Kərbəlada cinayət törədənlər: Ömər ibni Səd (lən) kimdir?

Kərbəlada cinayət törədənlər: Ömər ibni Səd (lən) kimdir?
22:12 15 Oktyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Ömər ibni Səd ibni Əbi Vəqqas ibni Malik ibni Vəhib ibni Əbdulmənaf İbni Səd adı ilə məşhurdur. Doğum tarixi naməlumdur. Belə ki, bəzilərinin nəzərinə görə Peyğəmbərin (s) zamanında doğulmuşdur, bəzilərinin nəzərinə görə isə Ömər ibni Xəttab ölən zaman. O, atası Səd ibni Əbi Vəqqasla bilikdə İraqın fəthində iştirak etmişdir.

O zaman ki, Müaviyyə (lən) İmam Əliyə (ə) qarşı müharibə edirdi, İbni Səd da həmin münaqişədə iştirak edirdi. Bu münaqişədən sonra atasının yanına gedib, onu xilafət iddiasında olmağa dəvət edir, ancaq atası imtina edir.
Xarzəmi nəql edir: "O zaman ki, İmam Hüseyn (ə) Yezidə (lən) beyət etməkdən çəkinir, Mədinədən Məkkəyə hicrət edir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, həmin zamanda İbn Səd Məkkənin əmiri idi. O zaman ki, hacıların İmamı (ə) necə qarşıladıqlarını görür, Mədinəyə gedib Yezid üçün məktub yazır. Onu İmam Hüseynin (ə) Məkkəyə gəlməyindən xəbərdar edir". (Viki-shia saytı)
60-cı qəməri ilində Müslim ibn Əqil İmamın (ə) nümayəndəsi kimi Kufəyə gedir və insanlardan beyət almaq istəyir. Bu zaman İbni Səd Yezidə (lən) məktub yazır ki, əgər Kufənin əlindən çıxmasını istəmirsənsə, Kufənin əmiri olan Nəman ibni Bəşiri hakimiyyətdən uzaqlaşdırsın. Müslim, Ubeydullah ibni Ziyadın əmri ilə həbs olunan zaman hamından gizli İbni Sədə öz vəsiyyətini edir. Ancaq İbni Səd onun vəsiyyətini İbni Ziyada açıb deyir və Müslimə xəyanət edir.
Ömər ibni Səd Kərbəla hadisəsindən sonra mənfur bir insan kimi məşhur oldu. Ubeydullah hakimiyyətə gələndən sonra İbni Sədi Rey əmiri olacağı vədi ilə şirnikləndirir və ona 4 min ordu verir. İmamın (ə) Kufəyə yaxınlaşması xəbəri gələn zaman İbni Ziyad bu ordunu İmamın qarşısını almaq üçün göndərir. Lakin İbni Səd bu orduya başçılıq etməkdən imtina edir. Ancaq Ubeydullah onu hədələyir ki, əgər orduya başçılıq etməsə, Reyi gərək unutsun. İbni Səd də razı olur və Kərbəlaya tərəf yollanır.
O, cümə günü Məhərrəm ayının 2-si və ya 3-ü Kərbəlaya gəlib çatır. Bir nəfəri göndərir ki, İmamdan (ə) gəlişinin səbəbini soruşsun. İmam (ə) cavab verir ki, Kufə xalqı məni dəvət etmişdir. Əgər istəmirsinizsə, geri qayıdım. İbni Səd İmamın (ə) cavabını İbni Ziyad üçün yazır.
İbni Ziyadın ətrafında olanlar, o cümlədən Şimr ibni Zilcöşən (lən) onu İmama (ə) qarşı təhrik edirlər və mülayim olmaqdan çəkindirirlər. İbni Ziyad Ömərə əmr edir ki, İmam Hüseynlə (ə) vuruşsun. Kufə ordusunun başına isə Şimri qoyur. İbni Səd Şimrə deyir ki, mən özüm İmamla (ə) vuruşacağam.
O, İbni Ziyadın əmri ilə beş min nəfəri Fəratın ətrafına qoyur ki, İmamın (ə) suya əli çatmasın.
İmam (ə) İbni Sədlə bir neçə dəfə görüşür ki, onu bu davadan çəkindirsin. Bu görüşlərin birində İbni Səd 20 atlı ilə, İmam (ə) da o qədər atlı ilə iki ordu arasında görüşürlər. İmam (ə) səhabələrinə buyurur ki, geri çəkilsinlər. İbni Səd də həmin əmri verir. Sonra söhbət etməyə başlayırlar və bu söhbət çox uzun çəkir. Bu söhbət zamanı İmam (ə) onu davadan əl çəkməyə dəvət edir və deyir ki, nədən qorxursan? İbni Səd deyir ki, qorxuram ki, evimi xarab etsinlər. İmam (ə) buyurur ki, mən sənə ev verərəm. Deyir ki, malımı əlimdən alarlar. İmam (ə) buyurur ki, sənə mal verərəm. İbni Səd susur və heç nə demir. İmam (ə) onun bu halını görüb buyurur: "Allah səni tezliklə öz yatağında öldürəcəkdir. Qiyamət günü bağışlamayacaqdır. Ümid edirəm ki, İraqın buğdasından az da olsa, yeməyəsən". İbni Səd deyir: "Əgər buğda olmasa, arpa yeyərəm".
İbni Səd Tasua günü atına minir və orduya deyir: "Ey Allahın ordusu! Atlarınıza minin ki, sizə müjdə olsun". O zaman ki, İmam (ə) onların nyyətindən xəbərdar olur, bir gecə möhlət istəyir ki, ibadət edə bilsin. İbni Səd qəbul edir.
Nəql olunur ki, İmam Hüseyn (ə) Aşura günü Kufə ordusunun qarşısında dayanır və onlarla danışır. Sonra ibni Sədi çağırır və ona xitab edərək buyurur: "Ey Ömər ibni Səd! Sən məni öldürsən, elə bilirsən ki, o zinazadə səni Reyin hakimi edəcəkdir? Allaha and olsun ki, sən onun şirinliyini heç bir zaman hiss etməyəcəksən". İbni Səd bu sözlərdən əsəbiləşir və ordusuna tərəf qayıdır. Əmr edir ki, hücum etsinlər. Sonra oxunu götürüb, İmamın (ə) ordusuna tərəf atır və deyir: "Şahid olun ki, mən o kəsəm ki, ilk oxu atıram".
O zaman ki, İmam (ə) möhkəm yaralanır və yerə yıxılır, İbni Səd öz atı ilə ona yaxınlaşır və Həzrətin (ə) başının üstündə dayanır. Ordusuna əmr edir ki, onu qətlə yetirsinlər. İmam (ə) şəhid olandan sonra isə əmr edir ki, şəhidlərin bədəni üzərində at çapsınlar. Imamın (ə) ailəsini əsir götürür və Kufəyə İbni Ziyadın sarayına aparır. İbni Ziyad ondan istəyir ki, İmamla (ə) vuruşmaq üçün verdiyi əmr məktubunu ona qaytarsın. İbni Səd deyir ki, həmin məktub yoxdur və İbni Ziyad əsəbləşir və deyir ki, o məktubu səndən alacağam.
Elə bu zaman İbni Səd nə qədər bədbəxt olduğunu anlayır və deyir: "Heç kəs məndən pis halda evinə qayıtmamışdır. Çünki zalım əmrə itaət etdim, ədaləti tapdaladım və qohumluq əlaqəsini kəsdim".
Tarixdə oxuyuruq ki, Muxtar ibni Sədə Abdullah ibni Cədənin şəfaətinə görə aman verir. O, həm də bacısının həyat yoldaşı idi. Lakin Muhəmməd Hənəfiyyənin narazılığından sonra ordu rəhbərlərdən birinə əmr verir ki, İbni Sədi tutub başını bədənindən ayırsın. Onun başını kəsib Muxtar üçün gətirirlər.
Əllamə Məclisinin "Zadəl məad" kitabında nəql etdiyi kimi Ömər ibni Səd Rəbiəl-əvvəlin doqquzuncu günündə Muxtar tərəfindən öldürülmüşdür".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR