Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş nazir: "Pakistan Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin tərəfdarıdır"

Baş nazir: "Pakistan Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin tərəfdarıdır"

Date: 14 October 2016 17:42

Biz Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin tərəfdarıyıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

M.N.Şərif deyib: "Zati-aliləri Prezident İlham Əliyev. Hörmətli mətbuat nümayəndələri. Zati-aliləri əziz qardaşım Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, ölkələrimizin əməkdaşlığı ilə bağlı bu qədər gözəl sözlər dedi. Bu sözləri Prezidentdən eşitmək mənim üçün böyük şərəfdir. Bu gün bu gözəl ölkədə olmaq da mənim üçün xüsusi qürurverici bir haldır. Mən və məni müşayiət edən həmkarlarımla birlikdə səmimi dəvətə və mənim nümayəndə heyətimə göstərilən səxavətli qonaqpərvərliyə görə təşəkkür edirəm. Bu, bir daha onu sübut edir ki, mən buradan ən xoş arzularla ayrılacağam".

Baş nazir Bakıya ilk dəfə səfər etdiyini qeyd edib: "Küləklər şəhəri" adlandırılan Bakı bir çox pakistanlıya doğma vətənini xatırladır. Bakının mərkəzində yerləşən Multanı karvansarayı, - mən dünən oranı ziyarət etdim, - xalqlarımız arasında tarixi bağlılığın təsdiqidir. Həmkarlarıma bildirmək istərdim ki, bu karvansaraya Multan şəhərinin şərəfinə "Multanı" adı verilib. Bura çox gözəl bir yerdir, vaxtilə insanlar burada gecələmişlər. Mən də dünən böyük məmnuniyyətlə bu karvansarayla tanış oldum. Dediyim kimi, bu, bizim tarixi bağlılığımızın təsdiqidir. Regionumuzda mövcud olan belə karvansaraylar böyük bir həqiqəti ifadə edir ki, biz minilliklər boyu əsas ticarət marşrutları kimi istifadə edilən regionun mərkəzində yerləşirik. Belə bir şərəfli ənənənin davamçısı kimi, biz haqlı olaraq deyə bilərik ki, gələcək bizimdir və bununla biz regional inteqrasiya ilə nəticələnəcək bağlılığımızı gücləndirmək üçün enerji və səylərimizi bu istiqamətə yönəltməliyik".

M.N.Şərif qeyd edib: "Azərbaycanda diqqətəlayiq siyasi sabitlik, ictimai həmrəylik və böyük iqtisadi inkişaf məndə dərin təəssürat yaratdı. Prezident Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi təqdirəlayiq iqtisadi inkişaf və sosial tərəqqi Pakistanda böyük rəğbətlə izlənilir. Pakistan və Azərbaycan hər zaman bir-birinə bənzər baxışlara malik olmuşlar və Prezident Əliyev ilə bu görüşümdən sonra məmnunluqla əmin oldum ki, bizim ideallarımız da üst-üstə düşür. Biz hesab edirik ki, regional və qlobal məsələlər beynəlxalq hüquq çərçivəsində, sülh və dialoq vasitəsilə həll edilməlidir. Biz sülh prinsipinə sadiq olan ölkəyik. Biz digər dairələrin açıq-aşkar təcavüzünə baxmayaraq, sülh naminə inkişaf prinsiplərinə sadiqik. Ancaq sülh prinsipinə cəsarətli sadiqliyimiz heç vaxt yanlış olaraq, zəiflik kimi qəbul edilməməlidir.

Görüşlərimizdə regional və beynəlxalq məsələlər də daxil olmaqla bir çox mövzuları müzakirə etdik. Cənab Prezident artıq bunların bəzilərini qeyd etdi. Kəşmir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qarşılıqlı dəstək ölkələrimiz arasında yaxın anlaşmanın olduğunu və mövqelərimizin nə dərəcədə üst-üstə düşməsini sübut edir".

Baş nazir əlavə edib ki, Pakistan Dağlıq Qarabağ məsələsi ilə bağlı aydın mövqeyə malikdir: "Biz Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin, Dağlıq Qarabağdan və ətraf rayonlardan erməni silahlı qüvvələrinin çıxarılmasının, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının tərəfdarıyıq. Mən Kəşmir münaqişəsi ilə bağlı Pakistanın mövqeyinin Azərbaycan tərəfindən dəstəklənməsini, yəni, məsələnin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun dialoq və sülh vasitəsilə həll edilməsinin tərəfdarı olmasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, hər iki məsələnin tam həllinə qədər qarşılıqlı dəstək sarsılmaz olaraq qalacaq. Bizim regionlarımızın inkişafının və firavanlığının, əmin-amanlığının və təhlükəsizliyinin perspektivləri həmin münaqişələrin girovuna çevrilib".

O vurğulayıb ki, bizim siyasi əlaqələrimiz ardıcıl olaraq inkişaf edir: "Görüşlərimizdə razılığa gəldik ki, iqtisadiyyat, sərmayə qoyuluşu, ticarət, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, elm, mədəniyyət və digər sahələrdə əlaqələrimizi daha da inkişaf etdirək. Bizim hazırkı ticarət dövriyyəmiz potensialımızı heç də əks etdirmir və burada canlanmaya ehtiyac duyulur. Eyni zamanda, iki ölkə arasında əlaqələndirmənin vacibliyi və gələcək ilə bağlı baxışlarımıza dair fikir mübadiləsi apara bildik. Biz beynəlxalq müstəvidə - BMT, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızı davam etdirməklə bağlı razılığa gəldik.

Hesab edirəm ki, Bakıya səfərim tərəqqi, firavanlıq, inkişaf, əlaqələndirmə və bütün regionun inteqrasiyası ilə bağlı vahid məqsədlərimiz ətrafında müzakirə aparmaq üçün imkan yaratdı. Biz sıx siyasi münasibətlərimizin bütün sahələr - iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu və sair sahələr üzrə real əməkdaşlığa təkan verməsi ilə bağlı qərarlı olduğumuzu vurğuladıq.

Cənab Prezident, təşəkkür edirəm. Yaşasın, Azərbaycan-Pakistan dostluğu! Diqqətinizə görə bir daha təşəkkür edirəm".

Milli.Az


Tags:  Baş nazir Pakistan Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin tərəfdarıdır


RƏYLƏR


Top news