Gürcüstanda yaşayan azərbaycanlılar “Tbilisoba” bayramını qeyd ediblər

Gürcüstanda yaşayan azərbaycanlılar “Tbilisoba” bayramını qeyd ediblər
19:07 15 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 15 oktyabr. REPORT.AZ/ Gürcüstan paytaxtında ənənəvi “Tbilisoba” bayramı keçirilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, iki gün davam edəcək bayram tədbirində Gürcüstan vətəndaşları, milli azlıqların nümayəndələri öz milli adət-ənənələrini, mədəniyyətlərini, mətbəxi nümunələrini nümayiş etdirirlər.
Bayram tədbirində bu ölkədə yaşayan azərbaycanlılar da fəal iştirak ediblər.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının təşəbbüsü ilə paytaxtın mərkəzi Qorqosali küçəsində, Kür çayının sağ sahilində “Azərbaycan guşəsi” yaradılıb.
Guşəni ziyarət edənlər Azərbaycan mətbəxinin ləziz yeməklərinin – dolma, plov, “Borçalı qatlaması”, şəkərbura və paxlavanın, müxtəlif kababların dadına baxır, Azərbaycan musiqisinə qulaq asırdılar.
“Ceyran rəqs qrupu”nun, “Qafqaz qrupu”nun və “Gürcüstan oğlanları qrupu”nun kollektivləri, yeniyetmə aşıqlar Məsim Rəcəbov və Renat Hüseynov, gənc tarizən Ramin Pirməmmədov Azərbaycan və gürcü xalq mahnı və rəqslərini ifa edirdilər.
Gürcüstanda “maqnit adam” ləqəbi ilə tanınan Etibar Elçiyev-Budaqlı minik avtomobilini uzaq məsafəyə dartaraq tamaşaçıları heyrətləndirib.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov Report-a müsahibəsində deyib ki, tədbiri keçirməkdə məqsəd Azərbaycan və gürcü xalqlarının birliyini nümayiş etdirməkdir. Eyni zamanda, Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini xaricilərə tanıtmaqdır: “Bu gün “Azərbaycan guşəsi”nə gələn qonaqlar zəngin mədəniyyətimiz, tariximiz ilə tanış olurlar. Azərbaycan mətbəxinin ləziz təamlarından dadırlar. Bəzi qonaqlar Azərbaycanın zəngin mədəniyyətini və tarixini təbliğ edəcəklərini bildirdilər”.
“Azərbaycan guşəsi”ni nəvəsi ilə birlikdə ziyarət edən Kvemo Kartli-Borçalı bölgəsini qubernatoru Paata Xizanaşvili REPORT-a müsahibəsində deyib: “Gürcüstan çoxmillətli ölkədir. Bu dövlətin möhkəmlənməsində, çiçəklənməsində azərbaycanlıların böyük xidmətləri var. Onların təşkil etdikləri guşədə biz Azərbaycanın zəngin mədəniyyətinin, mətbəxinin şahidi olduq. Burada gördüklərimdən çox sevindim. Mən onları təbrik edirəm və arzu edirəm ki, Azərbaycan və gürcü xalqlarının dostluğu daimi, əbədi olsun”.
“Tbilisoba” bayramı münasibətilə paytaxt Tbilisinin mərkəzi keçə və meydanında yarmarka təşkil olunub. Kür çayının üstündəki Barataşvili körpüsünün üzərində əsasən 1990-cı illərdə istehsal olunmuş və müasir dövr avtomobillərinin sərgisi də açılıb.
Baş nazir Georgi Kvirikaşvili bayram tədbiri keçirilən keçə və parkları gəzib, bayram münasibətilə xalqı təbrik edib.
Qeyd edək ki, “Tbilisoaba” bayramı 1979-cu ildən keçirilir. Bu bayramda Gürcüstan vətəndaşları keçə, prospekt və parklarda milli suvenirlərin satışını təşkil edir, milli mədəniyyətini, məhsullarını və mətbəxini nümayiş etdirir.





Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustanda-yasayan-azerbaycanlilar-tbilisoba-bayramini-qeyd-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR