Oxu, lütfən, Allah eşqinə, oxu...

Oxu, lütfən, Allah eşqinə, oxu...
22:05 17 Oktyabr 2016
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Ta qədimdən ədəbiyyatla həşir-nəşir olanlar haqqında iki fikir var: həyatdangəlmə, kitabdangəlmə.

Bu bölgüyə görə kitabdangəlmələrə oxuduqlarının təsiriylə yazanlar, xalis istedadı olmayanlar aid edilir.
Həyatdangəlmələr isə xalis istedadı olanlardı.

A.Şopenhauer "Oxumaq, yazmaq və yaşamaq haqqında" əsərində maraqlı məsələyə toxunur: "Kitab oxumaq bizi düşünmək adlı həzzdən məhrum edir". Müəllif bir az da dərinə gedir: "Oxumaq adamı kütləşdirir. Kiminsə kitabını oxuyarkən bizim beynimiz həmin kitabı yazan müəllifin oyun meydançasına çevirilir. İnsan hər şey haqqında özü düşünüb qərar verməlidir.

Başqasının kitabını oxumaq - öz başın ola-ola başqasının başı ilə düşünmək cəhdinə bənzəyir..."

Biz oxuyarkən müəllifin yazdığını yox, oxuya-oxuya qavradığımızı həzm edirik. Belə də demək olar, müəllif öyrətmir, xatırladır. Gözlə qəbul etdiyimiz informasiya müəllifin yazdıqlarıdı, amma beynin görmə payında yaranan mənanın müəllifi şəxsən özümüz. Deməli, mətnin iki müəllifi var: mətni yazan və oxucu.

Ədəbiyyat dünyanı yenidən dərketmə sənətidi - dünyanı yenidən oxumaq.
Müəllifin verdiyi informasiya bizə dərketmə prosesində vasitəçi olur.
Kitabdangələnlərdə bol informasiya qəbulundan sonra şəxsi dərketmə prosesi dayanır, dünya oxuduqlarıyla çərçivələnir və düşüncə istehsalı şəxsilikdən çıxır, daha sadə dillə desək, dərketmə oxuduqlarının emalıyla yox, birbaşa ötürülməsiylə nəticələnir...

Düşüncə valı birbaşa içində olduğumuz proseslərdən qazandığımız bilgi xəzinəsinə çata bilmir, qazanılmışlar mütəmadi bilgi qəbulunun təsiriylə həmişə altda qalır və zamanla oksidləşir. 

Ədəbiyyat - nəzəri sənət deyil. Nəzəri bilgiləri bol olanların yaratdıqları yuxarıda qeyd etdiyim kimi, birbaşa informasiya ötürülməsidir, həzm edilməmiş informasiya emalı. 
Məlumdu ki, yeni söz yoxdu - fərqli ifadə tərzi var.

Bilgi sözün fərqli ifadə formasına xidmət eləyir. Bütün sözlər yaradılışda - fitrətdə var. Bilgi xatırladır və söz şəxsin qavrama ölçülərinə görə ifadə edilir. Daimi mütaliə düşüncəyə - bilginin qavranmasına vaxt qoymur. Nəticədə əvvəldən var olan sözün fərqli ifadə tərzi aldığın bilginin başqa formasında çatdırılır, həzm edilmədən. Bu, şəxsin öz emalı yox, qazanılmış informasiyanın ötürülmə prosesidi. 

Xalis istedad bilginin həzmindən sonrakı ifadə formasıdı.
Yenidən dərketmə prosesi deyəndə yaşananlar, görünənlər, eşidilənlər haqqında informasiyanın həzmi nəzərdə tutulur, yəni əvvəldən var olan bilgilərlə qazanılmışların reaksiyasından törəyən ifadə. Bu mənada ədəbiyyat həyatdangələnlərin (xalis istedadlılar) dərketmə sənətidi. 

Mütaliə var olan bilginin daima yenilənməsi (refresh, obnovit, güncəllənmə) üçün mütləq-əl-vacib!
Mütaliəsiz xatırlamaq mümkün deyil. Düşüncə valı var olanı emal edir və müəyyən müddətdən sonra boşluqda fırlanır. Əvvəldən var olan söz qazanılmışlara damcı-damcı qatmaq üçün istifadə edilərsə,  bu reaksiyadan sənətin özü alınacaq. Birbaşa xalisdən istifadə, var olanın əmilməsi tükənməylə nəticələnir. 
Mütaliənin faydalılığı qazanılmışları xalisin üstünə yox, altına yığmaqdır.

Ömər Xəyyam
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR