Bakıda ev kirayələməkdə əziyyət çəkən "subay kişilər" - FOTO

Bakıda ev kirayələməkdə əziyyət çəkən "subay kişilər" - FOTO
21:42 15 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda tək qadının ev kirayələməsinin ağır proses olduğunu daha öncə yazmışdıq.
Məqaləyə şərh bildirərkən sosial şəbəkə istifadəçiləri Azərbaycanda təkcə qadınların yox, tək kişilərin də ev kirayələmə problemi ilə üzləşdiyini bildirir.
Milli.Az bildirir ki, BBC Azərbaycancaya danışan və tək ev tutmaqda çətinlik çəkən müsahiblərimiz əsasən ev sahiblərinin bu qadağasından şikayətçidir.

Etibar problemi

26 yaşlı müəllim Harun Sadıqlı 2008-ci ildən Bakıda kirayə evlərdə yaşadığını deyir.
O, kirayə evlərdə özü tək də yaşayıb, dostları ilə, daha sonra ailəsi ilə də paylaşıb.

Harunun sözlərinə görə, ailə ilə ev axtaranda elə də böyük problem yaşamayıb. Ancaq müsahibimiz tələbə vaxtı aylarla ev axtardığını xatırlayır.
"Tələbə vaxtı ev axtaranda bəzi ev sahibləri qəti şəkildə "olmaz" deyirdi, bəziləri isə bir müddətlik yoxlamaq məqsədi ilə evi kirayə verməyə razı olurdu", o bildirir.
Harun deyir ki, subay kişilərdən evə zərər verənlər də var, ancaq ev sahibləri evə yaxşı baxa biləcək kirayəşinləri də onlara qatmamalıdır.
Harun onu da vurğulayır ki, bəzi ev sahibləri kirayəşinlər qarşısında həddindən artıq çox şərt qoyurlar.
"İnsanlara cədvəl kimi yanaşmaq olmaz. "Filan vaxt gəlməlisiz, filan vaxt getməlisiz, evə heç kimi gətirə bilməzsiniz" kimi tələblər qoymaq düzgün deyil", o bildirir.

Müsahibimiz tələbəlik bitdikdən sonra işləməyə başlayanda belə ev tapmaqda çətinlik çəkdiyini qeyd edir.
"Tələbə vaxtı deyirdilər, evə yaxşı baxmayacaqsız. İşləyəndə də dedilər "işləyənin pulu var və evi başqa məqsədlə istifadə edəcək"", deyən Harun ev sahiblərinin evə qadın gətirilə biləcəyini üstüörtülü eyham vurduqlarını izah edir.
Harun ev sahiblərinin hər balaca problemi "şirirtdiyini" və güzəştə getmədiklərini deyir.
"Bizdə elə bilirlər ki, şəxsi mülkü olmayana istənilən münasibəti göstərmək olar, ona yuxarıdan aşağı baxmaq olar", deyən müsahibimiz ev sahiblərinin kirayəşinlərin şəxsi həyatlarına çox müdaxilə etməsindən də gileylənir.
"Bir Türkiyə vətəndaşı Azərbaycana gəlmişdi. Hər gün işdən gələndə kirayələdiyi evdə dəyişkiliklərin olduğunu və yaxud aldığı qida məhsullarının yerində olmadığını görürdü. Sonradan bildi ki, ev sahibinin əlavə açarı var və o hər gün kirayəşin işə gedəndə gəlib evdə yoxlamalar aparır, yemək də yeyir. Səbəbini soruşanda isə ev sahibi cavab vermişdi ki, "mənim evimdi, istədiyimi edə bilərəm"", o əlavə edir.
Harun qəbul edir ki, bütün ev sahibləri pis olmadığı kimi, bütün kirayəşinlər də yaxşı deyil. Ancaq onun fikrinə görə, bu problemlərin yaşanmaması üçün müqavilə imzalanmalıdır və hər şey qanuna uyğun həyata keçirilməlidir.

Natəmizlik?

26 yaşlı Toğrul Bayramzadə də müəllim işləyir. O, 6 ildir ki, Bakıda kirayə evdə qalır.
Onun sözlərinə görə, ev axtardığı zaman ona verilən ilk sual ailəli olub olmaması ilə bağlı olur.

"Biləndə ki, subay gənc oğlan qalmaq istəyir, evi vermirlər", deyən müsahibimiz evlərin əsasən xarici ölkə vətəndaşları və ya ailələrə verilmək istədiyini əlavə edir.
Toğrul ev sahiblərini qınamadığını da qeyd edir.

"Ev sahiblərinin iddiasında haqlı tərəflər də var. Görüblər ki, bəzi oğlan kirayəşinlər natəmiz olurlar. Ona görə də ev verməkdən imtina edirlər".
Toğrul vurğulayır ki, hazırkı kirayə evlərin aylıq qiymətləri ilə bağlı tək yaşamaq sərfəli deyil. Lakin o, evini tanışları ilə paylaşmaq məcburiyyətindədir.
O, tək olduğu üçün ev kirayələyə bilmədiyini və bir tanışın ona evində qalmaq təklifi ilə razılaşdığını qeyd edir.
Müsahibimiz də, ev sahiblərinin kirayəşinlərin şəxsi həyatına hədsiz qarışmağını dəstəkləmədiyini vurğulayır.
"O, kirayə ev verir, mən də alıb ödəniş edirəm. Burda başqa bir sual yaranmamalıdır", o deyir.

Subaysansa olmaz

İstanbuladan yeni qayıdan 27 yaşlı Nəriman Əliyev, özü ilə eyni yaşda olan dostu Miryusif Mirzəzadə ilə birlikdə bir aydır ki, ev axtardığını bildirir.

Nəriman Əliyev dostu Miryusif Mirzəzadə ilə birlikdə bir aydır ki, ev axtardığını deyir
Kirayə ev üçün 600 manata qədər aylıq ödəməyə razı olan Nəriman müraciət etdikləri bir çox dəllal və ya ev alqı-satqısı ilə məşğul olan ofislərdən "subay oğlanlara ev vermirik" ifadəsini eşitdiyini deyir.
Onlara da "ev sahibi evi ailələrə verir" deyilib.
Nəriman Türkiyədə və digər xarici ölkələrdə kirayə yaşadığını, ancaq belə bir problemlə rastlaşmadığını deyir.

"Qonşular şikayət edəcək"

"Bunun səbəbini anlamıram və belə hala çox pis yanaşıram", deyən Nəriman evə qarşı səliqəsiz yanaşan biri olmadığını və xarici ölkədə kirayə yaşadığı evdən çıxarkən əvvəlcədən ödənilmiş depoziti geri götürə bildiyini qeyd edir.
Miryusif də bu vəziyyəti xoş qarşılamır. 27 yaşlı aşpaz onlara deyilən "oğlanların natəmizliyi" iddiası ilə razı deyil.
"Təmizlik insanın özündən asılıdır və ona xas bir xüsusiyyətdir. Bu insanın cinsindən asılı deyil", deyir bu ay 10 dəllala müraciət edən müsahibimiz.
"Maklerlər deyir, evi kirayələmək istəyən iki oğlandısa, o zaman evə qız gətirəcəklər. Qonşular şikayət edəcək", deyən Miryusif subay oğlanlara ev kirayə verilməməsi üçün digər səbəbdən danışır.
"Mən evin pulunu verirəm. Artıq o evdə nə edəcəyim, kimə və niyə maraqlı olsun?", deyən Miryusif "şəxsi həyata qarışmaq olmaz" deyə söhbəti sonlandırır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR