Tanınmış jurnalist yenə radara düşdü və protokolu ifşa etdi – Generala müraciət FOTO

Tanınmış jurnalist yenə radara düşdü və protokolu ifşa etdi – Generala müraciət FOTO
09:33 15 Oktyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəfələrlə yazmışam, demişəm, yenə də deyirəm. Qanun qarşısında boynum qıldan incədir. Əgər qanunu pozarsam, canım çıxar, cəzasını çəkərəm. Özü də dağa-daşa düşmədən. Amma vay o günə ki, qanunu pozduğumu əsassız şəkildə iddia edələr. Bax, onda gözlərim qaralar, özümü zorla tutaram.

…Oktyabrın 3-də axşamüstü evə gedərkən hər zamankı kimi arxayın, rahat bir şəkildə Nobel prospekti ilə hərəkət edirdim. Evə çatmağa az qalmış SMS gəldi ki, yol hərəkəti qaydasını pozmusunuz, 10 manat cərimə olunursunuz. Təmkinli şəkildə evə çatdım, internetdəki kabinetimə daxil oldum və nəyin nəsi olduğunu öyrəndim.

DYP-nin tərtib etdiyi protokola görə, az öncə, yəni oktyabrın 3-ü saat 17:53:53-də Nobel prospektində sürət həddini aşdığım iddia edilirdi. Protokola əlavə edilmiş şəkildə göstərilirdi ki, sürət həddi 50 km/saat olan yolda 65 km/saat sürətlə getdiyim üçün inzibati cəza olaraq (328.1) 10 manat cərimə edilirəm.

Protokola əlavə edilmiş şəkil

Protokola əlavə edilmiş şəkil

Şəkildə və protokolda ərazinin adı konkret göstərilmədiyi üçün sakitcə GPS göstəricilərini götürüb yeri yoxladım. Bəlli oldu ki, Xəzər TV-nin yaxınlığında, üzü Zığa sarı gedən yolmuş. Bu yol isə hər gün getdiyim, hər qarışını belə əzbər bildiyim bir yoldur.

GPS-in nişan verdiyi və şəklə uyğun gələn yer

GPS-in nişan verdiyi və şəklə uyğun gələn yer

Üstəlik, AMAY TM-dən sonrakı "Azpetrol"u keçəndən ta mənim o yoldan ayrıldığım "Nargilə" kafesinə kimi heç bir yerdə 50 km/saat sürət həddi yoxdur. Ümumiyyətlə o hissədə sürət həddi göstərən heç bir nişan yoxdur. Bu isə o deməkdir ki, yaşayış məntəqəsinin daxili olduğu üçün orada sürət həddi 60 km/saatdır. Qanunun yol verdiyi hədd də daxil olmaqla 70 km/saat sürətlə hərəkət etmək olar. Mənsə, göründüyü kimi, 65 km/saat sürətlə hərəkət etmişəm.

Bütün bunları bildiyim halda düşündüm ki, sabah evə gələrkən yolun eyni yerini yenidən nəzərdən keçirim ki, anlaşılmazlıq olmasın. Ola bilərdi ki, məhz həmin gün ora nişan qoyulub və mən də diqqət etməmişəm (hərçənd məndə belə halın olması da istisnadır).

Sabahısı gün yavaş sürətlə, sağ zolaqla hərəkət edərək yolu nəzərdən keçirdim. Qeyd etdiyim kimi, Nobel prospektinin hər gün istifadə etdiyim hissəsində həqiqətən də heç bir sürət həddi nişanı yox idi. O cümlədən də mənə cərimə yazılan yerdə.

Elə isə, niyə cərimə olunuram? Hələ bəlkə də tək mən deyil, yəqin mənim kimi 10-larla, 100-lərlə sürücü bu cür cərimə olunur. Niyə, hansı əsasla? Ümumiyyətlə, bu cəriməni yazan kimdir? Niyə bu cür məsuliyyətsiz və işinə vicdanla yanaşmağı bacarmayanlar hələ də polis sistemində işləməyə davam edir? Bu adamlar niyə hər gün bizim əsəblərimizlə oynamalıdır? Niyə mən indi işimi-gücümü atıb bunlara sübut etməliyəm ki, qayda pozmamışam?

Bütün bu suallarımı cənab Ramiz Zeynalova – Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə ünvanlayıram. Cənab general, niyə mənim ölkəmdə bu cür özbaşınalıqlara yol verən yol polisləri hələ də vəzifə başında olmalıdır?

O ərazidə kameranın olub-olmadığını bilmirəm, amma yadımdadır ki, yolun sağ tərəfində bir DYP maşını dayanmışdı. Yəqin ki, cəriməni də həmin maşındakı əməkdaşlar tərtib edib. Zatən şəkildən də belə olduğu anlaşılır. Elədirsə, onlar necə olur ki, laboratoriyada yoxlanılıb möhürlənmiş, insanın müdaxiləsinin mümkün olmadığı qurğuya müdaxilə edərək belə bir cərimə yaza bilirlər? Bu sual da ciddi sualdır və məncə, cavabını axtararkən DYP sistemində çox ciddi bir naqisliyin üstü açılmış olacaq. Ona görə də cənab Ramiz Zeynalovdan xahiş edərdim ki, məsələni tam ciddiyyəti ilə araşdırmaq üçün göstəriş versin.

Daha bir neçə sual.

Niyə protokola yalnız şəkillər əlavə edilir, video isə yox?

e-xidmet.gov.az saytında niyə yalnız cəriməni ödəmək üçün düymə var, cərimə ilə razilaşmayanların öz iradlarını bildirməsi üçün imkan yoxdur? İndi işimizi-gücümüzü atıb haqsız cərimə olunduğumuzu sübut etmək üçün idarələr gəzməliyik?

Sözardı: Hə, bir də mənə MMX protokolunun nömrəsini göndər, araşdırıb tədbir görək deyən, sonra da zənglərimə, SMS-lərimə cavab verməyən DYP rəsmisinin diqqətinə. Əgər hələ də bu məsələni araşdırmaq fikrindəsinizsə, buyurun, bu da o bilgilər: MMX 3491567, Nobel Prospekti, Bakı, GPS: 40.376022,49.916290.

Birdən ora nişan qoyub məni haqsız duruma düşürmək fikriniz olarsa, xəbəriniz olsun, oranın videosunu da, fotosunu da çəkmişəm. Hər ehtimal üçün. Yalandan protokol yazanlardan onu da gözləmək olar deyə…

avtosfer.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/172243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR