"Qanuni oğrular"ın futbol marağı - Lotu Bəxtiyar ABŞ-a niyə getmədi?

"Qanuni oğrular"ın futbol marağı -   Lotu Bəxtiyar ABŞ-a niyə getmədi?
12:17 18 Oktyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

"Qanuni oğrular"la bağlı bir neçə kitabın müəllifi Bəhram Çələbi oğru dünyasının futbola olan münasibətlərindən danışıb. Fanat.Az teleqraf.com-a istinadən həmin müsahibəni təqdim edir:

- "Qanuni oğru"ların futbola azarkeşliyindən danışardız. Kim hansı klubun fanatı olub?
- Mən Lotu Bəxtiyardan kitab yazanda orada göstərmişəm ki, o, 7-8 yaşından futbola gedərdi. Söhbət Banişevskinin dövründən gedir. Bilmirəm, 1964, ya 1965-ci il idi, Moskva "Torpedo"su Eduard Streltsovla birgə Bakıya gəlmişdi. Onda Streltsov həbsxanadan təzə çıxmışdı. Onda mənim də yadıma gəlir ki, Bakının ünlü "Sovetski" məhləsindən xeyli insan tramvaylara doluşub Streltsovun oyununu izləməyə getmişdi. Həmin oyunda "Neftçi" 3:0 hesabıyla qalib gəldi. Həmin oyunu Bəxtiyar da izləmişdi. Onlar həmişə stadionun ətrafındakı dəmir hasarları aşıb içəri daxil olardılar. Ümimiyyətlə, Bəxtiyar futbol sevən biri olub. Hətta o, 1994-cü ildə ABŞ-a gedib DÇ-ni izləmək fikrində idi. Amma vizası düzəlmədi. Həm də yaxın dostu rəhmətə getdiyindən okeanın o tayına yollana bilmədi. Hətta İvankovla da danışmışdı ki, ABŞ-da onunla bir futbola baxacaq. Daha sonra sizə "Doktor Ağoppa"dan da danışa bilərəm. O da "qanuni oğru" olub. Məndə onun Anatoli Banişevskiylə, Əhməd Ələsgərovla, Adil Babayevlə bir yerdə şəkilləri var. Rusiyanın "qanuni oğrular"ından Otari Kvantirişvili 1990-94-cü illər aralığında fəaliyyət göstərən Lev Yaşinin adını daşıyan Həmkarlar İttifaqı kimi bir qurum yaratmışdı. Özü də ona başçılıq edirdi. Üstəlik, Kvantrişvili Tiflis "Dinamo"suna himayədarlıq edirdi. Sonra "Tayvançik"dən də danışa bilərəm. O, Olimpiadada bizimkilərin medal qazanması üçün pul təklif etmişdi. Yəni istəyirdi ki, sovet idmançısını pul hesabına çempion etsin. Buna görə böyük qalmaqal yaşanmışdı.

- Streltsovun həbsxana həyatı haqda nə deyə bilərsiz? Orada onun çəkisi olub?
- Eduard SSRİ millisinin üzvü idi. Onu 1958-ci ildə DÇ-yə aparmadılar, Nikita Simonyanı saldılar heyətə. O vaxt onu 7 illik həbsxanaya saldılar. Yalandan onu zorlamada ittiham etdilər. SSRİ-nin partiya rəhbərlərindən olan Yekaterina Furtsova qızını ona calamaq istəyirdi, Streltsov isə bundan imtina etmişdi. Nəticədə Eduardı qızını zorlamaqda ittiham edib "içəri basdırmışdı". Streltsovun həbsxanada da böyük nüfuzu var idi. Eduard dünya şöhrətli futbolçu idi. Ona "sovet tankı" deyirdilər. Onu "qanuni oğrular" yox, hamı tanıyırdı.

- Bəs Azərbaycanda oynayan futbolçulardan kimlər həbsxanada yatıb?
- Mənim yadıma gəlir ki, "Neftçi"nin erməni futbolçusu Eduard Markarov alverə girişdiyinə görə 5-6 dəfə saxlanılıb. Bildiyiniz kimi, o vaxt alver qadağan olunmuşdu. Ancaq azərbaycanlı futbolçuların həbsxana həyatından xəbərim yoxdur. Hamı həbsxanada yata bilər. Mən ancaq "qanuni oğrular"dan danışa bilərəm. Məsələn, 1-2 dəfə yeniyetmələr arasında güləş üzrə Azərbaycan və bir dəfə də Moskvada SSRİ çempionu olan Dağlı Cavanşirdən danışa bilərəm.

- Sabiq futbolçulardan biri həbsxanada cəzasını çəkərkən dustaqların oyununu hakim kimi idarə edirmiş və epizodların birində o, Bəxtiyara sarı vərəqə göstərib. Hamı çaş-baş qalıb. Bəxtiyar da deyib ki, "lotuya sarı vərəqə göstərməzlər". Bu haqda məlumatınız var?
- Sarı yox, qırmızı vərəqə. Lotuların qırmızı rəngdən zəhləsi gedir. "Qanuni oğru"ya sarı göstərərlər, qırmızı yox. Onlar hətta qırmızı rəng olduğuna görə "Marlbro" siqaretinin qutusunu tullayıb, onu ayrılıqda götürüb çəkirdilər. Həbsxanada qoluna qırmızı bağlayan nəzarətçilərə görə bu rəngi sevmirmişlər. Həm də onlara pioner qalstuku düşmədiyinə görə, həmin qalstuka da nifrət edirdilər.

- Dəqiq məlumat olmasa da, camaat arasında belə söz-söhbət dolaşır ki, Rövşən Lənkəranskinin "Xəzər Lənkəran" klubu ilə isti münasibətləri vardı. Bu haqda nə deyərdiz?
- (gülür) Demək olar ki, Rövşən MDB məkanında "qanuni oğrular"ın başçısı idi. O hətta həbsxanada yatarkən belə idmanın inkişaf etməsinə çalışıb, onu təbliğ edib. Özü də yaxşı idmançıydı. Rövşən vaxtıyla güləşçi olub. Amma onun futbolla əlaqəsi haqda heç nə deyə bilmərəm.

- 1990-cı illərdə istənilən Rusiya komandasını dolayı yolla da olsa, hansısa "qanuni oğru" idarə edirdi. Azərbaycanda da belə hallar olub?
- Yuxarıda "Doktor Ağoppa" adını çəkdim. Əsl adı və soyadı Ağabala Babayevdi. O vaxt "Ağoppa" "Neftçi"ni nəzarəti altında saxlayırdı.

- Həmin "qanuni oğrular" indi də rus futboluna nəzarət edir?
- Əlbəttə! Rus mafiyası nəinki futbol, hətta bu dəqiqə dövlət işlərinə də girişir.

- Sovet dövründə gürcü "qanuni oğrular" Tiflis "Dinamo"sunun oyunlarını gedib stadiondan izləyərdilər. Gürcü mafiyasının futbola təsiri haqda nə deyərdiz?
- O vaxt Mesxi, Metreveli və Qabeliya kimi oyunçular hökumətdən məvacib almaqla yanaşı, "qanuni oğrular"dan pay alırdılar. Yəni onlar da gürcü oyunçulara pul verirdilər. Hökumət 200-300 rubl məvacib yazırdısa, bunlar 1000 rubl məbləğində futbolçulara "pul kəsirdilər".

- İtaliya mafiyasından isə xüsusi danışmaq olar. Ümumiyyətlə, italyan "mafioz"ların transferlərə və ya oyunun nəticələrinə müdaxilə etməsi haqda nə söyləyərdiz?
- Bəli, yadınızdadısa, 2006-cı ildə "Yuventus"u elitadan kənarlaşdırdılar, çempionluğunu da əlindən aldılar. Bu, mafiyanın işi idi. İtaliyada "Palermo" və "Kataniya" kimi komandalar da ABŞ-da məskunlaşan Siciliya mafiyası tərəfindən idarə olunur.

- "Yaponçik"lə "Ded Xasan"ın futbola münasibəti necə olub?
- "Yaponçik"in futbola yox, karate ilə samboya böyük marağı olub. "Ded Xasan" isə ümumiyyətlə idmandan uzaq adam idi. Onun işi-peşəsi ancaq pul qazanmaq idi.

Fanat.Az 

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqanuni-orularquotn-futbol-mara-t53424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR