“Ermənistan Dağlıq Qarabağ münaqişənin həllində maraqlı deyil, “nə hərb, nə də sülh vəziyyəti”ni saxlamaq istəyir”
“ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda
bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan Dağlıq Qarabağ
münaqişənin həllində maraqlı deyil”.
Publika.az-ın məlumatına görə, bunu Prezidenti Administrasiyası
rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz
Məmmədov “Azərbaycan” qəzetində dərc olunan “Müstəqil Azərbaycan
dünyada böyük nüfuza, güclü beynəlxalq mövqeyə sahibdir” başlıqlı
məqaləsində yazıb.
N. Məmmədov qeyd edib ki, Ermənistan “Nə hərb, nə də sülh
vəziyyəti”ni saxlamaq istəyir: “Lakin 2016-cı ilin aprel ayının
əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində
qoşunların təmas xəttində çoxsaylı insan tələfatı ilə müşayiət
olunan gərginlik bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin
dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər.
Beynəlxalq vasitəçilər isə Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləsələr də, nədənsə bununla bağlı birmənalı mövqe nümayiş
etdirmirlər. Biz ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin,
eləcə də dünya ictimaiyyətinin münaqişənin ədalətli həlli üçün
konkret addımlar atmasını gözləyirik. Ədalət prinsipinə əməl
edilməməsi nəinki regionu, bütün dünyanı böhrana sürükləyir”.