Bayramınız dövlətli olsun!

Bayramınız dövlətli olsun!
23:58 17 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Tarix qəribədir. Məntiqi və mahiyyəti ilə. Bir az da dəqiqsizliyi ilə. Amma dəqiq olan odur ki, oktyabr ayı bu xalqa çox şey bəxş edib. Dahilərini də, seçkilərini də, Gülüstan müqaviləsini də. Amma 25 il qabaq bir oktyabr oldu, bir ayın 18-i oldu və saat 18:20-də Milli Şura Azərbaycanın müstəqilliyi haqqında konstitutsiya aktını qəbul elədi.

Elə-belə demədim ki, tarix qəribə şeydi. 1918-ci ildə 28 mayda məhz 18:20-də İstiqlal Bəyannaməsi imzalanmışdı. Müstəqilliyin və azadlığın yolu çox çətindir. Amma indi yadınıza salmaq istəyirəm ki, 1989-cu ilin sentyabrında Azərbaycan suverenliyini elan etdi. 1991-ci ilin avqust ayının 31-də Müstəqillik Bəyannaməsi qəbul olundu. Hələ onu demirəm ki, 1991-ci ilin dekabr ayında müstəqil olub-olmamağı haqqında referendum da keçirildi.

Bir şeyi anlaya bilmirəm... Keçmiş SSRİ-nin tərkibində olan müttəfiq respublikalardan azadlıq uğrunda ən çox şəhid biz vermişik 20 yanvarda. Bəs niyə müstəqilliyimizin qərarı belə qərarsız olur? Hürr yaşamaq istəyən xalqın haqqıdır hürriyyət.

Müstəqilliyimizin 25-ci ildönümündə və məndən bir yaş böyük olan müstəqilliyimizə şükür etmək istəyirəm. Əslində, bizi yıxan qərarsızlıqdır. Bizim anlamımızda qanunun qaçağı olmaq, qanunu pozmaq igidlikdir. Qanuna o zaman tabe oluruq ki, bizi cərimələyirlər. Qanunun qaçağı olmaq yox, icrasını bacaran vətəndaş olmalıyıq. Ən azı şəhidlərin qanı ilə təsdiqlənmiş müstəqillik günümüzdə qanunlarımıza sadəcə əməl edək. Axı, bu dövlət bizimdir. Əgər dövlətimiz olmasa, nə neft, nə pambıq, nə də digər mənəvi dəyərlərimiz, sərvətimiz ola bilməz. Dövlətimizi sevək ki, dövlətli olaq. Dövlət günümüz mübarək!

Müstəqillik tariximizdən bəri başımız çox bəlalar görüb. Amma indi hər birimiz anlamalıyıq ki, müstəqillik böyük dəyərdir. Dünən yaxşı idi, bu gün pis fəlsəfəsi ilə yox, doğulan övladım Azərbaycan vətəndaşıdır ruhu ilə yaşamalıyıq.

O qədər bədgüman olduq ki, qulağımızın dibində erməni, gürcü yaratdıqlarımızın üzərində tarix qurdu. O qədər bədguman olduq ki, torpaqlarımız parçalandı. Heç olmasa, indi bir azca gümanımızı xoş edib, dövlətçiliyimizə güvənək.

Bahalı restoranlarda xanımlara qonaqlıq verən, yağış yağdı bəhanəsi ilə xaş, xəngəl süfrəsi açan cənablar və toyda gözəl görünüm deyib gözəllik salonlarını işğal edən, çəkinizdən ağır qızılları boynunuzdan asan xanımlar, bircə gün – Müstəqillik Günü evinizdə süfrə açın və övladlarınızın gözlərinə baxıb deyin: “Nə mutluyam türkəm deyənə!”

Və sən mutlusan. Müstəqil Azərbaycan Respublikasının vətəndaşısan. Və bu gün müstəqilliyimizin növbəti doğuş günüdür.

Hə, bir də onu deyim ki, Müstəqil Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi cibimdədir. Gözləyirəm... Bilirsiz nəyi? Müstəqillik günüylə bağlı açacağınız süfrəni... Bayramınız dövlətli olsun!

Dilrubə VAQİFQZADƏ


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR