Gediş haqqı verməyənlər cərimələnəcək

Gediş haqqı verməyənlər cərimələnəcək
23:37 17 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Sərnişinlərin ödəniş haqqından yayınması halları aradan qaldırılacaq

Kartla ödəmə sisteminin tətbiq olunmadığı avtobuslarda, ödəniş haqqını ödəməkdən yayınma adəti hələ də qalıb. Bəzən görürsən ki, sərnişin arxa qapı açılan kimi gediş haqqını ödəmədən düşüb gedir. Avtobus sürücülərisə bu vəziyyətlə bacara bilmədiklərindən, çox vaxt arxa qapını bağlı saxlayır və sərnişinlər qabaq qapıdan düşmək məcburiyyətində qalırlar. Bu da vaxt itikisinə, sərnişinlərin narahatlığına səbəb olur. Lakin yeni qaydalara görə, ödəniş etməyən sərnişinlər 5 manat məbləğində cərimələnəcəklər.

Azərbaycanda şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobuslarda sərnişinlərin avtobusa ödəniş etməməsinə və sürücülərin sərnişinləri ödənişsiz daşıdığına görə cərimələnməsi qaydası dəyişir. Bu barədə məsələ Milli Məclisin dünənki iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik layihəsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək. Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə sürücüyə 20 manat cərimə tətbiq ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, yuxarıda qeyd olunan cərimə biletsiz getməyə və ya biletsiz aparılmaya görə tətbiq edilir. Dəyişikliyə əsasən, "biletsiz" və "sərnişinin biletsiz" sözləri "müvafiq qaydada ödəniş etmədən" və "müvafiq qaydada ödəniş edilmədən sərnişinin" sözləri ilə dəyişdirilir. Layihə səsə qoyularaq qəbul edilib.

Milli.Az bildirir ki, yol təhlükəsizliyi və yol hərəkəti qaydaları üzrə ekspert Azər Allahverənov hesab edir ki, cərimə sanksiyasının tətbiq edilməsi öz bəhrəsini verəcək: "Hamı bir qayda olaraq ödəniş haqqını ödəyəcək. Bəzi avtobuslar nağd ödəniş sistemi ilə işləyir. Nağd ödəniş sistemi ilə işləyən avtobus sürücüləri bu məsələni özləri nəzarətdə saxlamağa çalışırlar. Çünki onların verəcəyi gündəlik plan ödəniş haqlarından asılıdır. Ona görə də heç bir sərinişini ödəniş etmədən buraxmaq istəmirlər. Amma sərnişinlər çoxdur, sürücü isə tək. Ödəniş haqqını ödəməkdən yayınan, imtina edən sərnişinlərə də rast gəlinir", - deyə ekspert "Ekspress"ə bildirib.

Dediyinə görə, kart sistemi ilə işləyən avtobuslarda belə hallara tək-tük hallarda rast gəlinə bilər. "Şahidi olmuşam ki, hansısa sürücü sadəcə ödənişi etmədən avtobusla gedir, sürücü də bunu qəbul edir. Bir dəfə belə bir hadisə olub ki, sərnişin ödəməni etmədən avtobusa mindi və sürücü hansısa səbəbdən ondan ödəniş haqqını tələb etmədi. Həmin şəxs də pul vermədən getdi. Sərnişin bilir ki, bu kimi hərəkətləri cəzasız qalır. Amma gediş haqqını vermədiyi üçün 5 man cərimə ödəməli olarsa, 20 qəpik ödəyib keçməyə çalışacaq".

Allahverənov qeyd edib ki, cərimə tətbiq olunmasa belə, hər bir vətəndaş avtobusdan istifadə etdiyi üçün ödəniş etməlidir: "Bunu özünə borc kimi qəbul edərək həyata keçirməlidir. Əgər avtobusdan istifadə edirsə, ödəniş haqqını ödəməli olduğunu anlamalıdır".

Onun sözlərinə görə, müxtəlif yollarla ödəniş haqqını ödəməkdən yayınmağa çalışan sərnişinlər olur: "Bütün avtobuslar kart sisteminə keçdikdən sonra bir qayda olaraq avtobusa daxil olmaq istəyən sərnişin sürücünün yanındakı avtomata kartını tutmaqla ödənişini həyata keçirdikdən sonra avtobusun içərisinə daxil ola bilir. Ödənişi etməsə, sürücü onu avtobusa buraxmır. Digər, nağd ödənişlərin tətbiq olunduğu avtobuslarda isə sərnişinlər lazımi ünvana çatdıqdan sonra pulu verib düşür. Bu zaman arada pul verməyib düşənlər də insan axını ilə gedir. Bütün avtobuslar kartla ödəmə sisteminə keçdikdən sonra gediş haqqını ödəməkdən yayınma halları olmayacaq".

Həmsöhbətimiz avtobuslarda kameraların olduğunu da deyərək, bildirib ki, kameralardakı vizual görüntülər hesabına bu və ya digər şəxsin ödəniş etmədiyini aşkara çıxarmaq mümkündür. "İndi kompüter texnologiyaları çox güclü inkişaf edib. Çox asanlıqla həmin şəxsin görüntüləri vasitəsilə kim olduğunu aşkar etmək mümkündür. Həmin şəxsi cəriməni ödəməyə cəlb etmək olunacaq",- deyən Allahverənovun sözlərinə görə, ümumiyyətlə, insanlar ödəniş etmədən avtobuslardan istifadə etmək istəyindən yayınmamalıdır.

Dediyinə görə, əksər hallarda kartla ödəmə sisteminə keçməyən avtobuslarda sürücülər arxa qapını bağlı saxlamaqla, sərnişinləri yalnız qabaq qapıdan buraxmaqla və s. üsullarla sərnişinlərdən ödənişləri almağa çalışır: "Bütün avtobuslar nağdsız ödəniş sisteminə keçərsə, bu kimi üsulların tətbiqinə ehtiyac qalmaz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR