YUNİSEF nümayəndəsi: "Təmas xəttində yaşayan uşaqlar xüsusi risk altındadır"

YUNİSEF nümayəndəsi: "Təmas xəttində yaşayan uşaqlar xüsusi risk altındadır"
11:07 18 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardinin "Report" agentliyinə müsahibəsi:
- Özünüz barədə məlumat verə bilərsiniz?
- 1997-ci ildən YUNİSEF-də çalışıram. Əvvəlcə Böyük Britaniyada, sonradan isə başqa ölkələrdə, o cümlədən Əfqanıstan, Sudan, İndoneziyada YUNİSEF üçün çalışmışam. Azərbaycana gəlməzdən əvvəl sonuncu iş yerim Nyu Yorkda kommunikasiya üzrə direktor müavini olub. Təxminən iki ay əvvəl buradakı ofisə nümayəndə kimi qoşulmuşam. YUNİSEF-də işləmək baxımından böyük təcrübəm var və hazırda Azərbaycanda olmağıma şadam. Burada komandam və ölkədəki tərəfdaşlarla daha bir neçə il işləyəcəyimi gözləyirəm.
- Ölkə haqqında təəssüratlarınız necədir və YUNİSEF ilə Azərbaycan arasındakı əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?
- Əlbəttə, hələ nəsə deməyim üçün çox tezdir. Amma burada görülən işlər barədə çox şey öyrənmək imkanım olub. Əməkdaşlıq proqramımızın olduğu bir neçə nazirlikdə faydalı və konstruktiv müzakirələr aparılıb. Eyni zamanda, Bakıdan kənara çıxmaq imkanım da olub. Regionlar üzrə ilk səfərim Füzuliyə olub. Orada yerli hökumət təmsilçiləri ilə görüşmüşəm. Bu ölkədə səfər edilməsi lazım olan çox yer var və mən onların hamısına səfər etmək niyyətindəyəm. Bəli, Bakı yaxşı infrastrukturu ilə daha çox inkişaf etmiş şəhərdir. Amma bu inkişafın paytaxtdan kənarda da hiss olunması zəruridir. Regionlara əsasən uşaqların ehtiyaclarını anlamaq üçün gedirəm, bu, mənim üçün çox vacibdir. Ümumiyyətlə, hökumətlə əməkdaşlığı çox qiymətli hesab edirəm. Çox yaxşı, işgüzar əlaqələrimiz var. Hesab edirəm ki, hökumətin prioritetlərinin həyata keçirilməsində YUNİSEF-in yardım edə biləcəyi bir sıra sahələri birlikdə müəyyənləşdirmişik.
Son illərdə Azərbaycanda əldə edilən tərəqqinin vacibliyinin dərk edilməsi də bizi birləşdirir. Bu tərəqqinin ölkədə hər uşağa çatdığından əmin olmaq istəyirik. Məsələn, hökumətlə birlikdə daha çox iş tələb edən, tərəqqinin hər bir ailədə hər bir uşağa təsir etməsi üçün işləməli olduğumuz sahələri müəyyənləşdiririk. Məndə növbəti 5 il üçün aydın plan var. Məsələn, məhdud imkanlı uşaqlar və onların cəmiyyətə yenidən inteqrasiyası üçün necə yardım edilməsi ilə bağlı plan. Biz qanunla problem yaşayan gənc insanları və onların ikinci şans əldə etmələri, cəmiyyətə faydalı olmaları üçün necə yardım edə biləcəyimizi müəyyənləşdirmişik. Məktəbəqədər yaşda olan uşaqların məktəbə qədər yaxşı hazırlıq keçməsi üçün lazım olan ehtiyaclarını müəyyən etmişik. Hesab edirəm ki, hamımız gənclərin Azərbaycanın gələcək həyatında mühüm rol oynadığını başa düşürük. Biz gənclərə, xüsusilə də məktəbdən uzaq qalanlara, kənd yerlərində kasıb ailədə yaşayanlara sərmayə ayırmalıyıq. Məncə, hökumətlə birgə nəyə dəstək verəcəyimizi müəyyənləşdirmişik.
- Bu gün ümumilikdə dünyada, o cümlədən Azərbaycanda uşaqların əsas problemləri nədən ibarətdir? Azərbaycanın uşaqların, xüsusən də qaçqın ailəsində böyüyənlərin müdafiəsi sahəsində əldə etdiyi tərəqqini necə qiymətləndirirsiniz?
- Son 20 il ərzində dünyada çoxlu sayda uşaq üçün çox əhəmiyyətli, müsbət irəliləyiş olub. Aydın məsələdir ki, bu tərəqqi dünyadakı bütün uşaqlara toxunmayıb. YUNİSEF-i də narahat edən təkcə Azərbaycanda yox, bütün dünyada tərk edilmiş uşaqlar məsələsidir. Dünyadakı vəziyyət üzrə sizə bir nümunə çəkim: son 20 il ərzində uşaq ölümü yarıbayarı azalıb. Eyni zamanda, bilirik ki, kasıb ailələrin uşaqlarının ölmək ehtimalı varlı ailənin uşaqlarıyla müqayisədə xeyli yüksəkdir. Oxşar vəziyyət təhsil məsələsinə də aiddir. Bir sözlə, bir çoxlarına toxunan tərəqqi ilə nəzarətdən kənar qalanların durumu arasında böyük uçurum görürük. Bunu aradan qaldırmaq YUNİSEF-in prioritetidir.
Azərbaycanda da oxşar vəziyyət yaranıb. Bir çox uşaqlar üçün əhəmiyyətli irəliləyiş əldə olunub. Son 10 ildə Azərbaycanda uşaq ölümü halları 50% azalıb və bu, çox əhəmiyyətlidir. Elə etməliyik ki, irəliləyiş düzgün istiqamətdə getsin. Eyni zamanda, təəssüf ki, 5 yaşa çatmadan ölən uşaqları və ölümün səbəbini müəyyən etmək lazımdır.
Uşaqların çoxunun məktəbə getdiyini bilirik, lakin detallı araşdırsaq, məhdud imkanlı hər dörd uşaqdan birinin təhsilə çıxışı yoxdur. Məhz bu çatışmazlığı aradan qaldırmaq üçün çalışırıq. Təhsil məsələsində hökumətin məktəbəqədərki hazırlıq sahəsində böyük addım atdığını qeyd etməliyəm. Təhsil Nazirliyi hətta bu proqramın miqyasını gələn il 20%-dən 90%-dək yüksəltmək istəyir.
Həmçinin, yuvenal ədliyyə sahəsində mühüm irəliləyiş olduğunu bilirik. Tədricən qanuna problemləri olan, cəzaçəkmə müəssisələrinə düşən uşaqların sayı azalır və bu, müsbət addımdır. Ümumilikdə Azərbaycanda yaxşı irəliləyişə nail olunub. Hesab edirəm ki, ölkə uşaqlar üçün görülən işlərə görə fəxr edə bilər. Lakin hələ görüləsi çox iş var. Bakıya gələndən rəsmi şəxslərlə görüşlərdə bu məsələləri müzakirə edirik. Birgə işimizin məqsədi ondan ibarətdir ki, ölkədəki bütün uşaqlara bərabər imkanlar yaradaq.
Səhiyyə sektorunda ölkədə ümumi vəziyyət yaxşılaşır. Uşağın dünyaya gəlməsindən sonra onun sağlamlığının müdafiəsi ana südündən başlanılır. Körpənin ilk 6 ay ərzində sağlamlığının qorunması üçün bu, ən vacib, həm də ən ucuz vasitədir. Amma Azərbaycanda hər 10 uşaqdan 8-i ilk 6 ay ərzində kifayət qədər ana südü qəbul etmir. Bunu dəyişdirmək lazımdır. Səhiyyə sahəsində bizim üçün əhəmiyyətli olan başqa bir sahə ananın sağlamlığıdır. Uşağı olan və ya buna hazırlaşan qadınlarda əsasən, anemiya və qanda dəmir çatışmazlığı riskləri yaranır. Məncə, ölkədə qadınların üçdə biri anemiyadan əziyyət çəkir. Təcrübəmizə əsasən deyə bilərəm ki, vəziyyəti yaxşılaşdırmaq olar. Ən effektiv yol una dəmir əlavə edilməsidir. Bu məsələylə bağlı Səhiyyə Nazirliyi ilə işləyirik.
Başqa bir sahə gənclər və yeniyetmələrdir. Hesab edirəm ki, bu, bütün ölkə üçün prioritetdir. Çünki ölkədə əhalinin üçdə biri gənclər kateqoriyasına daxildir. Bu insanlar beş və ya on il ərzində Azərbaycanın uzunmüddətli gələcəyini təyin edəcəklər. Sizdə neft, qaz, pambıq və kənd təsərrüfatı var. Bunlar mühüm aspektlərdir, lakin gənclər ən əhəmiyyətli investisiyadır. Buna görə də Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edirik.
Azərbaycanda bir çoxları üçün narahatlıq doğuran məqama - məcburi köçkün ailələrindən olan uşaqların məsələsinə toxundunuz. Çətin vəziyyətdə olan bütün uşaqlara yardım etməyə çalışırıq və əlbəttə ki, məcburi köçkün ailələrindən olan uşaqlar məhz yardımın zəruri olduğu qrupa daxildir. Buna görə də dediklərimin məcburi köçkün ailələrdən olan uşaqlara müsbət təsir edəcəyinə ümidvaram. Eyni zamanda, etiraf edirik ki, təmas xəttində yaşayan uşaqlar xüsusi risk altındadır. Münaqişənin gərginləşəcəyi halda bu uşaqların hər şeyə hazırlıqlı olmalarını və vəziyyət pisləşəcəyi təqdirdə özlərini necə qorumalı olduqlarını bilmələrini istəyirik. Bu səbəbdən cəbhəyanı bölgələrdə olan təmsilçilərlə bir sıra işlər həyata keçiririk, uşaqların və yeniyetmələrin döyüş əməliyyatları gedərkən özlərini müdafiə etmələri üçün baza bilikləri aşılayırıq. Beləliklə, yardım göstərdiyimiz bir neçə spesifik sahə var. Amma ümumilikdə bütün ölkə üzrə uşaqlara yardım göstərməyə çalışırıq.
- Bu gün Suriya, Əfqanıstan, Yəmən, Ukrayna və s. ölkələrdə münaqişələr var. Adıçəkilən ölkələrdə uşaqlar cəmiyyətin ən həssas hissəsidir. Bu münaqişələr nəticəsində neçə uşaq çətin vəziyyətə düşüb və YUNİSEF çətinlikləri aradan qaldırmaq üçün onlara necə kömək edir?
- Dünyada təxminən 230 milyon uşaq münaqişə olan ölkələrdə və ya ərazilərdə yaşayır. Biz bu münaqişələrdə uşaqları bir sıra yollarla dəstəkləyirik. Birincisi və ən əsası, uşaqların münaqişənin ən qızğın vaxtlarıında belə yaşamasını təmin etməkdir. Bu, dərman, qida, sığınacaq kimi onların ehtiyac duyduğu baza xidmətləri təmin etmək deməkdir. Eyni zamanda, münaqişənin olmasına baxmayaraq, uşaqların təhsil almaq imkanlarının olmasını təmin etmək lazımdır. Qəddar münaqişə ilə üz-üzə qalan zaman təhsilin bu qədər vacib olması qəribə görünə bilər. Amma bu, iki səbəbə görə vacibdir. Birincisi, uşaq tədrisdə 2-3 ili itirəndən sonra onun yenidən, sülh yaranandan sonra məktəbə getməsi çox çətin olur. Buna görə də uşaqların hətta müharibənin qızğın vaxtlarında belə təhsili davam etdirməsi vacibdir. Bunu etmək üçün müxtəlif yollar var.
Digər səbəb uşaqların münaqişənin bütün xaosunu gördüyü zaman onların həyat sabitliyini qorumaqdır. Tədrisi davam etdirməklə uşaqlar alışdığı mühitdə, şagird yoldaşları və müəllimlərinin əhatəsində olur. Bu, uşaqların müharibənin qızğın vaxtlarında normal yaşaması üçün kiçik bir yoldur. Bu səbəbdən təhsil fəaliyyət göstərdiyimiz əsas sahələrindən biridir.
Toxunacağım digər sahə müharibəyə qoşulanların uşaqları ona cəlb etməməsi ilə bağlıdır. Biz tərəfləri uşaqları qorumaq üçün hər şeyi etməyə çağırırıq. Onlar müharibənin çətinliyini hiss etməməlidir. Bu səbəddən məktəb və xəstəxanaların qorunması üçün tərəflərlə işləyirik. Uşaq itərsə, onun ailəsini tapmasına kömək edirik.
YUNİSEF tarixən münaqişədən yaranıb. Təşkilat 1946-cı ildə, İkinci Dünya Müharibəsindən sonra yaradılıb. Bundan sonra uşaqların inkişafı və uzunmüddətli dəstəklənməsi üzrə müxtəlif sahələrə keçmişik. Hesab edirəm ki, son 4-5 il ərzində çox iş gördüyümüzü deyə bilərik. Suriya, Cənubi Sudan və ya Yəmənə baxsaq, təəssüf ki, münaqişələr artıq bu ölkələrdə uşaqların həyatının gündəlik hissəsinə çevrilib.
- YUNİSEF Azərbaycanda hansı proqramları həyata keçirməyi planlaşdırır?
- Mən artıq gördüyümüz işlər barədə məlumat verdim və bu, növbəti 5-6 il ərzində proqramlarımız üçün əsas olacaq. Ümumiləşdirsək, ölkə tərəqqisinin toxunmadığı uşaqları müəyyən etmək, eyni zamanda, bu uşaqların təhsil, uşaq müdafiəsi, səhiyyə sahələrində, eləcə də ölkələrinə faydalı ola bilmələri üçün fürsət əldə etmələrində bərabər imkanlara malik olmasını təmin etmək məsələsi diqqət mərkəzimizdə olacaq. 






Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/yuni-sef-numayendesi-temas-xettinde-yasayan-usaqlar-xususi-risk-altindadir-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR