Bakıda yağan yağış sakinlərə yeni-yeni möcüzələr göstərir. Səhər saatlarında kanalizasiya quyusunun fontan vurmasını görənlər, indi də Heydər Əliyev prospektindəki Bağırov körpüsünün altdan keçən tuneldə şəlalə görüblər.
Qeyd edək ki, Xəzər, Səbail, Nəsimi, Sabunçu Rayon İcra Hakimiyyətlərindən bildirilib ki, yağışdan sonra heç bir problem yaşanmayıb, rayon ərazilərdə quraşdırılan kanalizasiya sistemləri işləkdir.
Xəzər Rayon İcra Hakimiyyəti (RİH) başçısının I müavini Vaqif Həsənov bildirib ki, yağış yağan zaman adətən əhalinin mütəmadi istifadə etdiyi gediş-gəliş yerləri RİH-in daxili imkanları hesabına sulardan təmizlənir: “Bundan başqa, bu kimi hallarda icra hakimiyyətinın fövqəladə hallar komissiyası da hazır vəziyyətdə olur. Ümumilikdə isə intensiv yağışla bağlı bizə hansısa şikayət daxil olmayıb”.
Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov isə qeyd edib ki,
şəhərin mərkəzində yağış suları ilə bağlı heç bir problem meydana
gəlməyib: “Çünki mərkəzi ərazilərdə kanalizasiya sistemləri yeni
qurulub. Digər ətraf ərazilərdə də heç bir problem müşahidə
olunmayıb”.
Nəsimi Rayon İcra Hakimiyyətinin mənzil kommunal Təsərrüfatı
birliyinin rəisi Elman Yəhyayev səhər tezdən bəzi ərazilərdə
müşahidə apardığını və heç bir problem olmadığını deyib:
“Bildiyiniz kimi, 4-cü və 9-cu mikrorayonlardan dağın yamacından
axan sular keçir, lakin yenə də heç bir problem yaşanmayıb. Çünki
həmin ərazilərdə quraşdırılan kanalizasiya sistemləri
işləkdir”.
Sabunçu Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bəzi
qəsəbələrdə müəyyən problemlər yaranıb və aradan qaldırılması üçün
aidiyyəti qurumlara məlumat verilib.
Problemlərin daha çox yaşandığı Binəqədi Rayon İcra Hakimiyyətindən
isə adəti üzrə zənglərə cavab verən olmayıb. (faktxeber)