan bir sözü deyirsə, mütləq onun arxasında durmalıdır. Hər bir həqiqətin açıq-aşkar meydanda olduğunu zənn edir və lazım gələrsə, onu əldə etmək üçün hər cür mübarizəyə də hazırdır. Məhz bu cür düşünməsi Əlinin Məliyin əsl simasını görməsinə əngəl törədir. Nəticədə isə xəyanət qaçınılmaz olur.

Əli şiə müsəlmandır. Dinini çox sevir. Lakin o, nəinki Ninonu dinini dəyişməyə, çarşab örtməyə sövq etmir, heç bu barədə söhbət belə açmır. Onun seçimlərinə və dəyərlərinə daim hörmət bəsləyir. Hər bir addımında onun öz xanımı ilə fəxr etdiyi duyulur. Həmçinin, Əlinin Kipianilərin evində şərab içməsi də onun zəif xarakterinin deyil, tolerant düşüncə tərzinin nümayişidir.

Əli rolunu fələstinli aktyor Adəm Bəkri ifa edir. Filmi izləmədən öncə, filmoqrafiyası o qədər də geniş olmayan aktyora bir qədər tərəddüdlə yanaşırdım. Lakin fikrimcə, qabarıq üz cizgiləri, tünd gözləri ilə Bəkri həm azərbaycanlıya bənzəyir, həm də rolunun tələb etdiyi duyğuları öz simasında əks etdirə bilir.

Bəkrinin Ömər (2013) filmindən tanıdığımız iri təbəssümünü, qəzəbli, fikirli baxışlarını və sevgisi uğrunda fədakarlıqlarını Əli və Ninoda da görürük. Lakin sevdiyi qızı hiyləgərliklə əlindən alan uşaqlıq dostuna qarşı təmkin nümayiş etdirən, planlar quran Ömərdən fərqli olaraq, Əli Məliyin xəyanəti qarşısında qətiyyən gözləmir və onu tərəddüd etmədən öldürür.

Fikrimcə, Əli obrazı Bəkrinin gələcək karyerası üçün olduqca uğurlu bir addımdır.

Nino Kipiani – Nino liseyi yenicə bitirmiş, 17 yaşlı gənc, məsum, şıltaq bir qızdır. O, Əlini uşaq yaşlarından bəri sevir. Bu sevgi onu Azərbaycanda baş verən siyasi proseslərin düz mərkəzinə gətirib çıxarır. Nino yaxşı təhsil və tərbiyə almış, nümunəvi bir xristian qızı kimi yetişdirilmişdir. Əli kimi o da öz dəyərlərinə və dininə bağlıdır. Gürcü olması, öz əsli ilə daim qürur duyur. Anasının Əlini “vəhşi müsəlman” adlandırmasına, atasının Əlinin onu hərəmxanaya göndərəcəyi ilə qorxutmasına rəğmən, fikrindən dönmür. Onun dinini dəyişdirməməsi, İranda olarkən bütün gün otaqdan bayıra çıxmamaq bahasına belə olsa, çarşab bağlamaqdan imtina etməsi bunu bir daha sübut edir. Nino bütün gənc qızlar kimi ürkək, qorxaq olsa da, yeri gələndə cəsarətli addımlar atır, qorxusunun sevgisinin qabağına keçməsinə qətiyyən izin vermir. Onun mübarizəsi heç də Əlininkindən geri qalmır. O, dəfələrlə Əliyə layiq bir xanım olduğunu nümayiş etdirir.

Nino obrazını filmdə ispan aktrisa Mariya Valverde canlandırır. Fikrimcə, aktrisanın xarici görünüşü əsərdə “incə, zərif, gülər gözlü, hilal qaşlı” kimi təsvir olunan Ninoya kifayət qədər bənzəyir.

“Çatlaqlar” (2009), “Dağların hakimi” (2007) “Göyün yeddinci qatında” (2010), “Köç: tanrılar və krallar” (2014) kimi filmlərdə bir-birindən müxtəlif obrazlarda çıxış edən Valverde Əli və Nino ilə öz filmləri sırasına tamamilə fərqli və özünəməxsus bir obrazı da daxil edib. Qeyri-ənənəvi gözəlliyi, fərqli üz cizgiləri ilə hətta ifa etdiyi epizodik rollarla belə diqqəti cəlb edən aktrisa əsəri oxuyarkən xəyalımda canlanan Nino ilə tamamilə üst-üstə düşür.

Səfər xan – Əlinin atası Səfər xanı filmdə Çərpələng uçuran” (2007), “Aqora” (2009) və digər dünya şöhrətli filmlərdə rol almış iranlı aktyor Humayun Ərşadi ifa edir.

Tanınmış nəslin nümayəndəsi olan Səfər xan mərd, cəsur və öz sözünü deməkdən çəkinməyən bir şəxsdir. Onun bu xüsusiyyətləri Əliyə də sirayət edib. Səfər xan adət-ənənələrə Əliyə nisbətən daha çox bağlıdır. Buna baxmayaraq, Əlinin Nino ilə evlənmək istəyini normal qarşılaması onun açıq fikirli bir müsəlman olduğunu göstərir.

Səfər xan müəyyən qədər təzadlı xarakterə malikdir. Onun Əlinin övladının qız olduğunu biləndə, “İnşallah gələn dəfə oğlan olar” deməsi, həmçinin hadisələrdən sonra İrana qayıdaraq şəriət mühitində yaşamağı tərcih etməsi onun bir o qədər də müasir və yeniliyə açıq olmadığını göstərir. Bununla belə, Kipianilərə və digər fərqli mədəniyyətlərin daşıyıcılarına qarşı mülayim və mehribandır.

Knyaz Kipiani – Ninonun atasını tanınmış amerikalı aktyor Mendi Patinkin canlandırır.

Knyaz Kipiani Gürcüstanın tanınmış nəsillərindən birinin nümayəndəsidir. O, bir qədər şöhrətpərəst və hiyləgər insandır. Qızının Əliyə olan sevgisinə kölgə salmaq məqsədilə, Əlinin onu hərəmxanaya göndərəcəyini deməsi, müharibəni bəhanə edərək onların nigahını yubatmaq cəhdi bunu göstərir. Bununla belə, o, övladını sevən, onun yaxşığını hər şeydən üstün tutan bir atadır. Elə bu səbəbdən də, Məlik öldürüləndən sonra qürurunu tapdalayaraq, qızının şərəfini xilas etmək üçün ailəsini də götürüb Səfər xanın qapısına getməkdən çəkinmir.

Lovğalığı müdrikliyinə üstün gələn Kipiani sona qədər qızını çətin həyat şəraitindən xilas etməyin yollarını axtarır. Buna baxmayaraq, o, çox zaman düzgün ölçüb biçmədən təkliflər verdiyinə görə, heç kəs ona məhəl qoymur. Sonda Nino öz qızı ilə yenidən ailəinin yanına qayıdır. Fikrimcə, Kipiani bütün mənfi və müsbət xüsusiyyətləri ilə birlikdə, yaxşı bir atadır.

Xanım Kipiani – Ninonun anası obrazını “Şeytanın vəkili” (1997), “Qladiator” (2000) kimi dünya şöhrətli filmlərdə rol almış danimarkalı aktrisa Konni Nilsen ifa edib.

Filmdə də əsərdə olduğu kimi bu obraz geri plandadır. Lakin məğrur duruşu, qəddar baxışları ilə yadda qalmağı bacarır. Xanım Kipiani qızının yerinə özü düşünməyi üstün tutan, fikrini ona zorla yeritməyə çalışan bir qadındır. O, övladı üçün ən yaxşısını özünün bildiyinə tam əmindir. Üstəlik, müsəlmanlara qarşı olan “vəhşi müsəlman” yanaşması onun kübar, zadəgan vücudunun daxilində tolerantlıqdan, açıq fikirlilikdən uzaq bir insanın gizləndiyini xəbər verir. Aldığı yüksək təhsil, dünyagörüşü onu daxilən zənginləşdirmək əvəzinə, eqosunu gücləndirib. Buna görə də insanlara yuxarıdan aşağı baxır. Lakin dar düşüncə tərzinə rəğmən, o da övladını sevən bir anadır.

Fətəli xan Xoyski – Fətəli xan obrazını tanınmış türk aktyor Xalid Ərgənc ifa edir. Onun “Möhtəşəm əsr” (2011) teleserialından tanıdığımız soyuq və qətiyyətli baxışları bu filmdə də tamaşaçını ələ almağı bacarır.

Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin başçısı, Daxili İşlər Naziri və Xarici İşlər Naziri vəzifələrini icra etmiş Fətəli xan filmdə elə də çox görünmür. Bununla belə, o, həlledici məqamlarda özünü göstərir və yadda qalmağı bacarır.

Məlik Naçararyan – Erməni zadəganı Məlik Naçararyan obrazını filmdə italyan aktyor Rikkardo Skamarço canlandırır.

Məlik ikiüzlü, xəyanətkar, qorxaq, zəif, “saman altdan su yeridən” bir şəxsdir. Əlinin ona göstərdiyi inam və etibara rəğmən etdiyi alçaqlıq bunu açıq-aydın göstərir. O, təbiətcə olduqca aciz və zəifdir. Lakin o, həm də hiyləgərdir. Danışıq qabiliyyəti, şirin dili ilə Əlini də, Knyaz Kipianini də ələ almağa nail olur. Öz mənfəətlərinə çatmaqdan başqa bir dərdi olmasa da, özünü tolerantlığın, çoxmədəniyyətliliyin müdafiəçisi kimi göstərir. Saxta mehribanlığı, yalançı səmimiliyi, yaltaqlığı və namərdliyi elə Əlinin ona ürəyini açdığı səhnədən tamaşaçıya bəlli olur.

Ümumiyyətlə, əsərdə olduğu kimi, filmdə də Naçararyana qarşı heç bir rəğbət görünmür. Onun cılız təbiəti bütün çılpaqlığı ilə tamaşaçıya təqdim olunur.

Filmin verdiyi mesajlar

İnsanın həyatdakı ən önəmli seçimi birlikdə ömrünü keçirəcəyi şəxsi seçməsidir. Bu məsələdə başqalarına güzəştə gedən insan, artıq məğlubdur.

İnsan nə qədər firavan, mükəmməl bir həyat yaşayırsa yaşasın, azadlıq yoxdursa, bu xoşbəxtlik tam deyildir.

Qürbət cənnət belə olsa, insan üçün Vətəndən daha gözəl bir yer ola bilməz. Vətən insanın özünü tapdığı, kəşf etdiyi, bütün zərrələrilə bağlandığı canlı bir orqanizm kimidir.

Xülya Cəfərova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR