Məktəblərin iş dəftəri problemi - Təhsil Nazirliyi "məcburi deyil" deyir, müəllimlərsə...

Məktəblərin iş dəftəri problemi - Təhsil Nazirliyi "məcburi deyil" deyir, müəllimlərsə...
23:32 14 Oktyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni dərs ilinin başlamasından bir aya yaxın vaxt keçir. Amma məktəblilər üçün iş dəftərləri köhnə problem olaraq qalır. Belə ki, Təhsil Nazirliyi iş dəftərlərinin alınmasının könüllü olduğunu, heç bir halda məcburi xarakter daşımadığını bildirsə də, əksər orta məktəblərdə şagirdlərdən yenə də iş dəftərləri tələb olunur.

Valideyn Nüşabə Haqverdiyevanın sözlərinə görə, müəllim iş dəftərlərini almağı tələb edir: "Deyir ki, iş dəftərlərindən tapşırıqlar verir, çalışmalar edirik. Almasanız, uşağınız dərslərdən geri qalacaq. İş dəftərlərinin qiyməti ibtidai siniflər üçün 3 manatdan, yuxarı siniflər üçünsə 5 manatdan başlayır. Dərs ili üçün lazım olan digər vəsaitlərlə yanaşı iş dəftərlərinin alınması isə indiki zamanda çətin gəlir. Bəzən mümkün də olmur. Heç bir valideyn də istəmir ki, uşağı digərlərindən seçilsin. İş dəftərləri əgər dərs proqramına daxildirsə, uşaqlar da bu dəftərlərdən çalışma etməyə məcburdularsa, yaxşı olardı ki, Təhsil Nazirliyi dərsliklərlə yanaşı iş dəftərlərinin də pulsuz paylanılmasını təşkil etsin və ya iş dəftərləri birdəfəlik ləğv olunsun".

Digər valideyn Zəminə Həsənova isə dərsliklərin normal yazılmadığını deyərək, bu səbəbdən də iş dəftərlərinə ehtiyac duyulduğunu iddia edir: "Dərsliklər normal yazılıbsa, dərs proqramını tamamilə təmin edirsə, iş dəftərlərini niyə aldırırlar?.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən "Ekspress"in sorğusuna cavab olaraq bildirilib ki, dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlər əsas tədris vəsaiti olan dərsliklərlə pulsuz təmin edilirlər: "Dərsliklərdə kifayət qədər çalışmalar var ki, onların adi yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsi tam təmin olunsun. Lakin bununla belə müəllim təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər  tədris resurslarından da istifadə edə bilər və əslində etməlidir də. Müəllim tədris prosesində şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq onlara müxtəlif vəsaitlərdən, eləcə də iş dəftərindən tapşırıqlar verə və bununla da diferensial yanaşmanı təmin edə bilər".

Müəllimlərin valideynlərdən iş dəftərlərinin almağı tələb etməyinə gəlincə Təhsil Nazirliyindən qəzetimizə bildirilib ki, müəllim tərəfindən tədris prosesində istifadə edilən istənilən tədris resursları şagird üçün əlçatan olmalıdır. Başqa sözlə, verilən tapşırıqlar (misal, məsələ, çalışma, əlavə material və s.) ya dərslikdə əks olunmalı, ya müəllim tərəfindən işçi vərəqlərdə şagirdlərə paylanmalı, ya lövhədə yazılaraq təhsilalana çatdırılmalı, yaxud da şagirdin öz istəyi ilə könüllü olaraq aldığı və istifadəsində olan iş dəftərində (və ya digər vəsaitlərdə) olmalıdır. Müəllim tapşırıqların verilməsi üçün tədrislə bağlı internet resurslardan da istifadə edə bilər ki, bu zaman da yenə həmin resursların şagird üçün əlçatan olması prinsipi əsas götürülür. "Şagirdin istifadəsində olmayan hər hansı vəsaitdən istifadə edilməsi və ya onun alınmasına məcbur edilməsi tədris-metodik baxımdan yolverilməzdir".

Təhsil Nazirliyi iş dəftərlərinin qiyməti ilə bağlı da açıqlama verib. Qeyd olunub ki, dərsliyin yaradıcısı olan nəşriyyatlar dərsliyə uyğun iş dəftərləri hazırlayırlar və satışa çıxarırlar. Satış qiymətləri nəşriyyatlar tərəfindən müəyyənləşdirilir. "Təhsil Nazirliyi bu məsələyə müdaxilə etmir. Valideynlər tərəfindən iş dəftərlərinin alınması isə məcburi deyil, könüllü xarakter daşıyır. Valideynlər öz maddi vəziyyətlərini nəzərə alaraq övladlarının istifadə etməsi üçün digər vəsaitlər kimi (planşet, rəngli kağız, flomaster, karandaş, albom, bloknot və s.) iş dəftərlərini də ala bilərlər. Əlbəttə, dərsliyə uyğun iş dəftərlərindən istifadə tədris prosesinin effektivliyini daha da artırır. Lakin bir daha vurğulayırıq ki, iş dəftərlərinin alınması könüllü olmalı və heç bir halda məcburi xarakter daşımamalıdır", - deyə Təhsil Nazirliyindən bildirilib.

Təhsil sahəsi üzrə ekspert, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü əməkdaşımızla söhbətində bildirib ki, iş dəftərlərində proqram əsasında çalışmalar, tapşırıqlar verilib: "İş dəftərləri bu cəhətdən dərsliklərdən fərqlənir. Mövzu üzrə iş dəftərində suallar və çalışmalar olur. Müəllimlər də bunu tapşırıq şəklində evə, eyni zamanda sinifdə etmək üçün verirlər. Bu zaman iş dəftəri lazım olur".

İş dəftərinin alınmasının məcburi olmadığını deyən həmsöhbətimiz bunu Təhsil Nazirliyinin də dəfələrlə bəyan etdiyini vurğulayır. Dediyinə görə, elə məktəblər var ki, orada buna tələb yoxdur, müəllim çıxış yolunu başqa metodik yolla tapır. "Ancaq elə müəllimlər var ki, hesab edirlər, ibtidai sinif şagirdlərinə iş dəftərində verilən çalışmalar, məsələlər çox vacibdir. Mövzularla bağlı orada çalışmaların, misalların, şəkillərin olması uşaqlar üçün tədris prosesini asan edir. Uşaqlar iş dəftərini açır və burada istiqamətverici sualların, şəkillərin olması ona çalışmaları asan və düzgün şəkildə başa düşməyə imkan verir".

Mürşüdlü hesab edir ki, Təhsil Nazirliyi iş dəftərlərini pulsuz vermək imkanına malikdir və ən azından ibtidai siniflər üçün dərsliklərlə birlikdə iş dəftərlərini pulsuz verilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR