Putindən Vaşinqtonun “Qarabağ planı”na zərbə

Putindən Vaşinqtonun “Qarabağ planı”na zərbə
17:03 17 Oktyabr 2016
225 Ölkə
Ölkə mətbuatı
A- A+

İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasından çox şey gözləyirdi. Lakin nəticə Ermənistanı məyus etdi.

1. Dağlıq Qarabağla bağlı bəyanat veriləcək və bu bəyanat ən azından Ermənistanın maraqları kontekstində olacaqdı. Lakin bəyanatda KTMT-yə üzv dövlətlər münaqişənin həlli ilə bağlı Vyana və Sankt-Peterburq sammitlərinin nəticələrinə dəstək ifadə etdilər.

Bu o deməkdir ki, KTMT Rusiyanın Qarabağ planını dəstəkləyir. Hansı ki, bu plan Sankt-Peterburqda müzakirə olunub. Mediaya sızan məlumatlara görə, bu, faktiki olaraq mövcud status-kvonun aradan qaldırılması deməkdir.

Bəyanatda “ATƏT-in Minsk qrupunun münaqişənin beynəlxalq hüquq və norma prinsipləri, Helsinki Yekun aktı və BMT nizamnaməsində göstərilən güc tətbiq etməmə və ərazi bütövlüyü prinsipləri əsasında həlli istiqamətində səylərinin dəstəklənməsi” də Ermənistanın planlarını alt-üst etdi. Bu, beynəlxalq konvensiyalarda Azərbaycanın ərazi bütövlüyünün tanınmasına açıq şəkildə dəstəkdir.

2. Rusiya xarici işlər naziri Sergey Lavrov “Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas olacaq” açıqlaması da xüsusi diqqət çəkir. Rusiyanın baş diplomatı bununla demək istəyir ki, Ermənistan Qarabağ münaqişəsinin hazırki plana uyğun, yəni ərazilərin qaytarılması çərçivəsində həllinə razı olacaqsa, o zaman, Türkiyə ilə münasibətlərin normallaşması mümkün olacaq. Bu bəyanatın Putinin Türkiyə səfərindən sonra verilməsi də xüsusi diqqət çəkir.

3. Nazarbayev İrəvana getməkdən imtina etdi. Qazaxıstan KTMT-də əsas güc sahibi olan ölkələrdəndir. Bu ölkənin prezidenti Nursultan Nazarbayev xəstələndiyi üçün İrəvana getməkdən imtina etdi. Onun Sarkisyana antipatiyasının olması, Ermənistanla münasibətlərdə daim Azərbaycanın maraqları çərçivəsindən çıxış etməsi fonunda İrəvana getməməsinin səbəbi aydın olur. Bu, İrəvanın arzularının əksinə olaraq, KTMT-nin Ermənistana qalxan olmayacağını deməyə əsas verir.

4. İrəvan toplantısında KTMT-nin yeni baş katibinin seçiləcəyi gözlənilirdi. Yeni baş katib erməni olmalı idi və hətta artıq namizədlərin də adı məlum idi. Lakin KTMT-yə yeni baş katib seçilməsinin təxirə salınması ermənilərin planlarını alt-üst etdi. Halbuki, İrəvan KTMT-yə erməni baş katibini qoymaqla gələcəkdə qurumun dəstəyini qazanmaq, “dördgünlük müharibə” zamanı yaşadığı təcrübə ilə bir də qarşılaşmamaq istəyində idi.

Bu amillər KTMT-nin İrəvan toplantısının Ermənistanın əleyhinə işlədiyini göstərir. Təsadüfi deyil ki, erməni mediası “Azərbaycan İrəvan sammitini öz maraqlarının xidmətçisinə çevirməyi bacardı” deyə yazdı.

Putin Azərbaycanı inandırdı ki, o, KTMT üzvü olmasa da, onun maraqları nəzərə alınacaq”.

Ermənistan mediasında yayımlanan bu fikirlər hazırki situasiyanı aydın göstərir.

Bütün bunların fonunda Rusiya prezidenti Vladimir Putinin “İrəvanda Qarabağ münaqişəsi ilə bağlı kompromislər müzakirə olunub” açıqlaması diqqətdən yayınmır.

KTMT xarici təhdidlərlə bağlı yaradılıb. Biz yanımızda baş verənlərə də reaksiya verməliyik və keçmişdən bizə qalan bütün problemlərin sülh yolu və kompromis əsasında həllinə səy göstərməliyik. Məhz kompromis nöqteyi-nəzərindən İrəvanda Qarabağ problemini müzakirə etdik”, - Putin jurnalistlərə belə dedi.

Onun bu fikirlərinin arxasında nələrin dayandığını, məhz hansı kompromislərdən söhbət getdiyi maraqlıdır. Burada üç məqam önə çıxır.

Birinci məqam: hər şeydən əvvəl Putinin bu açıqlaması ABŞ-a cavab atəşidir. Dövlət katibi Con Kerri iki həftə öncə “liderlər güzəştə hazır deyil” deyə açıqlama verdi. Bu, daha çox Rusiyanın münaqişənin həlli ilə bağlı planlarına qarşı deyilmiş sözlər idi. Putin İstanbulda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra İrəvanda münaqişənin həlli üçün güzəştləri müzakirə edərək, Vaşinqtona “təşəbbüsü əldən vermədiyini” nümayiş etdirdi.

İkinci məqam: İrəvan səfərindən öncə Putin İstanbulda Ərdoğan və İlham Əliyevlə görüşdü. Bu görüş həm də avqustun ilk onilliyində yaradılacağı elan olunan “Azərbaycan-Türkiyə-Rusiya fotmatı”nın bir daha müzakirə edilməsi baxımından önəmli idi. Rusiya və Türkiyə bu formata Ermənistanın da qoşulmasını istəyirlər. Azərbaycan Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli qarşılığında, buna etiraz etmir. Rusiya ilə yanaşı, Türkiyə də Ermənistanı konstruktiv mövqedən çıxış etməyə dəvət edir, bu istiqamətdə müzakirələr aparırlar. Sergey Lavrovun İrəvanda Ermənistan rəhbərliyinə “türk-erməni münasibətlərinin yolu Qarabağdan keçir” mesajını verməsi də təsadüfi deyil. Bununla yanaşı, Lavrovun “Türkiyə Qarabağ münaqişəsinin həllinə öz töhfələrini verə bilər” sözləri də unudulmamalıdır.

Hesab etmək olar ki, Putin İrəvanda Sarkisyanla məhz bu məsələni müzakirə edib.

Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addım atılır; 5 rayon qaytarılır; 2 rayonun taleyi sonradan həll olunur; qaçqınlar geri qayıdır; bölgəyə sülhməramlılar yerləşdirilir (Rusiya sülhməramıların rus əsgərlərindən ibarət olmasını istəsə də, Ankaranın prosesdə iştirakı türk əsgərlərinin də burada təmsil olunmasını şərtləndirə bilər); bütün bunlardan sonra Qarabağın statusu həll edilir.

Üçüncü məqam: Putin İstanbulda Türkiyə və Azərbaycan lideri ilə eyni masada oturduğu zaman Sarkisyan ABŞ-a səfər etmişdi. Amerika regionda yaradılması planlaşdırılan formatın əleyhinə Ermənistandan istifadə etmək niyyətindədir. Bunun üçün məhz Qarabağ məsələsindən istifadə olunur. Sarkisyan da Vaşinqtona arxasını söykəyərək, Putinə buynuz göstərir. Görünür, Putin İrəvanda Sarkisyanla ABŞ səfərini də müzakirə edib. Onun “kompromislər müzakirə olundu” sözləri Amerikaya “bütün cəhdlərinizə baxmayaraq, planımdan əl çəkməmişəm” mesajını verməkdir.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR