Azərbaycan Peterburq Beynəlxalq Səhiyyə Forumunda təmsil olunub

Azərbaycan Peterburq Beynəlxalq Səhiyyə Forumunda təmsil olunub
20:02 14 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Oktyabrın 12-14-də Sankt-Peterburqda Expoforum sərgi mərkəzində Peterburq Beynəlxalq Səhiyyə Forumu keçirilib. 
Azərbaycanın Sankt-Peterburqdakı baş konsuluğundan "Report"a verilən məlumatına görə, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi və Sankt-Peterburqun Səhiyyə Komitəsinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə Azərbaycandan səhiyyə və turizm sahələrini təmsil edən aparıcı şirkətlərin nümayəndələri “Millenium Turizm” şirkətinin müdiri Ruslan Quliyev, “Naftalan” obyektinin həkimi Şahin Babayev, “Qalaaltı” obyektinin tibb üzrə müdiri Çingiz Hacıyev, “PMD Hospitality” şirkətinin satış meneceri Mirağa Seyidov, “Gilan Hospitality” şirkətlər qrupunun satış meneceri Şərifə Həsənova və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov iştirak ediblər.
S.Qasımov Azərbaycanda analoqu olmayan müasir səhiyyə və turizm obyektlərinin fəaliyyət göstərdiyini və Naftalan kurortunun uzun illərdir dünyada tanındığını qeyd edib. Azərbaycanda səhiyyə və turizm sahələrinin sürətlə inkişaf etdiyini bildirən baş konsul bu istiqamətlərdə əldə olunan nailiyyətlərin Prezident İlham Əliyevin düşünülmüş siyasəti və həyata keçirdiyi islahatları nəticəsində əmələ gəldiyini vurğulayıb. Rusiyalı turistlərin Azərbaycana cəlb edilməsi zərurətinə diqqət çəkən diplomat ölkəmizi təmsil edən nümayəndələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Rusiyanın Sankt-Peterburq hökumətinin vitse-qubernatoru Olqa Kazanskaya və Səhiyyə Komitəsinin sədri Valeriy Kolabutin Azərbaycan stendində kurort təsislərimiz tərəfindən təqdim olunan təkliflərlə yaxından tanış olublar. Rusiyanın Sankt-Peterburq administrasiyasının rəsmiləri ölkəmizdə müalicəvi turizmin xeyli inkişaf etdiyini və geniş imkanlara malik olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində Azərbaycanda müalicəvi turizm mövzusuna həsr edilmiş təqdimat keçirilib. Təqdimatda çıxış edən “Naftalan”, “Çinar”, “Qalaaltı”, “Qaşaltı”, və “Qafqaz” otellər zəncirinin nümayəndələri bu müəssisələrin fəaliyyəti, xidmət növləri və müalicəvi xüsusiyyətləri barədə danışıblar.
Oktyabrın 14-nə qədər davam edən sərgidə 12 ölkədən 150-dək iştirakçı qatılıb. Ölkəmizin müalicəvi turizm potensialını təqdim edən stendə maraq yüksək olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/azerbaycan-peterburq-beynelxalq-sehiyye-forumunda-temsil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR