Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qurbağa əti yeyən azərbaycanlı məşhurlar

Qurbağa əti yeyən azərbaycanlı məşhurlar

Date: 18 October 2016 13:08

Yeyəsən qaz ətini, görəsən ləzzətini. Belə getsə, atalar məsəlinə yenisi də əlavə oulnacaq: “Yeyəsən qurbağa ətini, görəsən ləzzətini...”

Gözümüz aydın, Bakıda qurbağa əti istehsal edən ferma fəaliyyətə başlayıb. Artıq əcnəbilərin ağzını bizim qurbağalar da dada gətirəcək. Özü də qurbağa deyirəm e sənə, bataqlıqda çapalayan qurbağalardan söhbət getmir, müasir standartlara cavab verən, quruldayanda sağa-sola naz satan, ətli-canlı, xüsusi şəraitdə bəslənmiş qurbağalardan danışırıq. Əcnəbilər dadıb, görək, özümüzünkülər necə, hələ nuş eləməyiblər ki?

Xalq artisti Səməd Səmədov qurbağa ətini yemədiyini, amma qurbağa əti yeyənləri dəstəklədiyini bildirib:

“Dünyanın ən uzunömürlü insanları yaponlar və çinlilərdir. Çünki qurbağa əti yeyirlər. Bizdə isə kişilərin orta ömür yaşı 50-60, qadınlarda 60-80-dir. Çünki qurbağa əti yemirik. Biz qoyunları bəsləyib, yediyimiz kimi, xaricdə də tısbağanı, ilanı, qurbağanı xüsusi şəraitdə bəsləyib, kökəldib, yeyirlər. Mən özüm ilanbalığını iştahla yeyirəm, kababı da dadlıdır, basdırması da. Amma 20 il bundan əvvəl ilanbalığının adını eşidəndə “fu-fu” eləyirdim”.

Aktrisa Çimnaz Sultanova qurbağadan hazırlanan yeməklərin dadlı olduğunu deyir:

“Almaniyada xüsusi yerlərdə qurbağalar bəslənir və onlardan hazırlanan delikoteslər ən dadlı yeməklər sayılır. Biz qoyunu bəsləyib, kökəldib, kəsdiyimiz kimi, onlar da qurbağaları bəsləyib bişirirlər. Onlarda bizim bataqlıqda quruldayan qurbağaların əti yeyilmir e, yaraşıqlı qurbağalar yeyilir. Kərtənkələdən elə yeməklər hazırlayırlar ki, yesən dadı damağında qalar”.

Əməkdar artist Elza Seyidcahan elə iştahla danışdı ki, ağzım sulandı:

“Biz Urumçi vilayətində olanda orada restoranlarda nəinki qurbağa, menyuda ilandan tutmuş, tısbağaya kimi hər qida təklif olunurdu. O qidaları elə gözəl ədviyyatlarla bişirib ortaya çıxarırdılar ki, elə bilirdin şah xörəyidir. Hətta xüsusi qablaşdırılmış qurbağalar da satılırdı. Kim istəsə, diri qurbağa da alıb, evdə bişirə bilərdi. Deyilənə görə, qurbağanın əti toyuğun ağ əti ilə eyni dad verir. Yaxşı bir misal var: “Heç vaxt, heç vaxt demə”. Bilmək olmaz, bəlkə nə vaxtsa, hansısa şəraitdə mən də qurbağa yedim, indidən proqnoz verə bilmərəm”.

Müğənni Elmira Ələkbərzadə yapon və Çin mətbəxinə vurğun olduğunu deyib:

“Yapon və Çin mətbəxinə məxsus olan qurbağa ətini çox sevirəm və yeyirəm. Çox dadlıdır”.

Tanınmış aparıcı, şoumen Murad Arif deyir ki, Azərbaycanda yox, Parisdə məmnuniyyətlə, qurbağa əti yeyərəm:

“Azərbaycanda adətən milli yeməklərə üstünlük verirəm. Amma Avropa ölkələrində olanda müxtəlif təamları dadmağı sevirəm. Bizdə qurbağa ətindən yeməklər hazırlamaq ənənəsi yoxdur. Mən heç Bakıda “Suşi” də yeməyi xoşlamıram. Odur ki, Azərbaycanda yox, amma Parisdə qurbağa ətindən hazırlanan delikatesləri yeyərəm”.

Müğənni Əli Mirəliyev qurbağa əti yeməsə də, yeyənlərin çox olduğunu söylədi:

“Kim yeyirsə, gedin onlardan soruşun, mən hardan bilim qurbağanın dadı necə olur? Onsuz da yağışdan küçələrdə gölməçələr yaranıb, yəqin bir azdan qurbağalar da görünəcək”.

Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru Nicat Kazımovun cavabı qısa və konkret oldu:

“Mən nə balıq, nə xərçəng, nə də toyuq yemirəm. O ki ola qurbağa”.

Cəvahir


Tags:  Qurbağa əti yeyən azərbaycanlı məşhurlar

RƏYLƏR


Top news