Səfir: "Fransa Azərbaycandakı tolerant ənənələrin öyrənilməsində maraqlıdır" - FOTO

Səfir: "Fransa Azərbaycandakı tolerant ənənələrin öyrənilməsində maraqlıdır" - FOTO
15:52 14 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Fransanın Azərbaycandakı səfiri Oreliya Buşezlə görüşüb.

Mili.Az bildirir ki, DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədri M.Qurbanlı Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədə qurulduğunu deyərək Fransanın Avropa ölkələri arasında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu vurğulayıb. Komitə sədri DQİDK-nın fəaliyyəti barədə səfirə geniş məlumat verib. O deyib ki, Komitə dövlətin din siyasətini həyata keçirir, din sahəsində qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət edir. Ölkəmizin dünyəvi dövlət olduğunu bildirən M.Qurbanlı dini ekstremizmə və radikallığa qarşı mübarizədə Komitənin fəaliyyəti barədə məlumat verib.

Azərbaycan əhalisinin 96 faizinin İslam dininə etiqad etdiyini diqqətə çatdıran Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb.

Dövlət Komitəsinin sədri tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu deyərək bu dəyərin ölkəmizin siyasi və ictimai həyatında da özünü göstərdiyini bildirib. O qeyd edib ki, ölkəmizdə yəhudi sinaqoqları, pravoslav, katolik və lüteran kilsələri fəaliyyət göstərir, həmçinin Bakıda erməni kilsəsi mövcuddur.

Komitə sədri həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün yüksək mədəni dəyərə çevrildiyini bildirib. O vurğulayıb ki, bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.

M.Qurbanlı ölkəmizin tolerantlıq modelinin dünyada təbliğ olunması üçün Heydər Əliyev Fondu və onun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərdən, Fransa-Azərbaycan əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışıb.

Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi bölgədə sülhün təmin olunmasına öz töhfəsini verə biləcəyinə ümidvar olduğunu da diqqətə çatdırıb.

O.Buşez ölkəmizdə dövlət-din, konfessiyalararası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, nümunəvi multikultural və tolerant mühitin mövcud olduğunu bildirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsində Fransanın da maraqlı olduğunu önə çəkib. O, Azərbaycanda dini durumun sabit olduğunu qeyd edərək ölkəmizdəki multikultural və tolerant ənənələrin öyrənilməsində maraqlı olduqlarını deyib. Səfir O.Buşez ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransa dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daim dəstək verdiyini söyləyib.

Qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/479392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR