SSRİ 1944-cü ildə Finlandiyanın geniş ərazilərini tutmağı planlaşdırırdı.
Publika.az xəbər verir ki, bu haqda Finlandiyanın “İlta Sanomat” nəşri professor Kimmo Rentolanın “Stalin və Finlandiyanın taleyi” (Stalin ja Suomen kohtalo) adlı yeni kitabına istinadən yazıb.
Məllif bildirir ki, Stalin 1944-cü ilin yazında Sovet İttifaqının sərhədlərində mümkün dəyişiklikləri fikirləşirdi. Sovet liderinin planlarına sərhədin Sayma gölünə qədər irəli çəkilməsi, Lappeenranta və İmatra şəhərlərinin Sovet İttifaqına birləşdirilməsi daxil idi. Bundan başqa, Sovet İttifaqı Sveaborq qalasını icarəyə götürə bilərdi. Yəni, öz qoşunlarını birbaşa Helsinkinin qarşısında yerləşdirə, həmçinin Aland adalarında hərbi bazanı yarada bilərdi.
1941-1944-cü illərdəki Sovet-Finlandiya müharibəsindən sonra marşal Kliment Voroşilov tərəfindən başçılıq edilən komissiya sülh razılaşması hazırlamışdı. Sovet İttifaqı Finlandiyadan böyük ərazilər tələb edərdi. Sənədin adı da təmtəraqlı idi: “Finlandiyanın qeyd-şərtsiz kapitulyasiyası haqqında”.
Kimmo Rentola qeyd edir ki, bu tələblər Moskvanın 1944-cü ilin martında Finlandiyanın nümayəndələrinə verdiyi siyahıda yer almamışdı. SSRİ onlara əlavə şərtlər kimi baxırdı. Professor Kimmo Rentola güman edir ki, Stalin və SSRİ-nin xarici işlər naziri Molotov əlavə şərtlər hazırlasa da, onların müzakirə etməsi əlverişli vəziyyət yaranmayıb.
Ömər Dağlı