Həyat yoldaşına görə intihar etmək istəyən azərbaycanlı məşhur: “Deyirdilər ərin gəzir” FOTOLAR

Həyat yoldaşına görə intihar etmək istəyən azərbaycanlı məşhur: “Deyirdilər ərin gəzir” FOTOLAR
14:03 17 Oktyabr 2016
98 Şou
Ölkə mətbuatı
A- A+

Mən ona canlı əfsanə deyərdim. Milli kinomuzun şedevrləri olan “O olmasın, bu olsun”, Əhməd haradadır?”, “Qəribə adam” filmlərində rəqqas kimi rol alıb. Milli rəqslərimizin mahir ifaçısı, Azərbaycanın görkəmli rəqqası Kamil Dadaşovla evində görüşdük. Bizi gülərüzlə qarşılayan sənətkar bir çamadan fəxri fərmanı və fotoşəkilləri qarşımıza töküb xatirələrini ipə-sapa düzdü. Sağ olsun, Kamil müəllim məni qırmadı, çox sevdiyi “Naz eləmə” rəqsini mənimlə bərabər oynadı. Amma hər düzgün olmayan rəqs hərəkətinə görə məni məzəmmət eləməyindən də qalmadı.

Oktyabrın 15-də dünyasını dəyişən sənətkarın Publika.az-a SON MÜSAHİBƏSİNİ təqdim edirik:

- Kamil müəllim, rəqsi ilk dəfə kimdən öyrənmisiniz?

- Bu sənətə gəldiyimə görə atama borcluyam. Rəqsi mənə atam öyrədib.

- Atanız rəqqas idi?

- Yox, amma rəqqaslardan da gözəl oynamağı bacarırdı. Atam toyda “Qoçəli” oynayanda bütün camaat başına yığılardı. Hələ bu yaşa çatmışam, onun kimi “Qoçəli” oynayan görməmişəm. Həmişə məni toylarda oynadıb, əlimə şabaş kimi “palazqulaq” verərdi. O vaxtlar 30 manatlığa böyük olduğu üçün “palazqulaq” deyirdilər. Yavaş-yavaş oynamağı öyrəndim, bir onda gördüm ki, artıq məşhur rəqqasam.

- Eşitdiyimizə görə, sizi rəqslər qurmaq üçün xarici ölkələrə də dəvət edirdilər?

- Çox ölkələrdə olmuşam. Mukut Vilayətinin Qaraqalpaq şəhərində qızların əlini o qədər çubuqlamışdım ki, əlləri şişmişdi.

- Niyə?

- Bizim rəqsi öyrənə bilmirdilər. Əllərinə döyə-döyə öyrətdim.

- Bəs hazırladığınız o rəqslərin müqabilində nə qədər pul verirdilər?

- Qaraqalpaqdan 5 min manat pul gətirmişdim.

- İndiki pulla nə qədər edir?

- Elə 5 min dollar. Bir maşının pulu idi.

- O pulları nəyə xərclədiniz?

- Bəs beş qızı böyütmək asan idi? Hamısını ailəmə xərcləyirdim. Onu da deyim ki, həmişə çöldə qazandığım pulu həyat yoldaşıma vermişəm. Budcəni xanımım idarə edib. Söz yox ki, yeyib-içən oğlan idim, dostlarıma da xərcləyirdim. Amma çöldə ac da qalsaydım, evin puluna əl vurmazdım. Özü də dostlara qonaqlığı həmişə mən verirdim. O işıq haqqı, əllərini ciblərinə salmağa qoymamışam. Həmyaşlarım bunu indi də deyirlər.

- Bildiyimiz qədər, Azərbaycana ilk qızıl medal gətirən rəqqas siz olmusunuz…

- İlk medalı 1955-ci ildə Polşada keçirilən ümumdünya rəqs festivalından gətirmişəm. Bütün millətlərdən olan rəqqasları öz rəqsimlə səhnədən kənarlaşdırdım. Meydanda bir tək özüm qaldım. Zal dağılırdı alqış sədalarından.

- Qızıl medalın müqabilində Bakıda mükafatınız nə oldu?

- Baston parçadan metrə yarım şalvarlıq hədiyyə etdilər. O dövr üçün baston bahalı parça sayılırdı və metrəsi 150 manat idi.

- Doğrudurmu ki, “Qoçəli” rəqsini oynayanda ayaqlarınızı sındırmısınız və buna görə iki ay rəqs eləyə bilməmisiniz?

- “Qoçəli” yox, “Azərbaycan süitası” rəqsini oynayanda ayaqlarımdan zədə aldım. Onda Moskvanın Böyük Teatrında çıxış edirdik.

- Neçənci il idi?

- İl yadıma gəlmir, amma Qaqarin aya uçan il idi. Roza Cəlilova ilə səhnədə solo rəqs edirdik. Bu rəqs də barmaqüstü oynanılır. Elə rəqsə başlamışdım ki, gördüm barmağıma nəsə batdı. Ağrının beynimə vurmasına baxmayaraq dayanmadım, rəqsi başa çatdırdım. Zal dağıldı e… A qızım, Kamil Dadaşovdan sonra ikinci barmaqüstü oynayan olmayıb, olmayacaq da. Mən bu sənətdə sağlamlığımı vermişəm, beş dəfə dırnaqlarım qopub. O qədər dırnaqüstü oynayırdım ki, dırnaqlarım qopub düşürdü. İnfeksiya düşməməsi üçün dırnaqlarımı spirtlə yuyub yenidən yerinə qoyub sarıyırdım və rəqsimi davam edirdim. Nə isə, rəqsdən sonra ayaqlarım qan içində səhnədən çıxırdım. Sən demə, dırnaqla ətin arasına taxta batıbmış. Səhnədən çıxan kimi özümdən getdim, üstümə həkim çağırdılar, iynə vurub özümə gətirdilər. Bir ay müddətində rəqs eləyə bilmədim.

- Səhnədə başınıza çoxmu hadisələr gəlib?

- Bakıda keçmiş Nizami parkında konsert verirdik. Rəqqasə qızla mənim üçün məxsusi nar rəqsi qurulmuşdu. Nar açılır, içindən qız çıxır, bu dəm mən ona yaxınlaşıb, əllərim üstünə qaldırmalıydım. Yazıq qızın əlləri havada qaldı, çünki mən ona yaxınlaşanda səhnədə ayağım ilişdi, yıxıldım orkestrin yerləşdiyi zirzəmiyə. Rəqqasə özünü itirmədi, ürkək baxışlarla ora-bura baxdı ki, vaxt qazansın, mən özümü tarazlayıb ona yaxınlaşım. Mən əzilməyimə baxmayaraq, quş çevikliyi ilə durub səhnəyə gəldim və qızı qollarım üstünə qaldırdım. Tamaşaçılar elə bildilər ki, bu, ssenariyə uyğun şəkildə baş verdi.

- Heç xarici ölkələrdə belə ekstrimlərlə qarşılaşmısınız?

- Qoy bir az özümü tərifləyim də. Mənim adımı o vaxtlar “Zver Kamil” qoymuşdular. Ruslar mənə “Zver Kolya” deyirdilər. Hindistanda qastrol səfərində idik. Bakıdan 26 nəfər rəqqas və rəqqasə orda bir konsert verdik, sorağımız bütün Hindistana yayıldı. Bizim proqramı Moskvadan dəvət olunan rejissor təşkil etmişdi. Əlimdə nağara rəqs edirdim. Rəqsdə bir yer vardı, sürüşməliydim. Bunun üçün də qabaqcadan ayağımı qızışdırmalıydım ki, rahat sürüşə bilim. Yoxsa, ayağım sına bilərdi. Amma Zver Kamilin gözü ayağının altını görmürdü, ayağımı qızışdırmamış necə səhnəyə atıldımsa, elə yerimdə qaldım. Özümdən necə getmişəmsə, bir onda ayıldım ki, başımın üstündə həkimlər dayanıb.

Onda həkimin əlində bıçaq görəndə qışqırdım, elə bildim ayağımı kəsəcəklər. Rus həkim məni heç cürə sakitləşdirə bilmirdi. Onu azərbaycanca söyürdüm. Əl-qol atırdım, qaçmaq istəyirdim. Sonradan mənə başa saldılar ki, cərrah bıçağı ilə ayağımın tüklərini kəsib, gips qoymaq istəyirlər. İki ay ayağım gipsdə qaldı. Təsəvvür edin, bu vəziyyətdə səhnəyə çıxıb nağara çalırdım.

- Bayaq dediniz ki, qopan dırnaqlarınızı yerinə sarıyıb oynayırdınız. Bu ağrı-acı sizi rəqsdən soyutmurdu?

- Nə danışırsan, mən oynayanda özümü unudurdum, o ki qala ağrı-acı. Ayağımdan o qədər qan gəlirdi ki, səhnə al-qırmızı olurdu.

- Belə başa düşdüm ki, bu sənəti seçdiyinizə görə peşman deyilsiniz?

- Hərdən peşmançılıq olur. Amma bu sənətdə ad qoymuşam. Sentyabrın 26-sı 80 yaşım olacaq, amma bu gün də səhnəyə çıxmağa gücüm var. Neft Akademiyasında “Gənclik” rəqs ansamblını, Gəncə Mahnı və Rəqs Ansamblını mən yaratmışam, 11 qızıl medalı Azərbaycana mən gətirmişəm.

- Bu qədər uğurlarınız olub. Belə insanları da həmişə vurmağa çalışıblar. Heç həmkarlarınız arasında paxıllığınızı çəkən, zərbə vurmaq istəyən adamlar vardı?

- Günü bu gün də paxıllığımı çəkən insanlar var. 1980-ci ildə Parisdə möhtəşəm konsert verdim. Azərbaycanda xəbər çıxardılar ki, Kamil Dadaşov Paris səhnəsində xuliqanlıq edib.

- Neyləmişdiniz ki?

- Gözəl rəqsimə görə məni dəfələrlə alqışlamışdılar, mən də 5 dəfə səhnəyə qayıdıb onlara baş əymişdim. Bunu xuliqanlıq kimi qələmə vermişdilər. Mənim kosmonavt Titovla qol-qola şəklim var. O, mənim rəqsimə valeh olmuşdu. Konsertdən sonra banket elədilər, amma mənim yerimə o banketə başqa rəqqası apardılar. İndi o adam sağdır. Çox pərt oldum. Gəldim ki, geyim otağında milli paltarımı dəyişim. Əlimi cibimə atanda gördüm pullarımı da oğurlayıblar.

- Elə insanlara reaksiyanız necə olurdu?

- Çox mehriban davranırdım. Ataların bir sözü var ki, düşmən səni daşla, sən onu aşla qov. Sonda o, sənin yaxşı hərəkətindən utanıb daşı elə öz başına vuracaq.

- Amma aş həmişə işə yaramır, belə olsaydı, bu günə qədər bədxahlarınız olmazdı. Kamil müəllim, heç dostluq etdiyiniz həmkarlarınız vardımı?

- Rəqqasələrin çoxunun qurdu içindəydi. Amma Əminə Dilbazi ilə çox yaxın idik. Xətrimi çox istəyirdi.

- Məşhur, həm də yaraşıqlı rəqqas idiniz. Heç sevgi məktubları alırdınız?

- O qədər… Böyük Teatrda konsert verib çıxanda, bayırda dəstəylə rus qızı məni gözləyirdi. Düşənbədə “Baxor” rəqs ansamblının bir rəqqasəsi vardı, SSRİ xalq artisti idi. Mənə sevgi ismarışı göndərmişdi.

- Necə?

- Xalq artisti Əminə Dilbazi ilə rəfiqə olan həmin rəqqasə ona məktub yazmışdı ki, Əminə, öyrən gör Kamil evlidir, ya subay. Axırda da yazmışdı ki, onu dünyada hamıdan çox sevirəm və ailə qurmaq istəyirəm. Qız deyirəm e, sənə, “krasavitsa”, ağappaq. Heç deməzdin ki, özbək qızıdır.

- Deməli, Düşənbədən sizə elçi düşmüşdü. Bəs cavabınız necə oldu?

- Mən onda evliydim. Əminə xanım həmin məktubu evimizə gətirdi ki, ə, Don Juan, evli ola-ola, bu nə sevgilidir belə, qızı dəli eləmisən? And içdim ki, aramızda heç nə olmayıb, sadəcə olaraq o, məni sevib.

- Ay Kamil müəllim, indi vaxt keçib, xanımınız da dünyasını dəyişib, Allah rəhmət eləsin, bəlkə, etiraf edəsiniz, aranızda eşq-filan yaşanmışdı?

- Ciddi şey olmamışdı, sadəcə olaraq, qastrolda olanda simpatiya yaranmışdı. Mən ona bir rəqs həsr eləmişdim. Çünki xoşuma gəlmişdi. Amma evliydim axı.

- Bəs xanımınız bu məsələdən xəbərdar oldu?

- Bəs nə, Əminə evə gətirmişdi məktubu. Mən də verdim xanımıma ki, oxusun. O da oxuyub dedi ki, Kamil, bəlkə, qızın dalınca Düşənbəyə gedəsən?

- Ciddi deyirdi?

- Əlbəttə yox. Hələ bu harasıdır, evimizə o qədər qızlar zəng edirdi ki… Xanımıma deyirdilər ki, ərin mənimlə görüşür, filankəslə gəzir. Qoşa şəkilləri var və s. Yoldaşım da onlara deyirdi ki, təki xoruzum özgə damında banlasın.

Çox fədakar qadın idi. Bir köynəyi bircə dəfə geyinirdim, ikinci dəfə yuyub ütüləməmiş mənə verməzdi.

- Özünüz sevib-seçmişdiniz, yoxsa valideynləriniz evləndirmişdi?

- Uzaq qohumluğumuz vardı. Mən sevirdim qızı, atasıgil rəqqas olduğuma görə bu izdivaca qarşı çıxırdılar. Mən də onu götürüb qaçdım. Amma qayınatamın məndən sevimli kürəkəni olmadı.

- Bəs qız razı idi?

- Bəs nə, ölürdü məndən ötrü. Özümə fikir verən oğlan idim. O dövrdə brend malı birinci mən geyinirdim. Fransadan özümə 30 cüt ayaqqabı gətirmişdim. Əlcəzairdən kostyum sifariş etdirmişdim. İttifaqda üstüağ ayaqqabını birinci mən geyinmişəm. Arvad üstümdə əsirdi. Elə adamı yaddan çıxarmaq olar. Məni yetim qoyub getdi. Ondan sonra yaşamaq mənə çox çətin oldu. Özümü öldürmək istəyirdim. Hətta bir neçə dəfə evdən çıxıb özümü maşının altına atmaq istəmişəm.

- Neçə ildir rəhmətə gedib?

- 8 ildir. Bir dəfə yuxuda gördüm. Dedi ki, Kamil yanıma gəlmə. Səni qəbul etməyəcəyəm. Bununla da şeytana lənət deyib, dözümlü olmağa çalışdım.

- Həyat davam edir, Kamil müəllim, görün sizi sevən nə qədər tamaşaçınız var. Mənə çox maraqlıdır, indiyə qədər neçə rəqs qurmusunuz?

- Yüzdən artıq.

- Bəs ən çox sevdiyiniz rəqs hansıdır?

- “Naz eləmə”. Mən bu rəqsə möhür vurmuşam.

- Bəlkə, bir canlı-canlı bizə də göstərəsiniz...

(Bərabər oynadıq).

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov


























Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/98222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR