Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənilər Bakıdan "danışmaq" istədilər - AVROPA ONLARI SUSDURDU

Ermənilər Bakıdan "danışmaq" istədilər - AVROPA ONLARI SUSDURDU

Date: 18 October 2016 09:27

Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) yaşanmış olayla bağlı Ermənistandakı narazılıq səngimək bilmir. Tam əksinə, İrəvanda etiraz aksiyaları keçirilir, AŞPA-nın Ermənistan nümayəndəliyinin qarşısında piketlər təşkil olunur, "Avropanın tərbiyəsizliyinə layiqli cavab verilməlidir!" şüarları səslənir.

Səbəb 4 gün əvvəl baş vermiş hadisə ilə bağlıdır.

Ermənistandakı müxalif "Çiçəklənən Ermənistan" Partiyasının ölkə parlamentindəki fraksiyasının rəhbəri, ermənilərin AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan yenə də Azərbaycanı "suçlamaq" istəyib. AŞPA-nın sessiyasında çıxışı zamanı o bəyan edib ki, təşkilat xüsusi və ya fövqəladə şəkildə "Azərbaycanda sentyabrın 26-da keçirilmiş konstitusion referendumun demokratiya normalarına zidd olması ilə bağlı" müzakirələrə başlamalıdır.

N.Zöhrabyanın fikrincə, AŞPA-nın Bakıya yolladığı müşahidəçilər missiyasının hesabatında "Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı referendum şəffaf, açıq keçirildi, ciddi qanun pozuntuları qeydə alınmadı" ifadəsinin yer alması "hədsiz dərəcədə anlaşılmazdır". Sonda N.Zöhrabyan AŞPA sədri Pedro Aqramuntu suçlayaraq deyib: "Siz bütün sessiyalarda çıxışlarıma süni maneələr yaradır, mənə danışmağa imkan vermirsiniz".

Ermənilər bu açıqlamalarla da sakitləşməyiblər. Ermənistan parlamentinin deputatı, ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Karapetyan da strukturu suçlayıb. O, Avropa Xalq Partiyasının AŞPA-dakı fraksiyasının sabiq rəhbəri Luka Volontedən danışaraq söyləyib ki, guya bu siyasətçi İtaliyanın Milan şəhərinin prokurorluğu tərəfindən 2012-2014-cü illərdə "Azərbaycanın maraqlarına xidmət edən siyasi fəaliyyət"də suçlanır.

AŞPA sədri Pedro Aqramunt da erməniləri məyus edib. O, əvvəlcə Naira Zohrabyanın mikrofonunu söndürərək onun gəvəzələməyinə imkan verməyib və deyib: "Bəhs etdiyiniz məsələ iddiadır və bu iddianı araşdırırıq. Belə iddiaları səsləndirmək üçün AŞPA-dan istifadə etməyin. Əgər məsələ gələcəkdə müzakirə olunarsa, bu barədə danışarıq".

Naira Zohrabyanın müzakirələr zamanı aqressiv, daha doğrusu, tərbiyəsiz davranışı və onun Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynova "müraciət"ləri də Pedro Aqramuntu sinirləndirib.

Erməni deputatların AŞPA-dakı isteriyası soyuqqanlı davranışla üzləşdiyi üçün İrəvanın Azərbaycana qarşı yönəlmiş planı baş tutmayıb. Ermənistan hesab edir ki, bunun da səbəbkarı AŞPA sədri P.Aqramuntdur.

İrəvanda AŞPA ofisinin qarşısında etiraz aksiyası və piket keçirənlər də elə bunu deyir, "AŞPA-nın sədri Pedro Aqramunt ölkəmizə qarşı sayğısızlıq etdi" söyləyirlər.

Ermənilərin AŞPA-da başlayıb İrəvanda davam edən yeni vaysınmalarının məntiqi səbəblərini, bəlkə də çözələyib tapmaq olar.

Amma məntiqə əsaslanırıqsa, qonşu dövlətlərlə yanaşı, siyasətə və diplomatiyaya, habelə beynəlxalq qanunlara və imzalayaraq ratifikasiya etdiyi anlaşmalara sayğısızlıq edən, gərəkli sandığı zamanlarda ruhi sapıntıların son mərhələsindəki divanə təki davranan da elə Ermənistandır.

AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı indiyədək qəbul etdiyi sənədlərin heç biri (!) Ermənistan tərəfindən icra olunmayıb. Rəsmi İrəvan bu sənədləri ümumiyyətlə saya salmır və AŞPA-nı ən yaxşı halda Avropanın məşvərət funksiyalı strukturu sayır.

Əslində belədir: AŞPA heç bir üzv dövləti hansısa qərarı məcburi qaydada yerinə yetirməyə vadar edə bilməz və bu səbəbdən də strukturun qərarları ən yaxşı halda deklarativ səciyyəlidir. Avropa İttifaqından fərqli olaraq, AŞPA üzv dövlətlərə qarşı sərt sanksiyalar tətbiq edərək cəza və ya təşviqetmə mexanizmlərini də işə sala bilmir.

İstəsə belə, mümkün deyil və ermənilər də buna işarə vururlar.

Lakin İrəvandakı hakimiyyət bir məqamın üzərindən bilərəkdən sükutla keçir: AŞPA-nın qərarları bütün hallarda Avropa İttifaqı və ABŞ tərəfindən nəzərə alınır, bu strukturun qeyri-məqbul saydığı məsələlərdə Brüssellə Vaşinqtonun mövqeyi nadir hallarda fərqli olur, diametral ziddiyyət müşahidə edilir.

AŞPA rəhbərliyi və bu strukturda çalışan avropalı parlamentarlar bilirlər ki, rəsmi İrəvan təşkilatdan yalnız öz məqsədləri üçün yararlanmağa meyllidir. Ermənilərin təşkilata qatıldıqları zamandan bəri can atdıqları əsas hədəf AŞPA-nı Azərbaycana qarşı çevirmək, habelə bu qurumun tribunasını Bakıya yönəlmiş böhtanlar, yalanlar və iftiralar səslənən vasitəyə döndərməkdir.

İşğalçılıq siyasəti yürüdən, ölkədəki bütün seçkiləri saxtalaşdıran, hakimiyyətdəki kriminal oliqarxiyanın varlığını mümkün qədər uzun müddətə təmin etməyə yönələn siyasət yürüdən rəsmi İrəvanın indi "müxalifətçi" deputatlar vasitəsilə AŞPA-da Azərbaycandakı situasiyanı müzakirəyə çıxarmaq cəhdləri, xüsusilə də Bakıya qarşı sadəcə, ironik təbəssüm doğura biləcək iddialarla çıxış etməyə çalışmaq səyləri təsadüf deyil.

Ermənistan prezidenti Serj Sarkisyan ölkədəki vəziyyətlə bağlı AŞPA-nın İrəvana qarşı sərt və kəskin mövqe tutduğunu, insan haqları və vətəndaş azadlıqlarının təminatı, azad və demokratik seçkilərin keçirilməsi, Dağlıq Qarabağ münaqişəsində aqressiv və şovinist mövqelərin çoxdan bəri aşkar işğalçılıq doktrinasına dönməsi ilə bağlı Avropada narazılıqların artaraq qəzəbə çevrildiyini anlayır. Bu səbəbdən də rəsmi İrəvan ən cüzi imkandan, ən kiçik şansdan yararlanaraq Azərbaycanı hədəfə almağa, ağı qara təki qələmə verməyə çalışır.

Ermənistanda P.Aqramuntun istefası ilə bağlı tələblər səslənir.

Gerçəkdən də, əsl erməni faciəsidir: ölkənin demokratik dövlət olmasını, vətəndaşların kölə vəziyyətindən qurtulmasını istəyən siyasətçilərin çağırışlarının dinlənmədiyi yerdə feodal təfəkkürlü diktatorcığaz Sarkisyanın göstərişi ilə "demokratik tələblər" görüntüsü yaradılır.

İstefa şüarları ilk əvvəl Sarkisyana və onun kriminal xuntasına ünvanlanmalıdır.

Ermənilər normal yaşamaq istəyirlərsə, özlərini dəyişməli, mağara vəhşiliyi təfəkküründən qurtulmalıdırlar.

İrəvanda AŞPA ofisinin qarşısına yığışıb P.Aqramuntun istefasını tələb etməyə nə var ki...

AŞPA isə mikrofonları söndürməklə kifayətlənmək niyyətində deyil. Erməni deputatların siyasi həyasızlığını Avropa susdurdusa, ikinci mərhələ İrəvandakı hakimiyyət olacaq.

Sarkisyanın işi bax onda çətinləşəcək.

Elçin Alıoğlu
Milli.Az


Tags:  Ermənilər Bakıdan danışmaq istədilər AVROPA ONLARI SUSDURDU

RƏYLƏR


Top news