KTMT toplantısında məxfi materiallar: Lukaşenkonun Qarabağ və NATO planları

KTMT toplantısında məxfi materiallar: Lukaşenkonun Qarabağ və NATO planları
21:18 17 Oktyabr 2016
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən son toplantısı xoşagəlməz notlarla yadda qaldı. Belarus prezidenti ənənəsini davam etdirərək qalmaqallı bəyanat verdi, amma bu dəfə daha sərt.

Belarus prezidenti KTMT-nin 14 oktyabrda İrəvanda keçirilən toplantısında bildirib ki, mənasız məsələlərin müzakirəsi üçün onu İrəvana çağırmaq lazım deyildi. Lukaşenko müzakirə olunan məsələlərin prezidentlər səviyyəsində olmadığını açıqlayıb. O, həmçinin narazılığını ifadə edib ki, dünyada heç kim KTMT-ni tanımır. Yəni, təlimlər keçirən hərbi blok mövcuddur, amma dünyada heç kim onu qəbul etmir.

Belarus prezidentinin arqumentləri də heyrətləndirir. Təşkilatda milyondan çox əsgər silah altındadır, 30 min tank və BMP, 2000-dən çox təyyarə və vertolyot. Operativ rekasiya üzrə güclər də kifayət qədərdir.

Amma KTMT-nin yumruqları qalxmır. Hərçənd səbəblər kifayət qədərdir. Suriya döyüşçülərinin sıralarında MDB-dən təxminən 10 min nəfər vuruşur. Onlar haqqında bilirik, amma KTMT ərəb respublikasına tələsmir”, - Lukaşenko bildirib.

Lukaşenkonun sözlərinin altında nə gizlənir? Məsələ bundadır ki, KTMT BMT mandatına sahib olmaq üçün müraciət edib. Amma BMT-nin komitələrindəki müzakirələrə, gurultulu bəyanatlara baxmayaraq, BMT KTMT-ə mandat verməyə razı olmayıb. Bununla da beynəlxalq mandat alaraq KTMT-nin münaqişə bölgələrində, məsələn Suriya və Dağlıq Qarabağda “sülhməramlı” sifəti ilə iştirak etmək niyyəti hələ ki baş tutmur.

Məlumata görə, dövlət başçılarının razılaşdıra bilmədiyi daha bir məsələ KTMT-nin 2025-ci ilə qədər fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək strategiya mətni olub. Daha doğrusu, NATO və ABŞ-ın KTMT üçün təhlükə olub-olmamasıdır. Halbuki, Rusiya prezidenti Vladimir Putinin köməkçisi sammitə qədər bununla bağlı elan vermişdi. İrəvanda KTMT-nin strategiyası qəbul edildi, amma mətndə NATO və ABŞ-ın təhlükə olmasından söhbət getmirdi. Serj Sarkisyanın sözlərinə görə, söhbət ümumi təhlükələrdən gedir. Blokun üzvləri NATO və ABŞ-ı rəqib elan etməyə razılaşmadılar.

Güman edilir ki, Lukaşenkonu narazı salan əsas məqam da məhz bu olub. Təxmin etmək olar ki, buna qarşı ev sahibi Ermənistan, o cümlədən Rusiya çıxıb.

Rusiya ilə Qərbin, həmçinin ABŞ-ın münasibətləri son vaxtlar kifayət qədər gərgindir. ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyir. ABŞ-ın dövlət katibi Rusiyaya qarşı yeni sanksiyaların prezident Barak Obama ilə müzakirə edildiyini bildirib. “Putinin NATO-su” adlandırılan bir təşkilatın strategiyasında NATO və ABŞ-ın birbaşa təhdid kimi göstərilməsi isə atəşə benzin tökmək deməkdir.

Ermənistana gəlincə, “eyni vaxtda iki stulda” oturmağı bacaran İrəvan istəməzdi ki, belə bir strategiya məhz onun ev sahibi olduğu toplantıda qəbul olunsun. İrəvan KTMT-yə sədrlik dövrünü “qansız-qadasız” təhvil vermək istəyirdi və buna nail oldu.

Rusiyanın tam asılılığında olmasına baxmayaraq, İrəvan bəzən sürpriz şantajlara əl atır. Təsadfü deyil ki, Azərbaycan, Rusiya və Türkiyə prezidentləri – İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İstanbulda səmimi görüntülər verdiyi bir vaxtda işğalçı ölkənin prezidenti Serj Sarkisyan ABŞ-a səfər etdi. Sözsüz ki, ABŞ-da müəyyən vədlər alan Sarkisyanın ölkəsinə qayıdan kimi “Anti-ABŞ və anti-NATO” sənədinə imza atması düşünülə bilməzdi.

Lukaşenko isə birbaşa NATO sərhədlərindədir. Şimali Atlantika Alyansının şərq cinahında möhkəmlənmək planlarının təhlükəli olduğunu anlayan Belarus liderinin KTMT-nin strategiyasına bu məsələnin salınmasına cəhd göstərməsi anlayışla qarşılana bilər.

KTMT-nin toplantısında nələr müzakirə olundu: narkoticarət, terrorizmlə mübarizə, MDB vətəndaşlarının qadağan edilmiş təşkilatlara qoşulması, təşkilatın vahid terror siyahısının hazırlanması. Lukaşenko isə bu fikirdədir ki, bu məsələləri müzakirə etmək üçün prezidentlərin toplanmasına ehtiyac yox idi.

Bununla belə, KTMT-nin sammiti təşkilatın bütün tarixi üçün ən sirli toplantılardan biri kimi yadda qalacaq: iki saatdan çox bağlı qapılar arxasında dar tərkibdə müzakirələr, imzalanmış 24 sənəd və praktik olaraq mətbuata heç bir bəyanatın verilməməsi. Genişləndirilmiş tərkibdə keçirilən toplantı ümumiyyətlə bəyanatlarsız keçdi. “Mir24.tv” saytı yazır ki, Serj Sarkisyan mikrofon işləmirdi, amma Aleksandr Lukaşenko hər şey eşidirdi. Sarkisyanın nə danışdığı və Lukaşenkonun nələri eşitdiyi bildirilmir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR