Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pakistanın Baş nazirinə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Pakistanın Baş nazirinə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Date: 14 October 2016 15:42

Oktyabrın 14-də Bakı Dövlət Universitetində (BDU) Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

Milli.Az AZƏRTAC -a istinadən bildirir ki, Pakistanın Baş naziri əvvəlcə universitetdə Heydər Əliyev Muzeyi ilə tanış olub.

Sonra Məhəmməd Nəvaz Şərif universitetin şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələrlə görüşüb. Tələbələr Baş naziri urdu dilində salamlayıb, Azərbaycan-Pakistan əlaqələri, Pakistanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı fikirlər səsləndiriblər. Pakistanın Baş naziri tələbələrin çıxışından məmnunluğunu bildirib, onlara təşəkkür edib.

Universitetin akt zalında davam edən tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Baş nazir Məhəmməd Nəvaz Şərifi rəhbərlik etdiyi ali məktəbin kollektivi adından salamlayıb, onun Bakı Dövlət Universitetinə gəlişini tarixi hadisə adlandırıb. Azərbaycan ilə Pakistan arasında yüksək səviyyəli strateji müttəfiqlikdən danışan A.Məhərrəmov vurğulayıb ki, dünyada Xocalı soyqırımını rəsmən tanıyan ilk ölkə Pakistandır. Rəsmi İslamabad, eyni zamanda, Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə görə Ermənistanı dövlət kimi tanımır. Pakistanın zəngin tarixi, ədəbiyyatı, mədəniyyəti və böyük elm ənənələri var. Dünyada fundamental elm sahələri üzrə cəmi iki müsəlman alim Nobel mükafatına layiq görülüb ki, onlardan biri dünya şöhrətli pakistanlı fizik Abdus Salamdır.

Daha sonra akademik A.Məhərrəmov universitetin elmi şurasının Pakistanın Baş nazirinə fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub. Məhəmməd Nəvaz Şərifə fəxri doktor diplomu və mantiya təqdim olunub.

Baş nazir Məhəmməd Nəvaz Şərif BDU-nun müəllim və tələbələri qarşısında çıxış edib, fəxri doktor diplomuna görə təşəkkürünü bildirib. Azərbaycan-Pakistan münasibətlərindən danışan Baş nazir iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərin Pakistanda böyük sevinclə qarşılandığını vurğulayıb.

Milli.Az


Tags:  Pakistanın Baş nazirinə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib

RƏYLƏR


Top news