Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qəbələ”nin qapıçısı tarixə düşdü

“Qəbələ”nin qapıçısı tarixə düşdü

Date: 17 October 2016 17:38

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Azərbaycan çempionatları tarixinə düşüb.

Publika.az xəbər verir ki, ukraynalı qolkiper qapısını ən uzun müddət toxunulmaz saxlayan 10 əlcək sahibinin siyahısına daxil olub. Azərbaycan Premyer Liqasında 915 dəqiqə qol buraxmayan Dmitri 1992-ci ildən keçirilən ölkə çempionatlarının 24 illik tarixində 7-ci nəticəyə imza atıb.

Sonuncu dəfə ötən mövsümün 34-cü turunun mayın 11-də keçirilən “Qarabağ”a qarşı matçın (0:2) 32-ci dəqiqəsində Dani Kintananın qoluna məyus olan Bezotosnı ardıcıl 9 quru oyun keçirib. Ötən mövsümün son 2 və cari mövsümün ilk 7 oyununda qapısında qol görməyən legioner 8-ci turun “İnter”lə görüşündə seriyasının qırılmasına üzülüb. Matçın 47 dəqiqəsinə qədər qapısını toxunulmaz saxlamaqla seriyanı 915-ə çatdıran qolkiper Ağabala Ramazanovun 48-ci dəqiqədəki zərbəsi qarşısında aciz qalıb.

Azərbaycan çempionatlarının 7-cisi olan Bezotosnı “Qəbələ”nin rekordçusu Pavel Doroşevdən 37 dəqiqə geri qalmaqla, klubun 2-ci göstəricisinə imza atıb. Ukraynalı Nizami Sadıqova məxsus rekordun 191 dəqiqəliyində dayanıb.

Azərbaycan çempionatlarında 10 ən uzun “quru seriya”

1. Nizami Sadıqov (“Turan”) - 1106 dəqiqə

2. Xalidu Sissoko (Seneqal, “Bakı”) - 985 dəqiqə

3. Xalidu Sissoko (Seneqal, “Bakı”) - 971 dəqiqə

4. Camaləddin Əliyev (“Qarabağ”) - 958 dəqiqə

5. Pavel Doroşev (Latviya, “Qəbələ”) - 952 dəqiqə

6. Elxan Həsənov (“Neftçi”) - 943 dəqiqə

7. Dmitri Bezotosnı (Ukrayna, “Qəbələ”) - 915 dəqiqə

8. Boyan Pavloviç (“Qarabağ”) - 828 dəqiqə

9. Dmitri Kramarenko (“Karvan”) - 798 dəqiqə

10. Dmitri Kramarenko (“Neftçi”) - 772 dəqiqə


Tags:  Qəbələnin qapıçısı tarixə düşdü

RƏYLƏR


Top news