Azadlıq yolunun əbədi sakini

Azadlıq yolunun əbədi sakini
20:18 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“İstibdad zəncirlərini qıran bir nəfər iki yolun ayrıcında qalır:

Sol tərəfə gedən yol Azadlıq yoludur.

Sağ tərəfə gedən yol köləlik yoludur”, - deyərək əbədi azadlıq yolunu seçir Əhməd bəy Ağaoğlu. Elə bir yol seçir ki, bu yolun hər addımında əzablar, ağrılar izləyir böyük ziyalımızı. Amma o, bütün bunlara qatlaşır, iki yol ayrıcını sevir, çünki azadlığına aşiqdir.

Publika.az Əhməd Ağaoğlu barəsində yazını təqdim edir:

Əhməd Ağaoğlu 1869-cu ildə Şuşa şəhərində doğulub. Atası Mirzə Həsən pambıqçı fermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən Zeynalabdin bəy Rəfibəyovun bacısıdır.

Qızı Sürəyya Ağaoğlu Türkiyənin ilk qadın vəkili, oğlu Səməd Ağaoğlu isə 1950-60-cı illərdə qurulan Adnan Menderes hökumətində əmək və sosial təminat və dövlət naziri olub və üç dəfə Türkiyənin Böyük Millət Məclisinə deputat seçilib. 1981-ci ildə vəfat etmiş Səməd Ağaoğlu Türkiyənin önəmli yazar və publisistlərindən hesab edilir.

Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsilli inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan biri olub. 1901-ci ildə çapdan çıxan “İslam dünyasında qadın” adlı kitabında “azad qadınsız milli inkişaf ola bilməz” fikrini sübuta yetirərək Azərbaycan qadınına seçkilərdə səsvermə hüququnun verilməsi ilə ideyasını ilə gerçəkləşdirir.

Ə.Ağaoğlu 1905-ci ildə millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq "Difai" adlı özünümüdafiə təşkilatı yaradır. Eləcə də, Osmanlı imperiyasında geniş vüsət almış "Gənc Türk" inqilabi hərəkatından təşvişə düşmüş çar qüvvələri Ağaoğlunu təqib etməyə başlayırlar. Təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türkiyədə gedən sosial-ictimai proseslərə biganə qalmayan Əhməd bəy tezliklə bu proseslərə aktiv şəkildə qatılır. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş konqresinə prezident seçilir. Onun türkçülük ideyaları fəaliyyətinin əsas istiqamətinə çevrilir.

Türkiyədə jurnalist kimi fəaliyyət göstərən Əhməd bəy mətbuat bürosunun direktoru, Türkiyənin "Hakimiyyəti-Milliyə" qəzetinin baş redaktoru və müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində çalışır.

Birinci dünya müharibəsinin sonlarında ingilislər tərəfindən Maltaya sürgün edilir.

"İslam dinində və islam aləmində qadın", "Üç mədəniyyət", "Hindistan və İngiltərə”, "Sərbəst insanlar ölkəsində", "Dövlət və Fərd", "Mən kiməm", "Türk Hüquq Tarixi" və başqa əsərlərin müəllifidir.

Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat edib.

Fəxrəndə Dəmirova




Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/172495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR