Özünü dünyanın xoşbəxti hesab edir. Deyir ki, gəncliyində fəallığı, bitib-tükənməz enerjisi onu bu gün istədiyi yerə gətirib. Düşünür ki, uşaqlığından hansısa qüvvə vasitəsilə önə doğru itələnib və daim oxuyub-öyrənməyə sövq edilib. Yatmaq, istirahət, oyun oynamaq ona uzaqdır. Ona görə uğura gedən yol zəhmət, əziyyət, yuxusuz gecələr tələb edir. Həyatda tək məqsədi olub: hər sahəni mükəmməl bilmək və daim öndə olmaq...
Bu dəfə jurnalistlərin dostu, cəmiyyət üçün maraqlı persona, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun gəncliyinə səyahət etdik...
"Çalışırdım hər yerdə birinci olum”
55 yaşlı müsahibimiz Naxçıvanın Ordubad şəhərində anadan olub. Uşaqlığını, gəncliyini yada salanda kövrəlir. Deyir ki, zəhməti sevdiyi üçün maraqlı gənclik həyatı keçirib: "Söhbət keçmişimdən düşəndə kövrəlirəm. Həddindən artıq dəcəl, enerjili, zarafatcıl uşaq idim. Anamın dediyinə görə, mən bir yerdə durmağı bacarmırdım. Amma şuluq olmağımla yanaşı, yaxşı oxuyurdum və məktəbdə də yaxşı təşkilatçı idim. Uşaqlığım pioner düşərgəsində keçib. Hər il yay tətilini düşərgədə keçirirdim”.
Balaca Vaqif anasının himayəsində böyüyüb. Bir bacı, bir qardaş
olublar. Deyir ki, uğurlarının ən böyük səbəbkarı enerjisini lazımi
yerlərə sərf etməsinə istiqamət verən anası olub: "Anamla demək
olar, dost olmuşam. O mənim vaxtımı elə bölüşdürürdü ki, dəcəllik
etməyə vaxt tapmırdım. Anam mənə hər şərait yaratmışdı. Hansı
sahədə istəmişəm, o sahədə mənə dəstək olub. Zarafatcıl olsam da,
məqsədi olan uşaq idim. Bəzi məsələlərə çox ciddi yanaşırdım.
Məsələn, çalışırdım ki, hər yerdə birinci olum. Orta məktəbdə
dərslərimi yaxşı oxuyurdum. Amma eyni zamanda, idmana da həvəsim
var idi. Məsələn, tenis yarışlarında birincilik qazanmışam.
Voleybol yarışlarında komandamız birinci olub. Basketbol
yarışlarında, şahmat oyunlarında da bir qədər fərqlənmişəm.
Məktəblərarası olimpiadalarda iştirak edib, birincilik qazanmışam.
8-ci sinfə qədər belə idim. Həmişə fikirləşirdim ki, məni hansısa
qüvvə önə doğru itələyir. Yerimdə dayana bilmirdim. Həddindən artıq
enerjim var idi. Demək olar, yatmaq, istirahət bilməzdim. Gitara,
qarmonum var idi. Onlarda da musiqi ifa edirdim. Təxminən 2 il
ayrıca müəllim yanına gedib musiqini öyrəndim”.
"Öz cehizlərimi özüm düzəltmişəm”
Tenis, voleybol, basketbol, şahmat, musiqi ilə yanaşı,
həmsöhbətimizin rəssamlıq qabiliyyəti də olub. Çertyoj sahəsində
demək olar ki, professionaldır: "Musiqi kursundan çıxıb rəssamlığa
gedirdim. Rəssamlığın sirlərini mənə həmin dövrdə Naxçıvanda
Rəssamlar İttifaqında işləyən məşhur rəssam Şəmil Mustafayev
öyrətmişdi. Eyni zamanda, çertyoj sahəsində, demək olar ki, bu
sahədə işləyənlərlə eyni bilik və bacarığa sahibəm. Memarlığın
sirlərini isə mənə hazırda Fövqəladə Hallar Nazirliyində tikinti
idarəsində rəis müavini işləyən Elxan Əsədov öyrətmişdi. Mən
uşaqlığımda bir dəqiqə belə boş qalmadan həm dərslərimi yaxşı
oxuyur, həm musiqi ilə məşğul olur, həm rəssamlığa gedir, həm də
memarlığı öyrənirdim. Çertyoj sənətini bildikdə, dülgərliyə marağım
oldu və evimdə olan mebelləri özüm yığdım. Öz cehizlərimi özüm
düzəltmişəm. Mən uşaqlığıma görə Allahıma şükr edirəm. Çünki bu gün
əldə etdiyim az-çox nailiyyətlərim varsa, onları uşaqlıq illərində
qazandığım təcrübəyə borculayam”.
Vaqif Əsədovun "Qütb ulduzu”
Cəmiyyətdə polis polkovniki kimi tanınan Vaqif Əsədovun yuxarıda
da qeyd etdiyimiz kimi, rəssamlıq, çertyoj sahəsində uğurları olub.
O, Ordubad rayonu 3 nömrəli məktəbin divarına coğrafiya müəlliminin
istəyi ilə Azərbaycanın xəritəsini çəkib: "7-ci sinifdə oxuyurdum.
20 metr eni olan, 3 mərtəbəli məktəbin divarına Azərbaycanın
xəritəsini çəkdim və adını "Qütb ulduzu” qoydum. Məktəb keçən il
söküldü. Keçən ilə qədər o xəritə o divarda qalırdı. Mən söküntünü
görəndə gözlərim yaşardı”.
Rəssamlıqdan polisliyə...
Həmsöhbətimiz hətta bir müddət rəssam kimi çalışıb. Amma tale elə gətirib ki, o, bu sənətinin ardınca gedə bilməyib: "Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasına daxil olmaq istədim. Amma o dövrdə böyüklərimizin arzusu, istəyi önəmli idi. İndi gənclər öz bildiyini edə bilir. Amma bizim dövr elə deyildi. O dövrdə valideyn sözü əsas tutulurdu. Anam dedi ki, sən rəssamlığı yox, memarlığı oxu. Anamın istəyi ilə memarlıq fakültəsinə daxil oldum, amma heç bir ay keçmədi, fikrimi dəyişdim. Təsəvvür edin ki, imtahanda əl işlərimə baxmışdılar, qabiliyyətdən dərhal keçdim. Amma bu sənətin ardınca gedə bilmədim. Bir günün içində fikrim dəyişdi. Sonralar Yasamal rayon Ağsaqqallar Şurasının sədri olmuş Həsən Nəsirov uzun müddət Ordubad rayon Kommunist Partiyasının birinci katibi olub. Təsadüfən onunla bircə görüşüm oldu. O məni tanıyırdı, rəssamlığa, musiqiyə, memarlığa həvəsimin olduğunu bilirdi. Məni Vahan kimi çağırırdı. Görüşdük, məni evinə apardı. Bir gecənin içində mənə dedi ki, Vahan, bu cür qabiliyyətlə sən onsuz da rəssamlıq sənətinə və başqa sahələrə yiyələnmisən. Mən hesab edirəm ki, sən gələcəkdə yaxşı polis əməkdaşı kimi çalışıb, yol polisi olacaqsan. Ani olaraq fikrimi dəyişdi. Anamla zəngləşdim və qərarımı dedim. Heç əlimə tələbə biletini almamış, sənətimi dəyişdim. O dövrdə Çingiz İldırım adına Politexnik İnstitutunun qiyabi şöbəsinə qəbul başladı, sənədlərimi ora verdim və avtomobil nəqliyyatı fakültəsinə qəbul oldum”.
Bakıya gəldikdən sonra yeni mühit, fərqli insanlar
həmsöhbətimizi təəccübləndirib: "Problemlərim də elə burada
başladı. Təsəvvür edin, Ordubadda yaşayanda Naxçıvanın kəndləri ilə
müqayisədə özümüzü şəhər tərbiyəsi almış biri kimi təsəvvür
edirdik. Bir pillə daha yüksək hiss edirdik. Ancaq Bakıya gəldikdə
gördüm ki, Ordubadla Bakı arasında fərq çoxdur. Məsələn, Bakı
ləhcəsi ilə danışan insanlara həsrətlə baxıb onlar kimi danışmaq
istəyirdim, amma alınmırdı. Bakı camaatının spesifik gözəlliyi,
xüsusi danışıqları var. Onların danışığı, ləhcəsi, hərəkəti
insanlarda daxili müsbət enerji yaradırdı. Şəhərə alışdım. Amma iş
tapmaq məsələsi gündəmə gəldi. Rayon başqa, şəhər başqa idi...
Özüm-özümü saxlamaq məcburiyyətində idim. O dövrdə "Leytenant Şmit”
adına Maşınqayırma Zavodunda iş tapdım. Zavodda yaxşı maaş alırdım.
İlk 3 ay usta köməkçisi oldum. Sonra sərbəst işləməyə başladım.
Neft sahəsi ilə bağlı detallar düzəldib verirdik. Maaşım orta
hesabla 200-300 manat olurdu. Artıq evə də pul göndərirdim”.
"Əsgərlikdə it əti yedim”
"Amma bu sevincim uzun sürmədi. Hərbi xidmətə çağırış vərəqəsi gəldi. Hesab edirdim ki, ömrümün ən gözəl günlərini əsgərliyə gedənə qədər yaşadım. Hərbi xidmətdə Leninqrada, tikinti batalyonuna düşdüm. Hərbi xidmət bir az darıxdırıcı idi. Hərbi hissənin rəssamlıq işlərini görürdüm. Bir gün laboratoriyada çalışarkən təsadüfən 5-6 yaşlı göyçək qız yanımdan keçdi. Uşağın şəklini çəkdim. Sən demə, bu, hərbi hissə komandirinin qızı imiş. Şəkli götürüb atasını çağıra-çağıra getdi. Komandir məni çağırdı ki, sən rəssamsan? Yenə də rəssam olmağım məni ürəkləndirdi. Komandir dedi, mən sənə necə şərait yaradım? Dedim ki, polis olmaq üçün oxuyur, ali təhsil alıram, mənə şans yaradın, serjant məktəbinə gedim. Məni təyinatla Moskvaya göndərdilər. O dövrdə 6 aylıq serjant məktəbi keçdim. Mənə serjant rütbəsi verib Kareliyaya göndərdilər. Artıq əsgərlikdə ən məsuliyyətli dövrüm idi. Burada rəssamlıq keçmir. Orada artıq komandirəm və biz böyük bir tikintidə işləyirdik”.
Əsgərlikdən söz düşmüşkən, müsahibimiz heç vaxt unutmadığı
xatirəsini bizimlə bölüşdü: "Hərbi xidmət zamanı tabeliyimdə olan
əsgərlərdən istixanada işləyənlər var idi. Mən komandir idim. Həmin
vaxt istixanaya baxış keçirərkən ərazidən bişmiş ət iyi gəldi.
Əsgərlərdən bunun nə olduğunu soruşdum. Onlar mənə dovşan
bişirdiklərini dedilər və bişirdikləri ətdən mənə verdilər. Yeməyin
dadı çox xoşuma gəldi. Yeyəndən sonra əsgərlər mənə dedi ki,
komandir, hirslənməyin, amma yediyiniz it əti idi. Demək, bunlar
iti vurub, sonra dərisini soyub, istixanadakı sobalarda şişə taxıb
bişiriblər. Onlar hətta mənə itin dərisini də göstərdilər. İt əti
yediyimə görə çox pis oldum. Amma doğrudan da dadlı ət idi”.
Yetim uşağın bəxti açıldı
Əsgərlikdən sonra köhnə işinə qayıdan həmsöhbətimiz, sonra Bakı
Dövlət Universitetində rəssam kimi işləməyə başlayır: "Köhnə
zavoduma qayıtdım. Təsadüfən bir elanla qarşılaşdım. Müsabiqədə
deyilirdi ki, rəssamlığı bacaran institut tələbələri öz işini
çəkib, müsabiqədə iştirak etsin. İştirak etdim və birinci yeri
tutdum. Rektor məni universitetə dəvət etdi və dedi ki, bizdə
rəssam işləyərsənmi? Təsəvvür edin, yenə də yetim bir uşağın
birdən-birə bəxti açılır. Azərbaycan Dövlət Universiteti mənim üçün
əlçatmaz zirvə idi. Tərəddüd etmədən qəbul etdim və işləməyə
başladım. Universitetdə fəaliyyət göstərəndə həm kitablara
illüstrasiyalar çəkir, həm də məzar daşlarının üz qabığına şəkillər
döyürdüm”.
Başı rəssamlığa qarışan müsahibimiz kəsirləri olduğu üçün
universitetdən qovulmaq təhlükəsi ilə üzləşib: "Dərslərimi boş
buraxdığımdan artıq iki kəsrim var idi, universitetdən qovulmaq
təhlükəsi ilə üz üzə qalmışdım. O vaxtkı təhsil naziri Qurban
Əliyevin şəklini qəzetlərdən götürdüm, onu yağlı boya ilə işlədim,
qoltuğuma vurub, üz tutdum nazirliyə... O vaxt qəbula düşmək çətin
idi. Polisə şəkili göstərdim və dedim ki, üç gün gecə-gündüz
yatmadan şəkli çəkmişəm. Məni birabaşa nazirin qəbuluna saldılar.
Şəkli göstərdim, söhbət etdim və Qurban müəllim mənə kursdan-kursa
keçməyə kömək etdi”.
İndi gənc olmağa nə var ki...
O dövrün gəncliyi ilə müasir dövrün gəncliyini müqayisə edən
müsahibimiz deyir ki, indi gənc olmağa nə var: "O dövrü indiylə
müqayisə edəndə görürəm ki, İlahi, nə qədər fərq var imiş. İndi
gənc olmağa nə var ki... Oturduğun yerdən kompyuterlə Amerika ilə
danışırsan. Mən Ordubada zəng vurub anamın, bacımın səsini eşitmək
üçün saatlarla növbədə dayanırdım. Əlimizdə hazır 15 qəpik olurdu,
atıb danışırdım. Amma o dövrdə biz tələbə bileti ilə yarı qiymətinə
ölkələri gəzə bilirdik. Bu gün yaradılan şəraitdə, bu boyda
texnikayla gənclərin tənbəlliyi məni narahat edir. Gənclərin
əksəriyyəti tənbəldir. İndiki şərait o dövrdə məndə olsaydı,
xarüqələr yaradardım. Bizim üçün yaşamaq, gəzmək, daim axtarışda
olmaq qarşımızda duran məqsəd idi. Deməzdim, gəncliyimdə əziyyət
çəkmişəm. Zövq alaraq yaşamışam. Allahın mənə verdiyi şanslardan
məharətlə istifadə etmişəm. Həyatda hamıya şans verilir. Hər kəs bu
şansları düzgün dəyərləndirməli və qarşısına məqsəd qoymalıdır.
Gənclər bilməlidir ki, insanları biliyin, bacarığınla
təəccübləndirməlisən”. (kaspi.az)