Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə keçirilib

Date: 18 October 2016 14:17

Bakı. 18 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) bu ilin yanvar-sentyabr aylarında görülən işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Komitənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, müşavirədə çıxış edən Komitə sədri Kərəm Həsənov bildirib ki, bu müddət ərzində həyata keçirilən islahatların tərkib hissəsi dövlət əmlakının özəlləşdirilməsi prosesi xüsusi əhəmiyyət kəsb edib.
Onun sözlərinə görə, özəlləşdirmə prosesində şəffaflığın, optimallığın və müasirliyin təmin olunması Komitə tərəfindən cari ilin iyul ayında “Özəlləşdirmə portalı” yaradılıb və istifadəyə verilib: “Qısa müddətdir fəaliyyət göstərən portaldan istifadə edənlərin sayı artıq 150 mini ötüb. Bununla belə, Komitə bu il açıq hərraclara start verib. Artıq 4 belə hərrac keçirilib və bu hərraclarda 111 ədəd dövlət əmlakı özəlləşdirilib. Ümumilikdə isə ilin əvvəlindən bugünədək 230-a yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər, 140-dan çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib". 
"Daşınmaz əmlakın kadastrı və torpaq idarəçilinin inkişafına dair Dövlət Proqramına (2016-2020-ci illər) əsasən, 2020-ci ilə kimi daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması, torpaqlardan istifadə və mühafizəsinin səmərəliliyinin artırılması, torpaqla bağlı vahid məlumat bazasının yaradılması işi tamamlanacaq. Azərbaycanda torpaq fondunun dəqiq uçotunun aparılması, torpaqlardan səmərəli istifadə olunması, torpaqların zəbt olunması hallarına yol verilməməsi, istifadəsiz torpaqların iqtisadi dövriyyəyə qaytarılması işlərinin bu il ölkə üzrə 12 rayonda başa çatdırılması nəzərdə tutulur. 2020-ci ilə kimi ölkənin 3,2 mln. ha ərazisində dəqiq torpaq uçotu işləri aparılacaq", - deyə K.Həsənov qeyd edib.
Komitə sədri əlavə edib ki, ölkədə iri təsərrüfatların (taxılçılıq, toxumçuluq və heyvandarlıq) yaradılması məqsədilə Komitə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 148,8 min ha torpaq sahələrini seçərək xəritələşdirib: "Komitə tərəfindən ölkənin 8 rayonu üzrə icarədə olan lakin istifadəsiz saxlanan 18 min ha torpaq sahəsinin icarə müqaviləsinə xitam verib və dövlət mülkiyyətinə geri qaytarılıb. Bu ilin müvafiq dövründə “Kütləvi çıxarış” kampaniyaları paytaxtın 7 rayonunda, respublikanın isə 13 şəhər və rayonunda keçirilib. Ötən dövrdə 126 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 36 mini ilkin, 90 mini isə təkrar qeydiyyata aid olub”.
Müşavirədə ƏMDK ilə Dövlət İdarəçilik Akademiyası arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, “dəyirmi masa”, seminarların və müzakirələrin keçirilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Tədbirin sonunda Komitə sədri qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını verib.

Tags:  Əmlak Məsələləri Dövlət Komitəsində müşavirə keçirilib

RƏYLƏR


Top news