Sərnişinlərin maarifləndirilməsi və sərnişindaşıma
fəaliyyətini daha səmərəli təşkil etmək məqsədi ilə “BakuBus”
avtobuslarının salonunda mütəmadi olaraq sərnişinlər üçün
təhlükəsizlik və davranış qaydalarının səsləndirilməsinə
başlayıb.
Bu haqda “BakuBus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev
məlumat verib.
O bildirib ki, gün ərzində “BakuBus” avtobuslarında səsləndiriləcək
məlumatlarda paytaxt sakinləri və şəhərimizin qonaqları əsasən
ictimai nəqliyyatdan təhlükəsiz istifadə qaydalarını
dinləyəcəklər:
“Belə ki, ardıcıl olaraq təhlükəsiz şəkildə sərnişinlərin
dayanacağa yaxınlaşması, avtobusa daxil olması, yolboyu avtobusun
içərisində digər sərnişin və sürücülərlə münasibəti, avtobusda
yolçuluq zamanı texniki təhlükəsizlik və nəzakət qaydaları
sərnişinlərin diqqətinə davamlı çatdırılacaq.
Hesab edirəm ki, qanunvericilikdə nəzərdə tutulan müddəalara və
beynəlxalq standartlara uyğun olaraq hazırlanmış təhlükəsizlik və
davranış qaydalarını ictimai nəqliyyatdan istifadə edən hər kəsin
bilməsi sərnişindaşıma fəaliyyətinin yüksək səviyyədə təşkil
olunması üçün böyük əhəmiyyət daşıyacaq”.
Onun sözlərinə görə, sərnişinlər mənzil başına çatdıqdan sonra
avtobusdan təhlükəsiz enib yolu necə keçmək və digər məlumatlarla
tanış olacaqlar.
“Ümid edirik ki, mütəmadi şəkildə səsləndiriləcək bu qaydalar
sərnişin - sürücü və sərnişinlərin bir-biri ilə münasibətlərinə öz
müsbət töhfəsini verməklə yanaşı avtobusların salonuna yeni
abu-hava gətirəcək və daha sivil mühitin formalaşmasına şərait
yaradacaq. “BakuBus” sərnişindaşımada ən müasir standartların
tətbiqini gələcəkdə də davam etdirəcək”. (modern.az)