Los-Ancelesdə Azərbaycandakı multikultural və dini vəziyyətlə bağlı tədbir keçirilib

Los-Ancelesdə Azərbaycandakı multikultural və dini vəziyyətlə bağlı tədbir keçirilib
10:52 17 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə bu şəhərin müxtəlif xristiyan dini icmalarının rəhbərlərinin iştirakı ilə geniş tədbir keçirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluqdan "Report"a verilən məlumata görə, tədbirdə, şəhərdə fəaliyyət göstərən Koreya, Çin və digər Asiya mənşəli icmalara, həmçinin Latino icmasına məxsus kilsələrin rəhbərləri, aparıcı din xadimləri, müxtəlif xristiyan təşkilatlarının liderləri və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev xristiyanlığın Azərbaycandakı qədim tarixi barədə məlumat verərək, bu gün Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər, eləcə də digər etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibələrindən danışıb.
N.Ağayev qeyd edib ki, Azərbaycan mürəkkəb coğrafi-strateji məkanda yerləşməsinə baxmayaraq, müasir Azərbaycan bu gün artıq beynəlxalq aləmdə özünəməxsus və mütərəqqi model kimi qəbul olunur.
Baş konsul, həmçinin, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb, Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlardan bəhs edib. N.Ağayev, bu münaqişənin əsla dini xarakter daşımadığı, yalnız və yalnız Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində meydana gəldiyini qeyd edib.
Sonra ABŞ-ın Koreya icmasının tanınmış rəhbərlərindən Heypin İm çıxış edərək, Azərbaycanın dinlərarası münasibətlər və multikulturalizm sahəsindəki uğurları ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra Latino xristiyan icması adından din xadimləri Uolter Contreras, Xose Pepe Cabayero və digərləri çıxış edərək, müxtəlif etnik mənşəyə və məzhəblərə mənsub xristian icmalarının Azərbaycanın mütərəqqi modeli ətrafında bir araya gətirilməsini əlamətdar hadisə adlandırıblar.
Tədbirdə, həmçinin, Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Tolerantlıq diyarı Azərbaycan” filmi nümayiş etdirilib.
Sonda həm Asiya, həm də Latino icmalarının din xadimləri tərəfindən Azərbaycanın tolerant və multikultural dəyərlərə sadiq bir dövlət kimi daha da güclənməsi və çiçəklənməsi üçün dualar oxunub.




















Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/los-ancelesde-azerbaycandaki-multikultural-ve-dini-veziyyetle-bagli-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR