Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

Date: 17 October 2016 20:43

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyinin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq ikicildlikdə müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri və müasir inkişaf tendensiyalarının araşdırıldığını, əsas yaradıcı simalarına oçerklərin həsr olunduğunu bildirib. Qeyd etdi ki, Nəşrdə 15 fəsil, onlarla icmal və portret oçerk, yüzdən çox yarımbaşlığın yer aldığını qeyd edən akademik İsa Həbibbəyli kitabın müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyini, zənginliyini və təkrarsızlığını ortaya çıxardığını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində Prezident İlham Əliyev alimlərimizə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə kitab yazmağı tövsiyə edib. Prezidentimizin çağırışına cavab olaraq ərsəyə gəlmiş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsi, eyni zamanda, müstəqil dövlətçiliyimizin 25 illiyinə elmi hesabatıdır.

Qeyd olunub ki, yeni nəşr kitabın elmi redaktoru, akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş “Ön söz” məqaləsi ilə açılır. Məqalədə müstəqillik dövrü ədəbiyyatını yetirən ictimai-siyasi və tarixi-mədəni durum səciyyələndirilir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqını dərin uçurumdan qurtaran xilaskarlıq missiyası və yeni dövr ədəbiyyatının formalaşmasındakı tarixi rolu diqqətə çatdırılır. Müasir ədəbiyyatın layiqli yer tutmasında Prezident İlham Əliyevin Ulu Öndərin quruculuq missiyasını davam və inkişaf etdirməsinə, respublikanın qabaqcıl dünya mədəniyyəti kontekstində təmsil olunmasına böyük önəm verilir. Eyni zamanda, məqalədə müstəqillik dövrü ədəbiyyatının xarakteri, tipoloji xüsusiyyətləri, yaradıcılıq prinsip və metodları, inkişaf tendensiyaları və perspektivləri hərtərəfli şərh olunur.

Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur. İkinci cilddə isə XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatından söz açılır və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanır.

İkicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun eyniadlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da fəal iştirakı ilə hazırlanıb. Ümumilikdə, kitab üzərində 45 müəllif işləyib.

Nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğludur.




Tags:  Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı kitabının təqdimatı olub

RƏYLƏR


Top news