“Oxatan qız”la həyata atılıb ən uca zirvələri fəth edən azərbaycanlı - FOTOLAR

“Oxatan qız”la həyata atılıb ən uca zirvələri fəth edən azərbaycanlı - FOTOLAR
11:33 18 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Bakı abidələrə sinəsində yer açaraq daha zəngin görünür. Tarixə rəng qatan sənət nümunələri, monumental heykəllər isə meydan və küçələrə yaraşıq gətirir. Azərbaycanın görkəmli adamları daş, tunc, mərmər abidələrlə əbədiləşir və bizimlə birlikdə özlərinin heykəl ömürlərini yaşayırlar.

Monumental sənət əsərlərini ərsəyə gətirən sənətkarlar da yaratdığı sənətləri ilə xalqın yaddaşına köçür. Unudulmayan heykəltəraşlardan biri də Fuad Əbdürrəhmanovdur.

Publika.az-ın “Dahi ömrü” layihəsinin bu yazısını Fuad Əbdürrəhmanova həsr etdik.

Ölkəmizdə ilk heykəltəraşlıq məktəbinin yaranma tarixi məhz Fuad Əbdürrəhmanovun adı ilə bağlıdır. O, ilk xalq rəssamı, SSRİ rəssamlar birliyinin üzvü idi. Yaratdığı əsərlərə görə ilk qızıl medala da Fuad Əbdürrəhmanov layiq görülüb. Fuad Əbdürrəhmanov “Şərəf nişanı” ordeni ilə təltif edilib.

Sağlığında ona bəxti gətirən sənətkar deyirdilər. Çünki, keçmiş sovet məkanında onun sənəti yüksək qiymətləndirilib. O dövrün ən dəyərli mükafatları məhz ona təqdim olunub.

1915-ci ildə Şəkidə ziyalı ailələrdən sayılan Əbdürrəhmanovların ocağında doğulur. Fuadın bacarığını ilk duyan Şəkidəki müəllimi Pirov olur. O, atasına Fuadın rəssamlıq məktəbində oxumasını məsləhət görür. Beləliklə, ailə Fuadı rəssamlıq məktəbində oxutmaq üçün 1929-cu ildə Şəkidən Bakıya köçür. 1935-1939-cu illərdə Y.Repin adına Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alır. 1942-1948 illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyir. Rəssamlıq məktəbində oxuyan Fuad Əbdürrəhmanov ilk əsəri olan “Oxatan qız” ilə sərgidə iştirak edir. İlk uğurunu da elə bu əsəri ilə qazanır. Onun sadə insanların həyatını əks etdirən “Çoban” əsəri hazırda Tretyakov qalereyasında sərgilənir. 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyli, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin fiqurunu yaradır. Bu fiqur hazırda N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin fasadını bəzəyir. Həmçinin Əbdürrəhmanovun Sovet İttifaqı Qəhrəmanları G.Əsədovun, İ.Məmmədovun, Q.Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H.Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.

F.Əbdürrəhmanovun II dünya müharibəsi dövründə yaratdığı xalq qəhrəmanları Koroğlu, Babək və Cavanşirin barelyefləri heykəltəraşın xalqımızın zaman-zaman yetişdirdiyi qəhrəmanlara, milli azadlıq mübarizlərinə sevgisinin bariz təzahürü idi. Bu gün də bu surətlər gənc nəslin vətənpərvərlik ruhunda böyüdülməsində əvəzsiz sənət əsərləri – mənəviyyat qaynaqlarıdır.

Nizami Gəncəvinin 800 illik yubileyində onu heykəlini ucaltmaq üçün müsabiqə keçirilir. 60-dan artıq heykəltəraşın çıxış etdiyi müsabiqədə Fuad Əbdürrəhmanov birincilik qazanır. Onun eskizlərində milli dəyərlər önəmli yer tutur. 1947-cu ildə böyük mütəfəkkirin heykəli Gəncədə ucaldılır. Bu işinə görə Fuad Əbdürrəhmanov SSRİ Dövlət Mükafatına layiq görülür.

Fuad Əbdürrəhmanovun qiymətli əsərlərindən biri də Tacikistanın Düşənbə şəhərində ucaldılır. Məşhur poeziya nümayəndəsi Rudəkinin bürüncdən tökülmüş heykəli Fuada SSRİ qızıl medalını qazandırır. O, xatirələrinin birində etiraf edir ki, heykəli böyük zəhmət hesabına, Rudəkinin poeziyasına dərindən nüfuz edəndən sonra yaradıb. “Əgər mən onun əsərlərinə dərindən bələd olmasaydım, 115 nəfərin iştirak etdiyi sərgidə qalib gələ bilməzdim”, – söyləyib. Heykəltəraş tərəfindən surətin xarakterik cizgiləri yaddaqalan bədii ifadə vasitəsi ilə açılır və uğurlu kompozisiya quruluşunun həllinə nail olunub. Rudəkinin çöhrəsindən dərin psixoloji və dramatik əhvali-ruhiyyə aydın şəkildə sezilir. Şahın əmri ilə kor edilmiş, əzab və mərhumiyyətlərə qərq edilən, məzlum şair sanki, irəliyə uzadılmış əlindəki əsası ilə, haqq-ədalətin hələ qarşıda olduğuna işarə edir.

Özbəkistanda ucaltdığı İbn Sina heykəli də sənət tarixinin yaddaşına iz buraxan əsərlərdən sayılır. Fuad Əbdürrəhmanovun yaradıcılıq işləri hazırda Monqolustanın paytaxtı Ulanbator şəhərində ucalır. Monqolustanın milli qəhrəmanları Suxe-Bator və marşal X.Çoybalsanın heykəlləri 1954-cü ildə Fuad Əbdürrəhmanov tərəfindən yonulub və bu gündə bu heykəllər qiymətli əsərlər hesab olunur. Yunan heykəltəraşlığında bəhrələnən Fuad əsərlərində klassika ilə milli dəyərlərin sintezini qurmağı bacarıb.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin obrazına müraciət etməyi qarşısına məqsəd qoyan F.Əbdürrəhmanov tarixi ikonoqrafik qaynaq olmadan son dərəcə inandırıcı, xarakterik cizgiləri ilə yaddaqalan surətini yaratmağa nail olmuşdur. N.Gəncəvinin Bakı şəhərinin mərkəzində ucaldılan əzəmətli abidəsi şairin Gəncədəki heykəli kimi özünün bədii xüsusiyyətləri və obrazın yüksək işlənilmə imkanları baxımından heykəltəraşlıq sənətinin ən kamil əsərlərindən sayılır. N.Gəncəvinin fiquru sol ayağı irəliyə doğru hərəkətdə, sağ əli ilə geyimindən yapışmış, sol əlində əlyazmasını bükülmüş formada tutaraq, nəzərləri uzaqlara dikilmiş və dərin xəyallar aləminə dalmış vəziyyətdə təsvir edilib. Müdrik və şərq qiyafəli, Nizaminin məğrur duruşunda, başının qürurlu hərəkətində, eləcə də düşüncəli çöhrəsində dövrünün çirkinliklərinə və saray mühitinin dəbdəbəliyinə nəfsi ilə qalib gəldiyi asanlıqla duyulur.

Bizə tanış olan “Azad qadın” heykəli paytaxtın köhnə küçələrinin birində ucalır. Bu heykəlin eksizini işləyərkən, heykəltəraş Cəfər Cabbarlının “Sevil” əsərinə istinad edir. Amma heykəli hazırlayarkən, o qəhrəmanı sadə insanların arasından seçir. Deyilənə görə, Bakının görkəminə yaraşıq gətirən “Azad qadın” heykəlini Əmircanlı Xanıma adlı bir qadının surəti əsasında cızıb. Onun Səməd Vurğun, Mehdi Hüseynzadə, Nizami və Həzi Aslanova ucaltdığı heykəllər Bakının gözəlliyinə xüsusi çalar qatır.

Fuad Əbdürrəhmanov cəmi 56 il ömür sürdü. 1971-ci ildə dünyasını dəyişən heykəltəraşın qəbri Fəxri Xiyabandadır. Ölümündən sonra həyat yoldaşı ixtisasca psixoloq olan Şükufə Mirzəyeva onun şəxsi emalatxanasını muzeyə çevirir.

Dilrubə Vaqifzadə











Xəbərin orijinal ünvanı: http://publika.az/projects/dahiomru/172505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR