"Qələbədən danışmaq bizi qorxuda bilər"

"Qələbədən danışmaq bizi qorxuda bilər"
18:22 14 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin goal.az-a müsahibəsini təqdim edir.

- Goal.az saytının ayın ən yaxşı futbolçusu üçün nəzərdə tutulmuş mükafat təsis etməsini necə qiymətləndirirsiniz?

- Gözəl bir ənənə başlatmısınız. Allah davamlı etsin. Namizədlərin arasından "Kəpəz"in futbolçusunun seçilməsi baş məşqçisi kimi məni də sevindirir. Dünən mətbuat xidmətindən zəng edib, bu barədə məlumat verəndə mənə çox xoş oldu. İşinizin davamlı olmasını arzulayıram.

- Azərbaycan Premyer Liqasında ilk dövrə başa çatıb. Qış fasiləsində komandanın hər hansı mövqeyinə yeni futbolçu cəlb olunacaq?

- Hərəkətdə olan hər şeyin dəyişikliyə ehtiyacı var. Komandada dəyişiklik üçün iki period var: yay və qış transfer pəncərəsi. Bu müddətdən maksimum istifadə etməyə çalışmaq lazımdır. Amma büdcəyə baxıb iş görmək lazımdır. Açıq deyirəm ki, biz büdcəmizə görə 8 Premyer Liqa klubu arasında 7-ci yerdəyik. Ona görə ciddi rotasiya etməyə gücümüz çatmaz. Bir-iki mövqedə dəyişiklik gözlənilir. Əsasən, yerli futbolçuları nəzərdən keçirəcəm. Legioner mövzusunu bağlamışıq. Yanvara qədər vaxtımız var. Həmin vaxta qədər bir neçə oyunumuz olacaq. Bundan sonra zəif mövqeləri müəyyən edib imkanımız daxilində dəyişiklik etməyə çalışacağıq. Düzü, dəyişiklik etmək istəməzdim. Nəyə görə? Hazırki futbolçularımız elə uğurlu çıxış etsin ki, yeni transferə ehtiyac qalmasın.

- "Kəpəz"in ilk dövrədəki çıxışını necə qiymətləndirirsiniz?

- Qənaətbəxş saymıram. Elə oyunlar vardı ki, komanda boyundan yuxarı tullana bildi. Elə oyunlar da oldu ki, uşaq səhvlərindən qollar buraxdıq. Stabil oynaya bilməmişik və bu məni narahat edir. Sevindirici hal odur ki, 7 oyunun hamısında rəqibdən daha üstün olmuşuq. Yaxşı oyun ortaya qoyulur. Sadəcə nəticələrdə axsama var. İndvidual səhvlərin ucbatından qapımızdan asan qollar buraxıb xallar itiririk. Məsələn, "İnter"lə oyunda 91-ci dəqiqədə buraxılan qol. AZAL-la ev oyununda bir çox qol imkanlarını boşa verdik. "Neftçi" ilə oyunda 2 səhvdən qapımızda 2 qol gördük. "Qarabağ"la oyunda qələbə qazana bilərdik, ədalətli heç-heçə oldu. Ümid edirəm ki, ikinci dövrədə səhvləri yığışdırıb daha stabil oyun nümayiş etdirə biləcəyik.

- Qış fasiləsində xaricdə təlim məşq toplanışı olacaq?

- Hal-hazırda bu, menyumuzda yoxdur. Dekabrın 21-inə qədər vaxtımız var. Ən yaxın oyunumuzu düşünürük. Bundan sonra məşq toplanışı barədə düşünəcəyik.

- Millimiz tarixi ərzində təsnifat mərhələsinə ən uğurlu startını verdi. Hər 3 oyunda müdafiə xətti inamlı təsir bağışladı. Bu tempdə davam etməklə "Niyə də Yox" şüarını reallığa çevirə bilərikmi?

- Azərbaycan millisinin bütün futbolçuları, əməkdaşlarını "Kəpəz" və öz adımdan təbrik edirəm. Yuxu kimi görünsə də, xoşbəxtlikdən, bu reallıqdır. Müdafiədə etibarlı futbol oynamağa başlamışıq. Bütün komandanın ağıllı müdafiə olunması sevindirir. Əvvəl say baxımından müdafiə olunurduqsa, indi keyfiyyət artımı müşahidə edilir. Məşqçi işini qeyd etməsək, haqsızlıq olar. Fikir vermisizsə, sarı vərəqələrin sayı da azalıb. Komanda daha nizamlı oynayır. Əlbəttə, eyforiyaya qapılmaq lazım deyil. Ön xəttə dişsizlik hiss olunur. Bu da yavaş-yavaş yoluna qoyulacaq.

- Komandanın bu uğurlu çıxışı yerli futbolçuların legioner həyatı yaşamasına təsir edəcəkmi?

- Millinin yaxşı nəticələr qazanmasında 2 mühüm amil var ki, onu qeyd etmək lazımdır. "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasında güclü klublarla oynamasının əhəmiyyəti böyükdür. Bu klubların futbolçuları Avropada qazandığı təcrübəni milliyə də gətirib. Daha sakit oynayırlar, stress yoxdur. Digər tərəfdən millidə oyun keyfiyyətinin yüksəlməsi futbolçularımızın Avropaya qapısını açır. Skautlar, menecerlər özündən söz etdirən komandanın üzvlərini izləyir. İslandiya millisinə baxın. Uzun müddət təsnifat mərhələlərində sonuncu yerlərdə olurdu. Birdən-birə Avropa çempionatında diqqəti üzərinə çəkdi. Artıq dünya çempionatna vəsiqə qazanacaq gücdə komanda formalaşdırıblar. Niyə də Azərbaycan həmin yolu getməsin? Düzdür, eyforiyaya qapılıb Almaniya, Şimali İrlandiya üzərindəki qələbədən danışmaq bizi qorxuda bilər. Sadəcə başımızı aşağı salıb yolumuza davam etməliyik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR