"Sent Etyen" - "Qəbələ" matçının hakimi Azərbaycanda debüt edibmiş...

"Sent Etyen" - "Qəbələ" matçının hakimi Azərbaycanda debüt edibmiş...
15:05 17 Oktyabr 2016
87 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə matçına təyinat alan türkiyəli hakim Ali Palabıyıkın yolu üçüncü dəfə Azərbaycan komandası ilə kəsişib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 35 yaşlı referi ilk dəfə təmsilçimizin səfər matçında fit çalacaq.

Ötən il FİFA dərəcəsi alan Palabıyıkın beynəlxalq təcrübəsi elə də zəngin deyil. Maraqlıdı ki, onun ilk Avrokubok matçı ölkəmizdə reallaşıb. Belə ki, türkiyəli referi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" - "Mladost" qarşılaşmasında debüt edib. O, 2:2 hesabı ilə başa çatan görüşdə 4 sarı vərəqəyə müraciət edib ki, onlardan biri "Neftçi"nin müdafiəçisi Kamal Qurbanovun payına düşüb.
 
Palabıyık milli səviyyəsində yeganə oyununu bu il idarə edib. Mart ayında Azərbaycanla Qazaxıstan arasında Antalyada keçirilən yoldaşlıq görüşü məhz ona tapşırılıb. Qazaxların 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada referi rəqib komandaya 1 sarı vərəqə göstərməklə kifayətlənib.
 
2002-ci ildə hakimliyə başlayan Ali Palabıyık Superliqada ilk baş hakimlik təcrübəsini 2012-ci ildə yaşayıb. Qısa müddətdə özünü doğrultmağı bacaran Palabıyık hazırda Türkiyənin ən sürətlə inkişaf edən hakimlərindəndi. Təsadüfi deyil ki, o, bu il 2 dəfə "Beşiktaş" - "Qalatasaray" derbilərində fit çalıb. Sentyabrda Superliqa çərçivəsindəki qarşılaşmada ədalət təmsilçisi olan hakim avqust ayında da Türkiyə Superkuboku matçını idarə edib.
 
Beynəlxalq arenada 12 oyuna baş hakim kimi təyinat alan Ali Palabıyık 41 sarı, 1 qırmızı, 4 penalti qərarı ilə diqqət çəkib. O, cari mövsümdə Avropa Liqasının I təsnifat mərhələsində "Valur" - "Brondbü" (1:4) və III mərhələdə "Sassuolo" - "Lütsern" (3:0) görüşlərində fit çalıb.
 
Qeyd edək ki, "Sent-Etyen" - "Qəbələ" oyunu oktyabrın 20-də "Joffrua Qişar" stadionunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR