Qubada 2 min nəfərin yaşadığı kəndə qaz verilmir

Qubada 2 min nəfərin yaşadığı kəndə qaz verilmir
15:19 17 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Qubanın 500-dən çox evi olan Aşağı Atuc kəndinə təbii qazın verilişi ilə bağlı problemlər yaşanır.
 
APA TV-nin şimal bürosunun xəbərinə görə, yaşayış məntəqəsinə 5 il öncə ilk dəfə mavi yanacaq verilib. Amma hazırda sakinlərə verilən təbii qazın təzyiqi normadan aşağı olduğundan, kənd sakinləri evlərinin qızdırılmasında odundan istifadə edir.
 
Onlar bildirir ki, bu ildən etibarən kəndə qaz fasilələrlə gəlir. Bəzən isə həftələrlə mavi yanacaq verilmir.
 
Comərd Əmrahov, kənd sakini: "Bir ildir qaz yoxdur. Olur, az olur. Bu yaxın vaxtlarda, ümumiyyətlə, yoxdur. Ramazan ayında, ümumiyyətlə, qaz olmayıb. Dedilər qaz azdır, çatmayıb. Neçə dəfə demişəm, çarəsi yoxdur".
 
Bəxtiyar, kənd sakini: "Bir il qaz yaxşı idi. Hamının övladı var. Hamı istəyir ki, uşaq məktəbə gedəndə bir stəkan isti çay içsin. Balonla gedib qaz gətiririk Qubadan, Qusardan. Əlavə xərcimiz çıxır".
 
Sahib Səfərəliyev, kənd sakini: "Problem odur ki, qaz gəlmir. Ayda-ildə bir dəfə gəlir, közərib yanır. Boruları döyəcləyirik, onda da az yanır, yoxsa yanmır. Odun peçi və maye qaz alırıq".
 
Aşağı Atuc kəndinin iki min nəfərə yaxın sakini var. Kəndə mavi yanacaq ilk dəfə 2011-ci ildə verilib. Həmin il qazın verilişində heç bir çətinlik olmayıb. Lakin son bir ildə kənd sakinləri evlərin qızdırılması üçün odundan istifadə edir.
 
Məsələyə münasibət bildirən Xaçmaz Regional Qaz İdarəsinin baş mühəndisi Əlibaba Əliyev isə bildirib ki, kənddə təbii qazın verilişində yaranan çətinlik qış mövsümünə keçidlə bağlıdır: "Problem havaların tez soyuması ilə əlaqədardır. Yay rejimindən qış rejiminə keçərkən həmin mərhələdə problemlər yaranır. Hava soyuyanda təbii ki, tələbat çoxalır və qaz çatışmazlığı yaranır. Bu halda təzyiq biz tərəfdən tənzimlənir. Havaların soyuması ilə əlaqədar bütün sahələrə tapşırılıb ki, bu kimi narazılıqlar dərhal aradan qaldırılsın".
 
İdarədən bildirilib ki, Aşağı Atuc kəndi ilə yanaşı, problemin yaşandığı digər kəndlərdə də qazın verilişi yaxın günlərdə normaya düşəcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR