Sülhəddin Əkbər: "Arif Rəhimzadə Rusiyaya xidmət edənlərdən biridir"

Sülhəddin Əkbər: "Arif Rəhimzadə Rusiyaya xidmət edənlərdən biridir"
13:48 17 Oktyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

“Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə 1991-ci ildə olduğu kimi, bu gün də Rusiyanın “beşinci kalon”unun üzvüdür”.

Bu fikirləri Publika.az-a açıqlamasında Azad Demokratlar Partiyasının (ADP) sədri, ləğv olunan Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azərbaycanın İstiqlal Bəyannaməsinə imza atan 43 şəxsdən biri Sülhəddin Əkbər Arif Rəhimzadənin 1991-ci ildə Azərbaycanın müstəqilliyi əleyhinə səs verməsinə münasibət bildirərkən deyib.

S.Əkbər bildirib ki, Arif Rəhimzadə Azərbaycanda Rusiyaya xidmət edən əsas adamlardan biridir:

“Mənim yaxşı yadımdadır ki, Arif Rəhimzadə ötən sərin 90-cı illərində Azərbaycanın müstəqilliyi əleyhinə açıq şəkildə qarşı çıxırdı. O dövrdə Ali Sovetdə Azərbaycanın müstəqilliyinə qarşı olan çoxlu sayda kommunist var idi. Amma onların arasında öndə gedənlərdən biri məhz Arif Rəhimzadə olub. İndi onun deməyindən də belə çıxır ki, heç bir məzlum xalqın dövləti olmamalıdır. O zaman müstəmləkə altında yaşayan xalqlar azadlıq üçün mübarizə aparmamalıdır? O dövrdə Azərbaycan Xalq Hərəkatı olmamalı idi ki, bizim hələ büdcəmiz yoxdur? Bu, çox absurd fikirlərdir. Ümumiyyətlə, Arif Rəhimzadənin tarixdən xəbəri yoxdur. Yaxud da o, Azərbaycan xalqını nadan və cahil hesab edir”.

S.Əkbər qeyd edib ki, Arif Rəhimzadə həmin dövrdə Milli Məclisdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Vaqif Hüseynovu ən çox müdafiə edən deputatlardan biri olub:

“Vaqif Hüseynov isə Rusiya xüsusi xidmət orqanlarının Azərbaycandakı adamlarından biri idi. O, 20 yanvar hadisələri ilə bağlı təqsirli bilinən şəxslər arasında olub. Arif Rəhimzadə isə bu adamı açıq şəkildə müdafiə edirdi. O, bunu guya insan haqlarını müdafiə etmək kimi təqdim edirdi. Ancaq məqsədi başqa idi”.

Xatırladaq ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Modern.az-a müsahibəsində 1991-ci ildə Azərbaycanın müstəqilliyi əleyhinə səs verməsinin səbəbini belə izah edib:

“Düzdür, müstəqilliyimizin 25-ci ili tamam olur. Amma, o müstəqillik formal müstəqillik idi. Müstəqilliyin daxilində müstəqilliyə xas olan elementlər yox idi. Misal üçün deyim. Büdcəni qəbul etmək məsələsi kənarda qalmışdı. Azərbaycanın büdcəsi yox idi. Həmin vaxt büdcə qəbul edilmədi. Təsəvvür edin. Dövlət bilmir ki, onun büdcəsi var və o, hansı işlərlə məşğul olmalıdır. Hara nə xərclənməlidir. İndi isə bizim büdcəmiz 16-17 milyard manata qalxıb. Azərbaycanın büdcəsi sovet dövründə bir çox respublikalardan fərqli olaraq dotasiyalı olmayıb. Büdcəmizi tamamlamaqdan ötrü nəinki kənardan vəsait almamışıq, əksinə, ümumittifaq büdcəsinə vəsait vermişik. Ancaq 1991-ci ildə müstəqilliyimizi əldə edəndə, büdcə formalaşdıra bilmədik. Büdcəni formalaşdıra bilməməyimiz, obyektiv imkanın olmaması ilə bağlı deyildi”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR