Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

25 il: Kiçik zamanda böyük uğurlar qazanan AZƏRBAYCAN

25 il: Kiçik zamanda böyük uğurlar qazanan AZƏRBAYCAN

Date: 18 October 2016 14:32

25 il bundan əvvəl - 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Bununla da, Azərbaycan ötən əsrdə ikinci dəfə müstəqilliyinə qovuşdu.

Bu dövr çox keşməkeşli oldu. İqtisadiyyatı yox səviyyəsində olan, hakimiyyəti səriştəsiz siyasət yürüdən gənc respublika. Sonra daha da səriştəsiz AXC-Müsavat hökuməti. Dağlıq Qarabağ münaqişəsi, vahid komandanlığın olmadığı Milli Ordu və s. və i.a...

Əslində, 25 il dövlətçilik tarixi baxımından elə də böyük zaman deyil. Lakin Azərbaycan bu kiçik zamanda böyük nailiyyətlər əldə etdi.

Ötən gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda prezident İlham Əliyev bu illər ərzində Azərbaycanın bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdığını bildirdi:

"Bizim beynəlxalq əlaqələrimiz genişləndi. Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var... İyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur".

Müstəqil Azərbaycan bu illər ərzində bir çox problemlərin öhdəsindən gəldi. İlk görülən işlərdən biri də müstəqilliyimizə təhdidlərin qarşısını almaq, ərazi bütövlüyümüzün qorunması və bərpa edilməsi məqsədilə Milli Ordunun gücləndirilməsi, müasir texnika ilə təminatı oldu. Azərbaycan qısa müddətdə bu işin öhdəsindən layiqincə gəldi. Bu gün Azərbaycan öz Ordusunu bütün zəruri texnika ilə təmin edir, yerli müdafiə sənayesi durmadan inkişaf edir, hətta öz məhsullarını xarici ölkələrə ixrac edir.

Aprel döyüşləri də ordumuzun gücünü göstərdi. Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini erməni işğalçılarından azad etdi. Dövlət başçısının da qeyd etdiyi kimi, bu bizim gücümüzü göstərir:

"Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik. Sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin".

Azərbaycan bölgədə ən güclü iqtisadiyyata malik ölkələrdən biridir. İlk illərdə, əsasən, neft-qaz sektoru hesabına inkişaf edən bu sahədə son illər qeyri-neft sektorunun payı xeyli artıb. Bu gün kənd təsərrüfatı sahəsində canlanma müşahidə olunur. Demək olar ki, bu sektorun bütün istiqamətlərinə dövlət dəstəyi artırılıb.

Bundan başqa, əsasən neft-qaz ölkəsi olan Azərbaycan Transanadolu kimi iri layihələrin həyata keçirilməsində birbaşa iştirak etməklə, "Cənub Qaz Dəhlizi" və "Şahdəniz-2" layihələri ilə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir.

Ölkə, həmçinin regionun nəqliyyat qovşağına çevrilib. Azərbaycan ərazisi ilə beynəlxalq yükdaşımaların həcmi mütəmadi artır. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə ölkə bu sahədəki mövqeyini daha da gücləndirəcək.

Azərbaycan texnoloji inkişaf yolunu tutub. Bu gün Azərbaycan peykə malik azsaylı ölkələrdən biridir. İki peyki olan ölkənin yaxın zamanlarda üçüncü peyki də istifadəyə veriləcək.

Bütün bunlar ölkə iqtisadiyyatının gələcəkdə daha dayanıqlı olacağına, hər cür risklərdən və böhrandan zərərsiz, minimum itkilərlə çıxacağına zəmanət verir.

Bu gün Azərbaycan bir çox beynəlxalq tədbirlərin, yarışların keçirildiyi məkana çevrilib. "Eurovision" beynəlxalq mahnı müsabiqəsi, Bakı-2015 Avropa Oyunları, "Formula-1" yarışı, Ümumdünya Şahmat Olimpiadası, eləcə də qarşıda İslam Həmrəyliyi Oyunlarını, Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcəyini və digər irimiqyaslı tədbirləri buna misal çəkmək olar. Bu, bütün dünyanın Azərbaycanı qəbul etdiyini, onun inkişafını təsdiq etdiyini göstərir.

Azərbaycan bu gün dünyada sayılıb-seçilən, söz sahibi olan ölkələrdən biridir, çox etibarlı tərəfdaş kimi tanınır. Bunu dünyanın bir sıra lider ölkələrinin rəsmiləri də bəyan edirlər.

Heç təsadüfi deyil ki, ölkə bir neçə il bundan əvvəl BMT kimi nüfuzlu qurumun Təhlükəsizlik Şurasına üzv seçildi. Dövlət başçısı çıxışında bu hadisəyə də toxundu:

"Bu hadisə təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində. Bəzi qüvvələr bizə qarşı birləşmişdi və imkan vermək istəmirdilər ki, Azərbaycan seçilsin. Yəni, biz o yerə böyük çətinliklə sahib olduq. Bu da daha bir göstəricidir. Yəni, dünya birliyi deyəndə biz bütün ölkələri nəzərdə tuturuq. Dünya birliyi bu gün bizi dəstəkləyir".

Müasir Azərbaycan uğurlu xarici və daxili siyasət yürüdür. Dünyada münaqişələrin artdığı bir vaxtda Azərbaycanda sabitlik hökm sürür. Bu, müstəqli Azərbaycanın ən böyük nailiyyətidir. Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir!

Azərbaycan prezidenti İlham Əliyev rəsmi qəbulda bildirdi:

"Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Bu yaxınlarda - ötən ay keçirilmiş referendumda Azərbaycan xalqı bizim siyasətimizə öz dəstəyini bir daha ifadə etdi. Referendumun nəticələrinin əsas mahiyyəti bundan ibarətdir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Ötən 25 ilin 23 ili şanlı tarix illəridir. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır".

Bəxtiyar Hacıyev 

Trend


Tags:  il Kiçik zamanda böyük uğurlar qazanan AZƏRBAYCAN

RƏYLƏR


Top news