Nazir: "Azərbaycanda 1 milyon 312 min nəfər əmək pensiyası alır"

Nazir: "Azərbaycanda 1 milyon 312 min nəfər əmək pensiyası alır"
17:27 14 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin sosial müdafiəsinin təmin olunması sahəsində 2016-cı ilin 9 ayında görülən işlərin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Bu barədə "Report" nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, iclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin, sosial xidmət müəssisələrinin məsul şəxsləri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq bu hesabat iclasının əlamətdar hadisə - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsində keçirildiyini bildirib: “Ötən 25 ildə xalqımız ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində öz milli dövlətçiliyinin qurulması və möhkəmləndirilməsini uğurla təmin edib. Bu dövr Azərbaycanın sürətli iqtisadi tərəqqisinə, ölkədə sosial rifahın yaxşılaşdırılmasına, milli-mənəvi dəyərlərin qorunması və inkişafına, ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal mövqeyə sahib olmasına xidmət edən tarixi nailiyyətlərlə zəngin bir inkişaf mərhələsi, tariximizin şanlı səhifəsidir”.
S.Müslümov bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı oktyabrın 1-nə 1 milyon 312 min nəfər təşkil edib: "2016-ci ilin doqquz ayı ərzində ölkə əhalisinin 4,7 faizinə və ya 458 838 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub. Bundan əlavə, 57 389 nəfər Prezident təqaüdləri ilə təmin olunub. Dövlət başçısının müvafiq sərəncamları ilə cari ildə də həmin müavinət və təqaüdlərin məbləği artırılıb, ümumilikdə sosial müavinət və təqaüdlərin orta aylıq məbləğində 2016-cı ilin əvvəlinə nisbətən 9,6 faiz artım qeydə alınıb. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanın Milli Qəhrəmanları və ya onların ailə üzvləri üçün Azərbaycan Prezidentinin aylıq təqaüdünün məbləği də növbəti dəfə artırılıb. 2005-ci ilin avqustun 1-dən təyin olunan bu təqaüdlərin məbləği ötən dövrdə 2,2 dəfə artırılaraq 1300 manata çatdırılıb. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” fərmanla respublikanın elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslər üçün Azərbaycan Prezidentinin fərdi təqaüdünün məbləği 30 faiz artırılaraq 1300 manata çatdırılıb”.
Nazir ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmış şəraitdə tətbiqinə imkan verən Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) fəaliyyətə başlamasını hesabat dövrünün mühüm uğurlarından biri kimi qeyd edib. O bildirib ki, bu, əmək və sosial müdafiə sistemində elektron texnologiyaların tətbiqi və bununla da əhaliyə xidmətlərdə şəffaflığın təminatı sahəsində son illərdə aparılan ciddi islahatların davamıdır. S.Müslümov müasir texnologiyalardan istifadə edilməklə əhaliyə xidmətlərin elektron müstəvidə təşkili işlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyini vurğulayıb.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Fondun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsində 120 nəfər bu kateqoriyadan olan şəxs yaşayır. Həmçinin, nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzində hesabat dövründə 222 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşə kurslarına cəlb olunub və hazırda 86 nəfər mərkəzdə kurs keçir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na əsasən Fondun yerli orqanlarının 1 237 nəfər sosial işçisi tərəfindən 11 855 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial məişət xidməti göstərilir. Həmçinin cari ilin 9 ayı ayı ərzində 3 876 nəfər imtiyazlı şəxs sanator-kurort yollayışı, 1 015 nəfər imtiyazlı şəxs istirahət mərkəzlərinə yollayışla təmin olunub.
Z.Babayev insan alveri qurbanlarının sosial müdafiəsi sahəsində görülən işlər, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi üçün nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr barədə də məlumat verilib.
2016-cı ilin 9 ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin yekunları ətraflı müzakirə olunub. Müsbət nəticələrlə bərabər, yol verilmiş ayrı-ayrı nöqsanlara da toxunulub, fəaliyyətini düzgün qura bilməyən, işində nöqsan və çatışmazlıqlar aşkar edilən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib. 



Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-1-milyon-312-min-nefer-emek-pensiyasi-alir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR