Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tolstoy niyə saat 5-də yuxudan dururdu?

Tolstoy niyə saat 5-də yuxudan dururdu?

Date: 17 October 2016 16:33

Qalınlığı ilə bir çoxlarının gözünü qorxudan “Hərb və sülh” ilk baxışda 20 yaşlarda oxunacaq bir kitab kimi görünmür. “İvan İliçin ölümü” və “Diriliş” də adları ilə gəncləri qorxuda bilər. Əslində isə, Tolstoy 20 yaşlarda oxumaq üçün olduqca uğurlu bir yazardır.

O, bundan 100 il əvvəl Rusiyada yaşamış olsa belə, özü də, yaratdığı xarakterləri də günümüzə hakim olan ehtiras, müvəffəqiyyətsizlik, stress, yaxşılıq kimi duyğuları yaxşı bilir və hər yaşdakı oxucuya öz içlərindəki duyğuları anlayıb ifadə etmələri mövzusunda rəhbərlik edə bilir.

Publika.az rus ədəbiyyatının ən önəmli simalarından biri olan Tolstoyu 20 yaşlarda (və ya hər hansı bir yaşda) oxumağımız üçün beş səbəbi təqdim edir:

1. Tolstoy hər zaman özünü inkişaf etdirməyə çalışırdı.

Tolstoy 18 yaşındaykən gündəlik tutmağa başladı. Gündəliyində yazdığı bəzi qaydalar belə idi:

Səhər beşdə oyan,

Eyni anda yalnız bir şey et,

Şirin yeməklərdən uzaq dur,

Başqa insanların düşüncələrinə qarışma,

Daha az şanslılara kömək et.

Tolstoyun özünü inkişaf etdirmə düşüncəsi romanlarında da ortaya çıxır. Xüsusilə Nexlyudov xarakteri böyük ölçüdə Tolstoyu və qaydalarını əks etdirir: “İnsanlığı formalaşdırmaq və əxlaqsızlığı, bədbəxtliyi yox etmək bizə o zamanlar məqbul gəlmişdi. Eynilə özümüzü formalaşdırmaq və xoşbəxt olmaq kimi”.

2. Tolstoy müvəffəqiyyətsizliyi də bilirdi.

Tolstoyun planları olduqca nadir hallarda öz istədiyi kimi getmişdi. Bəzi günlər qoyduğu qaydalara əməl etsə də, arabir buna riayət etmirdi. Amma özünə bu qədər yüksək hədəflər qoymasaydı, bəlkə də şah əsərlər ustasına çevrilməyəcəkdi: “Bu qədər bezdirici olduğum və qoyduğum qaydalara əməl etmədiyim ikinci gün. Niyə belə olur? Bilmirəm. Amma ümidsizliyə qapılmayaq: Özümü aktiv olmağa məcbur edəcəm”.

3. Tolstoyun bəzi xasiyyətləri yaşadığı cəmiyyətə uyğunlaşmasına imkan vermirdi.

“Hərb və Sülhün” əvvəlində Pyer Bezuxov 10 illik təhsilin ardından Avropadan yeni dönmüş 20 yaşlı bir gənc olaraq qarşımıza çıxır. Rusiyaya dair çox az məlumatı olduğu üçün Rus cəmiyyətində özünü narahat və gərgin hiss edir. Yenə də Pyer yaxşılıq üçün bütün qüvvəsi ilə çalışmağa davam edir və nəticədə ədəbiyyat tarixində bunu bacara bilən az sayda xarakterdən biri olur.

4. Tolstoy xaotik dünyada məna və sadəliyi tapmağa çalışırdı.

İndiki vaxtda ictimai media və texnologiyanın getdikcə daha çox həyatımıza girməsi ilə dinclik tapmaq, mənalı təcrübələr yaşamaq olduqca çətindir. Tolstoyun “Ailə xoşbəxtliyi” kitabı bu mövzuda xüsusi əhəmiyyət daşıyır: “Kənddəki evimizdə yaxşılıq etmənin çox asan olduğu, amma bu yaxşılığa alışmamış insanlarla birlikdə səssiz, sakit bir həyat sürmək, sonra faydalı bir iş, sonra istirahət, təbiətin gözəllikləri, kitablar, musiqi, cana yaxın bir qonşunun sevgisi ... Daha çoxunu xəyal edə bilməyəcəyim bir xoşbəxtlik”.

Kəndə köçməyimizə ehtiyac yoxdur, amma Tolstoyun dediyi kimi sosiallaşma, kitab oxuma, istirahət kimi hərəkətlərə həyatımızda daha çox yer verə bilərik.

5. Tolstoy stress və panikanın necə hisslər olduğunu bildiyi kimi onların öhdəsindən necə gələcəyini də yaxşı bilirdi.

1869-cu ildə torpaqlarına nəzarət etmək üçün çıxdığı Penza gəzintisi əsnasında istirahət üçün bir oteldə gecələdi. Gecə saat ikidə gözlənilməyən bir panika keçirib, "ümidsizlik, qorxu, terror" hissləri ilə dolub-daşdı. Oxşar gəzintidə Tolstoy tez-tez uzun şam ağaclarının təpələrinə baxaraq özündən böyük bu ağaclara heyran qaldı. Tolstoy və xarakterləri üçün belə bir anın öhdəsindən gəlmənin ən yaxşı yolu ətrafa və səmaya baxmaq idi. Şahzadə Andrey “Hərb və sülh”də döyüş meydanından bu məşhur cümlələri söyləyərdi məsələn: “Bəli! Sonsuz göydən başqa hər şey boş, hər şey bir illüziya. Başqa heç bir şey, amma heç bir şey yox onun xaricində. Durğunluqdan və rahatlıqdan başqa”.

Fəxrəndə Dəmirova


Tags:  Tolstoy niyə saat 5-də yuxudan dururdu

RƏYLƏR


Top news