İşıq gələn tərəfə gedək, yoxsa səs gələn tərəfə?

İşıq gələn tərəfə gedək, yoxsa səs gələn tərəfə?
18:05 18 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Postsovet məkanının əksər ölkələrindən fərqli olaraq Azərbaycan geosiyasi seçim qarşısında, diplomatik yolayrıcında deyil. Rəsmi Bakı müstəqil xarici siyasətini illər əvvəl bəyan edib və həmin siyasətə də riayət edir. Sabiq Sovetlər Birliyi respublikaları arasında yeganə dövlətik ki, MDB-də təmsil olunsaq da, bu birliyin çoxsaylı törəmə strukturlarına qatılaraq iqtisadi və ya siyasi suverenliyin hansısa hissəsini efemer dəstəyə qurban verməmişik.

Eyni zamanda, postsovet məkanında yeganə dövlətik ki, Avropa İttifaqı ilə münasibətləri "zəruri qərar" kimi qələmə verilən inteqrasiya - daha doğrusu, müstəqilliyin əksər hissəsinin Brüsselin maraqlarına qurban verilib əvəzində "sizi nə zamansa Avropa İttifaqına üzv qəbul edə bilərik, amma bunun dəqiq tarixini bilmirik" tipli vədlər əvəzinə bərabərhüquqlu əməkdaşlıq variantını seçmişik.

Bu əməkdaşlığın tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və ya tam tərsinə, Bakı-Brüssel təmaslarının soyuqlaşmağı bizdən yox, Azərbaycan qarşısında sürəkli tələblər qoyan və həmin şərtlərin biri yerinə yetirilən təki presedent prinsipindən istifad edərək ultimatumların sayını artıran Avropa İttifaqından asılıdır.

Avropa İttifaqı, Rusiya, İran, ABŞ ilə müqayisədə kiçik dövlət olan Azərbaycandan seçim tələb olunur, bundan sonrakı yönlənmə və istiqamət bəlirləmə variantının səslənməsi istənilir.

"Azərbaycan indi kiminlə, kimin yanında olmalıdır?" sualı çoxdan bəri ritorikliyini itirib.

Ölkəmiz indi virtual, amma nəhəng realiti-şouya cəlb olunmuş üzv qismindədiri sanki: dövlətlərin və millətlərin talelərinin həll olunduğu, sərhədlərin pozulub yenidən cızıldığı, dünənədək terrorçu sayılanların bu gün "strateji müttəfiq" elan olunduğu, müttəfiqlərini terrorçuların maraqlarına qurban verməyə hazır olaraq bunu "Realpolitik" adlandıran dövlətlərin qaydaları müəyyənləşdirdiyi müstəvidəki onlarla, yüzlərlə dövlətdən biridir.

Amma həmin dövlətlər təki deyil, olmayıb və belə davam edərsə, çətin ki, olsun.

... Dövlət və millət üçün ən önəmli məsələlərdən biri hansı cəmiyyətin formalaşdırılması ilə bağlı suala cavab tapılmasıdır.

Bəs Azərbaycanda hansı cəmiyyəti formalaşdırırıq və ya bu cəmiyyət necə formalaşır? Dövlətin yürütdüyü siyasət bizə yaxın illərdə nə vəd edir? Daxildəki vəziyyətlə yanaşı, xaricdən ölkəmizə ünvanlanan çağırışlara qarşı insanlarımızın sosial immunitetləri hansı səviyyədədir? Özümüzü, azadlığımızı və dövləti qorumaqla bahəm, inkişaf etdirmək üçün nə etməliyik?

Suallar çoxdur və onları cavablamağa çalışmasaq, bu barədə düşünməsək, bizi postsovet məkanı ilə yanaşı, yaxın-uzaq qonşuluğumuzda olan, ani "gəlir"lər naminə gələcəyini itirən ölkələrin taleyi ilə təhdid etməyə başlayacaqlar.

Çarə var. Yetər ki, siyasi və ictimai fikir aşınmaya uğramasın, çox böyük nihilistlər yığnağına çevrilməyək.

Avropa İttifaqına, Qərbə aparan yolla ölkəni irəli "dartmaq" istəyənlər ötən əsrin əvvəllərində Rusiyada "raznoçinçilər", Türkiyədəki "Gön türklər" hərəkatlarının mənsublarının davranışlarını və çağırışlarını təkrarlayırlar. Özləri də bilmədən, sövqi-təbii olaraq.

Azərbaycanda yeni "Midhət Konstitusiyası"nı arzulayanlar nədənsə tarixin verdiyi dərslərdən agah olmaq istəmir, zahiri inad və qətiyyətlə vurğulayırlar ki, ölkənin yeganə çıxış yolu Avropa İttifaqına inteqrasiya, ABŞ-ın "məsləhət"lərinin yerinə yetirilməsi, qonşu dövlətlərlə əlaqələrin Vaşinqton və Brüsselin maraqlarına uyğun qurulmasıdır.

Bir anlıq fərz edək ki, bu marazmatik çıxışlar edənlər, simalarına saxta təbəssüm verib millətə uçurum vəd etdiklərini pərdələməyə çalışanlar haqlıdır və biz də ikiəlli yapışmalıyıq Avropa İttifaqından.

Xəyallarımızda daha irəli gedək və düşünək ki, o "mübarək" gün gəlib çatıb, Avropa İttifaqına qatılmışıq, bu quruma üzv olmuşuq.

Azərbaycanda dərhal, sürətli inkişaf, genişmiqyaslı tərəqqi başlayacaq?

Əsla.

Xam xəyallarını reallıq kimi cəmiyyətə satan yalançı müxalifətçilər və siyasi ideyalar baxımından qısır "Məhsul" qəhrəmanlarının dediklərini bir kənara qoyaq, Şərqi Avropa ölkələri arasında Avropa İttifaqına üzv olmuş dövlətlərin vəziyyətinə baxaq.

Rumıniya, Bolqarıstan, Sloveniya iqtisadiyyatlarında "atılım" tipli dirçəliş yoxdur, korrupsiyanın letal həddi dəyişməyib, əhalinin rifah səviyyəsində irələləyiş qeydə alınmayıb - siyahını yetərincə uzatmaq olar.

Azərbaycanı ciddi-cəhdlə "Avropa İttifaqına assosiativ üzvlük" məcrasına sövq edənlərə gəldikdə isə: bu insanların bir parası sifarişlə çalışıb öz maraqlarını güdənlər, bir parası da sadəlövh insanlardır. Nədən ki, assosiativ üzvlük faktiki olaraq bizə, yəni Azərbaycana öhdəliklər, icrası uca səslə tələb olunan saysız şərtlərdən savayı heç nə verməyəcək.

"Avropa İttifaqına assosiativ üzv" olan dövlətlərin, sadəcə, Avropa ölkələri olduğunu düşünənlər də yanılır.

Belə ki, Cənubi Afrika Respublikası 2000-ci ildən, Tunis - 1998-dən, Meksika - 2000-dən, Livan - 2006-dan, Kanada - 2013-dən, Əlcəzair 2005-ci ildən bəri Avropa İttifaqının assoiativ üzvləridir.

Sadalanan dövlətlərin nə zamansa Aİ üzvlüyünə qəbul olunması çox müşkül, bəlkə də mümkünsüz və irreal məsələdir. Fəqət, buna rəğmən Avropa İttifaqı geosiyasi genişlənmə strategiyasına uyğun olaraq maraqlarını Afrika, Şimali və Mərkəzi Amerikalarda da təmin etməyə çalışır.

Günlərin birində Vyetnam və ya İndoneziyanın da "assosiativ üzv" statusu aldıqlarını eşitsək, təəccüblənməməliyik: Avropa İttifaqı qlobal siyasətdə itirdiyi mövqeləri bərpa etməyə, ABŞ-ın pressinqinə, Rusiyanın hədələrinə, Çinin boğazı sıxan əllərinə müqavimət göstərmək üçün ən müxtəlif vasitələrə əl atır ki, "assosiasiya" adı ilə onillər sürən və ya sürəcək müzakirələr də bunun bir hissəsidir.

Bütün bunları bilməmək siyasi sadəlövhlükdür və "Azərbaycanın yolu Avropa İttifaqınadır!" hayqıranlar, həmin "yolu" AXCP, Müsavat və Milli Şura bələdçiliyi ilə qət etmək istəyənlər yanılır.

Fəqət bilənlər və bu səbəbdən də bilərəkdən boş vədlər verib yalanları sıralayanlar daha təhlükəlidir. Belə komprador xislətli insanlar üçün ölkənin mənafeyi, vətəndaşların maraqları bir heçdir: onları maraqlandıran yalnız aldıqları tapşırıqları vaxtında yerinə yetirməkdir.

Bəhs etdiyimiz əməlin ilkin forması başlarına qarın dərisi keçiriləndən sonra manqurtlara dönən insanların şüursuzluğu, təkmili halı isə xəyanətdir.

Azərbaycan MDB üzvüdür və bunu da postsovet məkanı ölkələri arasında sözügedən quruma qoşulmuş dövlətlərlə qarşılıqlı münasibətlərin bir formatı sayır.

Nə az, nə də çox: rəsmi Bakı yeni yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) və ya Gömrük İttifaqına (Gİ), yaxud da MDB ölkələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmağa can atmır.

Çünki hazırda AİB üzvü olan ölkələrlə Bakı arasında siyasi, iqtisadi, maliyyə, texniki və s. sahələrdə əlaqələr intensiv inikşaf edir. Təbii ki, Azərbaycana qarşı düşmən mövqe tutan, ərazilərimizin bir qismini hələlik işğalda saxlayan Ermənistan bəhs etdiyimiz əlaqələr müstəvisində istisnadır.

Bundan başqa, Azərbaycanın MDB çərçivəsindəki AİB, KTMT və Gİ təki təşkilatlara qoşulması üçün Bakının motivasiyası olmalıdır. Belə motivasiya siyasi, sosial, mənəvi, hərbi, texniki, iqtisadi, maliyyə və s. formatda ola bilər. Di gəl, həmin təşkilatlar indiyədək Bakıya real təkliflər ünvanlamadıqlarından Azərbaycan əməkdaşlığı indiki səviyyədə saxlayıb və ən mühümü - ölkəmiz indiki durumunda, mövcud statusunda çatışmazlıq hiss etmir.

MDB çərçivəsindəki təşkilatlara qatılmaq, yaxud da qatılmamaqla bağlı birmənalı şəkildə indidən qərar vermək emosiyalara əsaslanan açıqlama olardı. Bu səbəbdən də Azərbaycan situasiyanı müşahidə edir, yaşanan təmayülləri nəzərdən keçirir, vəziyyəti dəyərləndirir.

Şübhəsiz ki, bəhs olunan təşkilatlar hazırkı müstəvidə irəliləyərək Azərbaycan üçün cazibədar tərəfdaşlıq formatı təklif etsələr, Bakını cəlb edəcək əməkdaşlıq variantlarını səsləndirsələr və belə təmaslar bərabərhüquqlu tərəfdaşlıq konturlarında olarsa, müzakirələr aparıla bilər.

Niyə də yox?!

Amma hələlik bütün bunların nəzərdən keçirilməsi belə vaxtından əvvəl səslənən ehtimallar təsiri bağışlayır.

MDB strukturları daha çox bəynatlarla, deklarativ fəaliyyətlə məşğuldur və real güc, proseslərə təsir imkanları baxımından açıqlamalarla gerçəklik arasında xeyli fərq var.

Azərbaycan üçün o qurumlar "səs gələn tərəf"dir: səs-küy yox, real iş az.

Ona görə də səs gələn və ya işıq gələn tərəfi yox, tərəflərin hamısı ilə əməkdaşlıq formatı daha əlverişlidir.

Azərbaycan xarici siyasətində həmişə qarşılıqlı sayğı, maraqların təminatı və suverenliyin ön plana çəkilməsinə tərəfdar ölkədir.

Bu prinsiplər bizim üçün maraqlı olan yeganə tərəfdir.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/480799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR